BU GÜN AYIN ÜÇÜDÜR, DE GÖRÜM…

0
70

 

Bu gün onun doğum günüdür, peşəsi jurnalistdir, sadə bir həyat tərzi yaşayır. Özündən başqa hər kəsin problemi ilə maraqlanır və imkanı səviyyəsində kömək etməyə çalışır. Çox vaxt da buna nail olur. Haqqında danışdığım dostum məncə, dünyanın ən zəngin, varlı adamıdır. Çünki ətrafındakı iş adamları onun səmimiliyinə çox inanırlar, bu dostlarına deyəndə ki, filan ailəyə maddi cəhətdən yardım etmək lazımdır, həmin andaca məsələ müsbət həllini tapır. Onu insanlara yardım edən yardımlı dostum adlandırıram. Beş il bundan əvvəl ABŞ-ın İndiana ştatında tanış olmuşuq, xanımı ilə orada çalışırdılar. Dünya azərbaycanlıları haqqında bir-birindən maraqlı silsilə məqalələr hazırlayırdı. Qəhrəmanları təkcə Azərbaycan türkləri deyil, həm də müxtəlif millətlərin nümayəndələridir. Seçim zamanı qürbətdə yaşayan Azərbaycanı sevənlərə üstünlük verir. Bu baxımdan dünyanın istənilən ölkəsində dostu və evi vardır. Bundan da böyük zənginlik olarmı? Yardımlıdan olan yardımçı dostuma yarızarafat-yarıgerçək beynəlxalq dərəcəli jurnalist ayamasını da vermişəm.

Dostum bu peşəyə məktəbli ikən, 10 yaşında qədəm qoyub. Sumqayıtda sadə, zəhmətkeş bir ailədə doğulub və kirayə evdə yaşayırmşlar. Hər ayın sonunda rəhmətlik Eldar kişi səhər işə gedərkən həyat yoldaşı Elmira xanım (bu yaxınlarda dünyasını dəyişib, ruhu şad olsun) yadına salarmış ki, “kirayə pulunu evdə qoy, xozeyin bu gün gəlməlidir”.

Fikrimdə bir sıra suallar dolaşırdı: “Nə vaxta qədər biz kirayədə qalmalıyıq, niyə bizim öz evimiz olmamalır?”

Beləcə, qərara gəldim ki, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə bu mövzuda məktub yazım. Qələm, kağız götürüb yazıya başladım. Azərbaycanın rəhbərini salamladıqdan sonra uşaq təxəyyülü ilə, sadə cümlələrlə evimizin olmadığını, kiraəyədə qaldığımızı və bizim ailəyə mənzil verməyini xahiş etdim. Məktubda sonda ünvan yazmamışdım, əslində, ünvanı heç dəqiq də bilmirdim. Valideynlərimdən soruşmaq istəmədim, fikirləşdim ki, məni danlayarlar. Ünvan əvəzinə oxuduğum 9 nömrəli məktəbi yazdım.

Təxminən 10 gündən sonra məktəbimizə Sumqayıt şəhər sovetinin nümayəndəsi gəldi və direktordan icazə alıb məni şəhər rəhbəri ilə görüşə apardı. Yolda həmin şəxs dedi ki, kirayədə hansı ünvanda yaşayırsınız, məktubda mütləq ünvan göstərilməlidir. Mən ona vəziyyəti izah etdim, bildirdim ki, valideynlərimin belə bir məktub yazdığımdan xəbərləri yoxdur. O dedi: “Maşallah, nə fərasətli uşaqsan, yoldaş Heydər Əliyev göstəriş verib ki, təcili sizin ailəni mənzillə təmin edək”.

Nə isə, şəhər rəhbəri mənimlə 5-10 dəqiqəlik söhbət etdikdən sonra dedi ki, sabah atan bizimlə görüşə gəlsin. Beləcə, ilk “jurnalist” fəaliyyətim uğurlu oldu və öz bəhrəsini verdi. İndi də həmin evdə yaşayıram, hər dəfə mənzilə daxil olanda ümummilli lider Heydər Əliyev cənablarının ruhuna dualar oxuyuram”.

Üçrəngli bayrağımızın rəmzləri sanki dünyaya gəldiyi gündən onun yaşam tərzinə çevrilmişdir. Bilindiyi kimi, bayrağımızın mavi rəngi – türkçülüyü, qırmızı – müasir azad cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir. Dostum da qatı türkçüdür, demokratik ruhlu, azad fikirli müasir insandır. İslamın qoyduğu qayda-qanuna əməl etməsə də, canında daim Allah xofu var və müsəlman olduğundan böyük qürur duyur.

