Bu gün Azərbaycana bahar gəlir

465

Azərbaycana bahar gəlir: bu, martın 20-də Bakı vaxtı ilə saat 14:28 (Qrinviç vaxti ilə 10:28) radələrində baş verəcək. Həmin gün gecə və gündüz bərabərləşəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Belə ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək, Yerin hərəkət müstəvisi ilə ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu, astronomiyada “yaz bərabərliyi nöqtəsi” adlanır. Həmin vaxtdan etibarən şimal yarımkürəsində başlayan astronomik bahar iyunun 21-dək davam edəcək. Baharın gəlişilə torpaq və təbiət canlanır, ağaclar qış yuxusundan oyanır. İlk yarpaqlar, ilk çiçəklər açılır, kənddə yaz-tarla işləri başlayır. Köçəri quşlar geri dönür. Bir sözlə, həyat təzələnir. Təsadüfi deyil ki, baharın ilk günü həm də yeni ilin başlanğıcı sayılır və coşqu ilə bayram edilir. Azərbaycanda bu gün bayram axşamı kimi qeyd olunur.