Bu gün dünya mediası Ordumuzun qələbələrindən bəhs edir

0
39

Noyabrın 10-da Ermənistan birgə bəyanatı imzalamaqla özünün kapitulyasiyasını elan etdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, artıq heç bir statusdan söhbət gedə bilməz. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdir ki, bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayıb. Belə ki, işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu başladığı qətiyyətli əks-həmlə əməliyyatları ilə işğalçı ölkənin ordusunun belini qırıb. Şübhəsiz, belə bir rəşadətli ordunun zəfəri, hər şeydən əvvəl, iqtisadi inkişafımızın bəhrəsidir. Dövlətimizin başçısının bildirdiyi kimi, əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək əsla mümkün olmazdı.

Prezident İlham Əliyevin möhkəm təməl üzərində formalaşdırdığı iqtisadi strategiyası bu gün böhran şəraitində belə sosial-iqtisadi və struktur islahatlarının həyata keçirilməsinə təkan verir. Məsələn, dünyanı bürümüş qlobal pandemiya  ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təxminən 20-30 faiz həddində mənfi təsir etdiyi halda, Azərbaycan iqtisadiyyatında cəmi 2,8 faiz azalma var. Amma bu azalma fonunda ölkədə heç bir sosial layihə təxirə salınmayıb. Hətta əvvəlki illə müqayisədə bu il daha çox layihələr reallaşdırılıb. Bununla yanaşı, Azərbaycan regionda transmilli layihələrin həyata keçirilməsində mühüm rol oynamaqda davam edir. Təkcə bir faktı xatırladaq ki, Azərbaycan qazını Avropaya çatdıracaq TAP boru kəməri layihəsi üzrə işlərin – mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 98 faizi yekunlaşıb. İlin sonunadək qaz nəqli mümkün olacaq. Şübhəsiz, ölkəmiz bu kimi uğurlara öz iqtisadi müstəqilliyini təmin etməklə, dövlət başçımızın həyata keçirdiyi uğurlu islahatlarla nail olub. Prezidentin yeni çağırışlara uyğun reallaşdırdığı islahatlar da ondan xəbər verir ki, ölkə iqtisadiyyatının dayanıqlılığı bundan sonra da təmin ediləcək və Azərbaycan iqtisadi cəhətdən heç bir sıxıntı yaşamayacaq.

Məhz bu iqtisadi qüdrət peşəkar, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik ordumuzu da gücləndirməyə, daha doğrusu, ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan almağa imkan verib. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Yəni son 17 ildə ölkəmizdə ordu quruculuğu istiqamətində böyük addımlar atılıb.

Bütün bunların nəticəsində bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, Hadrut, Suqovuşan, Mincivan, Ağbənd qəsəbələrini, eləcə də digər yaşayış məntəqələrimizi azad etməklə öz bacarığını döyüş meydanında bir daha məharətlə göstərdi. Elə bu kimi üstünlüklərinə görə bu gün Azərbaycan Ordusu beynəlxalq təşkilatların hesabatlarında dünya­nın ən güclü 50 ordusu sırasında­dır. Artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də Azərbaycanın ötən dövrdə ordu quruculuğunda mühüm uğurlara imza atdığını etiraf edirlər. Bu gün bütün mediası, hərbi ekspertlər Azərbaycan Ordusunun qələbələrindən yazırlar. Şübhəsiz, xalqımızın sarsılan, zədələnən qürurunu da bərpa edən ordumuzun bu səviyyəyə qalxmasına dirçələn iqtisadiyyatımız əsas rol oynayıb. Yəni, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verib.

Qvami Məhəbbətoğlu, “İki sahil”