Onun qeyri-adilikləri də az deyil, istənilən insanla danışdıqda həmin şəxsin səsinin rəngini görür, yəni tərəf müqabili ilə söhbətləşdikcə, səs tembri, ahənginə uyğun olaraq xəyalında hansısa bir rəng canlanır.

Musiqişünaslıqda səslərin rənginin olduğu elmə bəllidir. İngilis alimi İsaak Nyuton (1643–1727) günəş işığı spektrini müxtəlif təcrübələrlə tədqiq edərək, ağ işığın spektrindəki 7 rəngi musiqi notları ilə əlaqələn¬dirmişdir: do (C) – qırmızı, re (D) – bənövşəyi, mi (E) – göy, fa (F) – mavi, sol (G) – yaşıl, lya (A) – sarı, si (H) – narıncı.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Şamil Hacıyev kompüter texnologiyalarından istifadə etməklə Azərbaycan instrumental muğamlarının bir neçə rəngdə olduğunu yazır: ““Rast” – bənövşəyi, qırmızı, açıq yaşıl; “Şur” – narıncı, qırmızı, göy; “Orta segah” – mavi, göy, bənövşəyi; “Çahargah” – narıncı, qırmızı, sarı; “Bayatı-Şiraz” – bənövşəyi, qırmızı, açıq yaşıl; “Şüştər” – narıncı, bənövşəyi-qırmızı, açıq yaşıl; “Hümayun” – sarı, narıncı, göy; “Nəva” – göy, sarı, qırmızı”.

Dostumla hər dəfə söhbətləşəndə deyir: “Hacı Abbasqulu, namaz qılanda həmişə məni dua et, qoy Allah günahlarımı bağışlasın, bir az çox yaşayım. Mənim ömrümün uzanması sənin də yaşamağın deməkdir. Yadında saxla, mən öləndən sonra sən 8 il yaşayacaqsan”.

Bilmirəm hansı hisslər dostuma bu fikri diktə edir. Ona cavabım belə olur: “Kim nə qədər yaşayacaqsa, onu təkcə Ulu Tanrı bilir. O ki qaldı duaya, onsuz da, bütün əzizlərim, ümumən xalqımız üçün gündəlik dualar oxuyuram. Yaxşı olar ki, özün də namaz qılasan, qoy Allah-taala bu duaları sənin öz dilindən eşitsin. Bu, daha gözəl olar”.

Əslində, qeyd etdiyim kimi, dostum Allahın da çox sevdiyi haqq-ədalət tərəfdarıdır, kimsəsizlərin müdafiəçisidir. Söhbətləşərkən Sumqaytda bir qaçqın musiqiçinin maddi cəhətdən vəziyyətinin ağırlaşdığını söylədim. Dərhal onun telefon nömrəsini istədi, yanımdaca həmin adama zəng etdi: “Salam, yəqin ki Abbasqulu Nəcəfzadəni tanıyırsan. Ünvanını söylə, yarım saatdan sonra sizə ərzaq bağlaması göndərəcəyik”.

Dostumu danladım ki, adımı niyə deyirsən, məgər yardımı mən göndərirəm? Öncə özünü təqdim edəydin: “Sizi narahat edən jurnalist, şair-publisist, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yardımlının səsi” qəzetinin təsisçisi və baş redaktoru, Yardımlı Xeyriyyə Cəmiyyəti ictimai birliyinin sədri Elman Eldaroğludur”.

Elman Eldaroğlunun məsələyə münasibəti belə oldu: “Bu hərəkəti nə sənə, nə də özümə görə edirəm. Bütün bunlar Allah rizasına, xətrinə Yardımlı Xeyriyyə Cəmiyyəti tərəfindən icra olunur. Sadəcə sənin adını söhbətə körpü salmaq üçün çəkdim”.

Məqaləyə başlığı məşhur bir xalq mahnısının adından seçmişəm. Bu gün ayın 3-dür və Elman Eldaroğlunun 55 yaşı tamam olur. 3 yanvar mənim də həyatımda unudulmaz bir gündür. Axı düz 35 il əvvəl oğlum Cəfər dünyaya gəlib. Əzizlərim Elman Eldaroğlu və Cəfər başda olmaqla yanvarın 3-də dünyaya gələn bütün soydaşlarımızı təbrik edirəm. Hər birinizə cansağlığı, sağlam uzun ömür arzulayıram!

Abbasqulu NƏCƏFZADƏ

sənətşünaslıq elmləri doktoru, professor

a.najafzade@yahoo.com