Bu da onların özəlliyidir

677

Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm, bu gün kim udub, kim uduzacaq. Məndən iki qat yuxarıda yaşayan Məhərrəm kişi qonşu məhəllənin sakini Nurəddinlə oynayırdı. Qalanlar dövrə vurub him-cimlə oyunu qızışdırır, növbə gözləyirdilər.

– Zər, mən ölüm, bir dübir.

– Ya zər, mənə yeklər ver, Məhərrəmin adının üstündən bir xətt çəkim.

Zər bu dəfə etimadı doğrultdu. Nurəddin: “Sleduyuşıy”, – deyib növbəti rəqibini səslədi.

Məndən iki qat aşağı mərtəbənin sakini Həsənbala yerini tutmaq istəyirdi ki, Kəramət dilləndi:

– Qonşu, növbə İdrisindir axı, sən hara soxulursan?

– Məgər xəbərin yoxdurmu devalvasiya ilə əlaqədər onun çalışdığı qurumda daha iş-filan yoxdur. Odur ki, elə iş yerində bütün günü nərd vurur… Yəqin bu gün-sabah onların da idarələri bağlanacaq…

Bu dəfə İsrafil kişi dilləndi:

– Nə olar, bu devalvasiyadan danışmayın da… Onun adı gələndə qanım elə qaralır ki…

İdris kişi bu adi həqiqəti başı ilə təsdiqləyəndən sonra Kəramət sakitləşdi. Buna rəğmən az sonra dilləndi:

– Yaxşı, bəs onlar hansı müəssisələrdə iş tapa biləcəklər? İndi iş yeri var ki… iş yeri ceyran belinə çıxıb e… Vallah, indi heç özəl müəssisələrdə də iş tapmaq olmur. Məmurlarımız özəllərdə bir özəllik qoyublar ki… Unutmayın ki, dünyada onların analoqu yoxdur.

Qonşulardan kimsə söz atdı:

– Bu da bizim məmurların özəlliyidir də…

– Xahiş edirəm, onların adlarını bu şəkildə hallandırmayın…

Bu sözləri isə əmisi məmur olan Qürbət dedi.

Onun cavabı Kəramətə yeni bir mövzu verdi:

– Alə, indi oğullar peyda olub ki, Nizamiyə, Füzuliyə, Səməd Vurğuna şəbədə qoşurlar… Onlara qoşmaq olar, məmurlara yox? O adlarını çəkdiklərim hara, məmurlar hara? Hə, bu günlərdə biri də peyda olub. Onun adını çəkib özümü urvatsız etmək istəmirəm. Görün, o nə deyir. Deyir ki, Bəxtiyar Vahabzadə çox məzmunsuz, savadsız, poeziyaya dəxli olmayan adam idi. O cür adam ən uzağı “Zəngəzur” sadlıq evində tamada olmali idi… Beləsinə nə deyəsən? Məşədi İbadın sözü olmasın, yıxıb ağzına-ağzına vurasan gərək… Vallah, beləsinə heç əl qaldırmağa da dəyməz. Görünür, onun psixi problemləri var… Vallah, həmin adamın özü Bəxtiyar müəllimin kəsib atdığı dırnağı belə deyil…

Nurəddin ovcunda zərləri oynada-oynada dilləndi:

– Elə adamlar heç də dəli deyillər. Sadəcə, gündəmdə olmaq üçün gic-gic danışırlar. Belə adamlar şou aləminin soyunanları mənziləsindəndir. İndi şairimiz haqqında da elə deyən belə soyunur…

Yerbəyerdən dilləndilər:

– Ay Həsənbala, zərini at da…

Həsənbala onlardan birinə – Mehdi müəllimə üzünü tutub zarafatla dilləndi:

– Vallah, sənin səsin mənə dayın Rüstəm kişini xatırlatdı, ona mənim salamımı yetirərsən…

Mehdi müəllim qaşlarını çataraq dərindən nəfəs aldı:

– Rüstəm dayım ötən ay Allahın rəhmətinə gedib…

Həsənbala zarafatından qalmadı:

– Mən tələsmirəm, yanına gedəndə çatdırarsan…

Bu atmaca hamı tərəfindən gülüşlə qarşılandı, bircə Mehdi müəllimdən başqa…

Bu gülüşdən sonra Həsənbala başını bulaya-bulaya zərləri atdı. Zərin hökmü ilə ona lazım olan ayaqları tutaraq qonşumuz Heydərə sarı dilləndi:

– Qonşu, dollarla aldığın krediti ödəyə bilirsən?

– Yox, hələ gözləyirəm…

– Nəyi gözləyirsən? Axı dedilər ki, bank xeyriyyə cəmiyyəti deyil.

Bu dəfə bayaqdan bəri susan Kəramət dilləndi:

– A kişi, axı İsrafil kişi sizdən xahiş etdi ki, kreditin adını çəkib, gül kimi əhvalımızı korlamayın da…

– Zər, mən ölüm, bir şeş-beş…

– Ya zər, mənə yeklər ver, Həsənbala kişinin də reytinqini manat kimi düşürüm.

Qvami