Bu dəfə zərbə daha ağır olacaq!

41

Ermənilərin növbəti təxribatı: Sülhməramlılar hara baxır?

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun mövqelərinin intensiv atəşə tutulması müşahidə edilir. Vəziyyəti təhlil edərkən aydın olur ki, Ermənistanın Təhlükəsizlik Şurasının məlum açıqlamasından sonra Azərbaycan ərasizində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri artıq İrəvandan gələn əmr və göstərişləri rədd edərək, genişmiqyaslı təxribatlar yaratmaqla bölgədə sabitliyin pozmağa cəhd göstərirlər. Bunun bariz nümunəsi kimi 1 avqust 2022-ci il tarixində günorta saatlarında toplaşan qondarma rejimin “təhlükəsizlik şürası”nın üzvlərinin iclasından bir neçə saat sonra guya Azərbaycan Orsunun bölmələrinin Qarabağ iqtisadi zonasında bir necə istiqamətdən atəş açması barədə ard-arda yayılan təxribat xarakterli məlumatları göstərmək olar. Bunun ardınca avqustun 3-ü səhər saatlarında Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb. Ermənistanın Azərbaycana məxsus torpaqları yenidən işğal etmək məqsədilə hücum cəhdləri qeyri-tolerant imicə malik olan bu ölkənin beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə və ümumbəşəri dəyərlərə hörmətsizliyi bir daha göstərmiş olur. Təcavüzkar və qaniçən siyasətindən hələ də əl çəkmək istəməyən Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəzasızlıq mühitindən bəhrələnərək Azərbaycanın dövlət sərhədində vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş təxribatçı hərəkətləri regionda yeni münaqişə ocaqlarının yaranmasına gətirib çıxarır.

Görünür, İkinci Qarabağ müharibəsində burunları ovulan ermənilər aldıqları dərsdən lazımı nəticə çıxarmayıblar. Erməniləri təşvişə salan məqam Azərbaycanın regionda mövqelərini daha da möhkəmləndirməsi, Milli Ordumuzun daha da güclənməsi, hərbi qüdrəti, rəşadətdir. Azərbaycanın bölgədə yaratdığı reallıqların müəllifinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qüdrətli Silahlı Qüvvələrimizin olması faktının bütün dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi, eyni zamanda, ölkəmizin bölgədə söz sahibinə çevrilməsinin də təsdiqidir. Bu həqiqət isə erməniləri daha da vəhşiləşdirir, qana hərisliklərini artırır. Dövlət başçımızın “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq” sözlərindən vahimələnən erməni quldurları yaxşı bilirlər ki, onlar nə qədər cəhd etsələr də 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarını tərk etməyə məcburdurlar. İllərdən bəri zəbt etdikləri özgə torpaqlarında əbədi məskunlaşa bilməyəcəklər. Erməni separatçılarının təxribatlarının qarşısını həmişə olduğu kimi, yenə də layiqincə alınır və alınacaq. Erməni separatçıları nə qədər cəhd etsələr də nəticə və məntiq dəyişməzdir: Azərbaycan ərazisində «Dağlıq Qarabağ”» adlı inzibati ərazi vahidi yoxdur və bundan sonra da olmayacaqdır. Separatçılar unutmasınlar ki, Ermənistanın hər hansı avantürist hərəkəti tarixi Azərbaycan torpaqları olan Göyçə mahalının, İrəvanın geri qaytarılması məsələsini gündəliyə gətirə bilər. Bu məsələdə tarixi ədaləti bərpa etmək üçün hüquqi, siyasi və digər mexanizmlər, ədalət Azərbaycan maraqlarını əks etdirir. Prezident İlham Əliyevin dediyi kimi, Zəngəzur, Göyçə mahalı, İrəvan bizim tarixi torpaqlarımızdır. Bu torpaqları biz unutmuruq və ermənilərə də buna xatırlatmaqda fayda var.

Baş verənlər fonunda sülhməramlıların bu prosesə seyrçi qalması, bir sıra halda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur. Sülhməramlıların əsas missiyası bölgə xalqları arasında sülhü, qarşılıqlı etimadı, birgəyaşayışı təmin etməkdir. Təəssüf ki, sülhməramlılar bu məsələlərlə bağlı heç bir ciddi addımlar atmırlar. Əksinə, başları burada humanitar aksiyalara qarışıb. Ermənilər də bundan istifadə edərək, öz xəbis və məkrli niyyətlərini həyata keçirir, yeni təxribatlar törətməyə davam edirlər. Əgər belə təxribatlar davam etsə, bunun cavabı çox sərt və ağır olacaq.

Azərbaycan dəfələrlə bəyan edib ki, bölgəyə davamlı sülhün gəlməsinə çalışır, bütün addımlar buna hesablanıb. Ermənistan konkret mövqe bildirməlidir. Sülh istəyirsə, Azərbaycan sülhə hazırdır. Yox, məqsəd müharibədirsə və Azərbaycanın səbrini sınağa çəkməkdirsə, bunun aqibəti ermənilər üçün yaxşı olmayacaq. Ermənilər Vətən müharibəsində başlarına gələnlərdən çox ciddi nəticələr çıxarmalıdırlar. Çıxarmasalar, “dəmir yumruq” yenidən işə düşəcək və bu dəfə zərbə daha ağır olacaq.

“İki sahil”