Bu da bu, yaxud ana ürəyi

492

Nəhayət, uzun və gərgin danışıqlardan sonra İspaniyanın “Qranada” klubunda çıxış edən əslən azərbaycanlı Eddi Silvestre Paskual İsrafilovu (qısaca Eddi İsrafilovu) yığmamızda çıxış etməyə razı sala bildik. (Xatırladaq ki, bu futbolçunun Afrikadan olan atası ilə azərbaycanlı anası İradə İsrafilova İspaniyada ailə həyatı qurub, elə Eddi də bu ölkədə doğulub. Futbolçunun soyadında afrika və azərbaycan köklərinin olması da elə bu səbəbdəndir). Eşitdiyimə görə, bu mühüm məsələdə Eddinin anası İradə xanım əsas rol oynayıb, yəni son sözünü deyib. Ona görə də milli təəssübkeşliyinə görə bu xanıma təşəkkür edirəm. Yəqin, xəbəriniz var da… Həmin bu Eddi millimizdə çıxış edəcəyi müqabilində AFFA-dan bir milyon istəmişdi. AFFA da demişdi ki, bala, ağlını başına yığ, sənə verəcək bu qədər paramız yoxdur, ikincisi, biz millidə oynamaq üçün heç bir futbolçuya pul ödəmirik. Bu mesajdan sonra nə baş verdiyini deyə bilmərəm, amma bircə onu bilirəm ki, “xaricdə yaşasam da, vətən məni çəkir, millidə oynamaq həm mənim, həm də Eddi üçün şərəfdir” deyən İradə xanım Bakıya gəldi və bizim Eddi intizarımıza birdəfəlik son qoydu. Bu məqam mənə görə çox önəmli olduğuna görə, yazımın sonunda bir daha İradə xanımdan söz açacağam.

Sözün düzü, Eddi İsrafilovun millimizə nə qədər faydalı olub-olmayacağını deməkdə çətinlik çəkirəm. Çünki qorxuram ki, bu yaşımda özümü yandıram. Odur ki, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevdən sitat gətirməklə kifayətlənirəm: “O mənim üçün “qapalı sandıq”dır… Durub desəm ki, İsrafilov yaxşı futbolçudur, Allah eləməsin, sonra pis çıxar və mən yanılmış olaram. Və yaxud desəm ki, pis futbolçudur, yenə əksi ola bilər. Mən Eddiyə görə nüfuzuma xələl gətirə bilmərəm”. Amma yenə eşitdiyimə görə, millimizin yeni baş məşqçisi Robert Prosineçki bu xəbəri eşidən kimi, çırtma çalaraq oynayıb və bu, onun ölkəmizdə ilk “oyun”u kimi tariximizə düşüb. Babalı bu xəbəri mənə çatdıranların boynuna… Odur ki, mənə sadəcə “Allah xeyir versin!” deməkdən başqa bir şey qalmır.

Hə, Eddi də bu anlaşmadan sonra deyib ki, bəs mən Eddi anamın vətəni olan bir ölkənin yığmasında oynamaq istəyirəm: “Millidə oynamaq mənim üçün qürurdur. Artıq baş məqçinin dəvətini, millinin heyətində debüt edəcəyim günü səbirsizliklə gözləyirəm. İnanıram ki, bu istəyim tezliklə reallaşacaq”. Üstəlik ərz edib ki, bəli, atam Anqoladan olduğuna görə bu ölkənin millisində də oynamaq mümkün idi. Lakin mən anamın bağlı olduğu ölkəni seçdim. Çünki anam evimizdə Azərbaycan haqda tez-tez danışır… O, Azərbaycanı uzun müddətdir tərk etsə də, vətənə bağlılığını qoruyub. Anamın Azərbaycanı unuda bilməməsi, Bakını tez-tez xatırlaması məndə də bu ölkəyə maraq yaradıb”.

Nə isə, Eddini burada qoyub keçək əslən azərbaycanlı olan Ramil Şeydayevə. (Belə bir keçidim sizi təəccübləndirməsin). O Ramil Şeydayevə ki, “Zenit” və Rusiyanın U-21 yığma komandasının hücumçusudur. O Ramil Şeydayevə ki, xeyli vaxtdır AFFA onu da millimizə cəlb etmək istəyir. Lakin yoldaş Şeydayev hələ də “toyuq bir buddur” deməkdə davam edir və bu fikrindən daşınmaq niyyətində deyil. Yəni bu kişi deyir ki, bəs peşəkarlıq baxımından Rusiya futbolu Azərbaycandan üstündür, odur ki, mən inkişaf etmək, daha irəli getmək istəyirəm. Məncə, onun bu iddiası heç də səmimi deyil. Çünki Montevideoda anadan olmuş Uruqvayın “Alyans Lima” klubunda Mauro Quevqeozian Uruqvay millisindən təklif alsa da, Ermənistan yığmasını seçib… Yəqin, belə bir faktdan yoldaş Şeydayevin xəbəri var.

Mən bu yerdə Ramilin atasının azərbaycanlı olduğunu xüsusi vurğulamaq istəyirəm ki, bayaq yarımçıq qoyduğum mətləbə tam aydınlıq gətirə bilim. Bəli, nə qədər qəribə olsa da, Ramilin atası da bu məsələdə “yalnız Rusiya millisinə dəvət almadığı halda, Azərbaycanın şərəfini qoruya bilərəm” deyən oğlunu dəstəkləməkdədir. Deyirəm, kaş Ramilin anası da əslən azərbaycanlı olaydı. Və o da Eddinin anası İradə xanım kimi vətən sevgisinin nə olduğunu oğluna başa salaydı. Və o da Eddi kimi: “Anamın bağlı olduğu ölkəni seçdim”,- deyəydi.

QVAMİ MƏHƏBBƏTOĞLU