Bu dəfə saat bizi çəkdi

0
552

Nazirlər Kabineti Azərbaycanda yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərar qəbul etməsinə baxmayaraq, martın 27-də ölkəmizdə əməlli-başlı çaşqınlıq yaşanıb. Məlumat üçün bildirək ki, Azərbaycanda yay vaxtına keçid, yəni saatların qabağa çəkilməsi martın 27-si səhər 4-də olmalı idi. Lakin mart ayının 17-də adıçəkilən qurum ölkəmizdə yay vaxtına keçidi ləğv etdiyindən bu olmadı. Lakin tamamilə başqa səbəblərdən qaynaqlanan problem insanlarımızı çaşbaş saldı. Belə ki, elektron qurğularda saatlar avtomatik olaraq yay vaxtına çəkilib, nəticədə Azərbaycanın əksər yaşayış məntəqələrində anlaşılmazlıq yaşanıb. Dünən gün ərzində sosial şəbəkələrdə “saat neçədir?”, “saatlar çəkilib, yoxsa çəkilməyib?” kimi suallar dolaşıb. Qəribədir ki, həmin suallara hər kəs bir cür cavab verib – bəziləri saatların çəkildiyini, bəziləri çəkilmədiyini bildirib.
Onu da əlavə edək ki, Nazirlər Kabinetinin məlum qərarından bir gün sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) əhaliyə tövsiyələr vermişdi. Nazirliyin saytında “Yay vaxtına keçidin ləğv olunması ilə bağlı tövsiyələr”də bildirilir ki, kompüter, mobil telefon, smartfonlarda, server və digər informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarında yay və qış vaxtlarına keçid avtomatik baş verə bilir: “Bununla əlaqədar olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən operatorlar (o cümlədən mobil), provayderlər yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılmış, onlara informasiya sistemləri və şəbəkələrinin UTC+4:00 ilə sinxronlaşdırılması üçün qabaqlayıcı tədbirlər görülməsi tövsiyə edilmişdir. Həmçinin ölkəmizdə fəaliyyət göstərən tanınmış xarici şirkətlərin (“Microsoft” və s.) yerli nümayəndəlikləri də yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılmışdır. Fərdi istifadəçilərdən kompüter və mobil telefonların “tarix və vaxt” menyusundan “avtomatik” rejiminin deaktiv edilməsi tövsiyə olunur”.
Dünən yaşanan çaşbaş vəziyyətdən belə aydın olur ki, nazirliyin yerli mobil operatorları, provayderləri yay vaxtına keçidin ləğv edilməsi haqqında məlumatlandırması istənilən nəticəni verməyib. Elə əhali arasında anlaşılmaz vəziyyətin yaranmasının bir səbəbi də bu olub.
“Saat dəyişib, ya yox? Dəyişməyibsə, Az…. niyə camaatı niyə çaşbaş qoyub?”. Tanınmış jurnalist Telli Pənahqızının “facebook”da yazdığı bu status dünən ciddi müzakirələrə səbəb olmuşdu.
Mətbuatda yayılan məlumatlarda isə bu anlaşılmazlığın Bakı Metropoliteninin fəaliyyətinə də təsir etdiyi açıqlanıb. “Martın 27-si saat 08:10-da metronun “Koroğlu” stansiyasında qatarların hərəkət istiqamətini göstərən lövhənin yanında quraşdırılan saat 07:43-ü, digər saat 08:27-ni, müvafiq olaraq stansiyada olan digər saatlar da fərqli rəqəmləri göstərirdi və bu hal təkcə “Koroğlu” stansiyasında müşahidə edilmirdi. Bənzər mənzərə ilə metronun digər stansiyalarında da qarşılaşmaq mümkün idi. Hətta “Elmlər Akademiyası” stansiyasında eskalatorla yuxarı doğru hərəkət edərkən görünən saat hər kəsin təbəssümünə səbəb olurdu. Çünki eskalatorun üzərində quraşdırılan saatlardan biri 17:34-ü, digəri 20:56-nı göstərirdi.
Belə olan halda əhalinin də “başını itirməsi” təbii haldır. Kimisi düzgün işləməyən bir saata baxaraq işə gecikdiyini, digəri isə saatı düzgün göstərən cihaza baxaraq işə çatmaq üçün kifayət qədər vaxtının olduğunu düşünürdü”,-deyə ANS-in məlumatında bildirilib.
“Google” və “Yandex” axtarış sistemləri də Azərbaycanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə almayıb. Belə ki, “Google” və “Yandex”in axtarış maşınları lazımi səviyyədə köklənməyib və “Bakıda saat neçədir?” sorğusuna hazırkı vaxtdan bir saat irəlini göstərib.
Sonda onu da qeyd edək ki, ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsi nəzərə alınaraq, AMEA-nın Rəyasət Heyətinin təklifi ilə ləğv edilib.
Qeyd edək ki, yay vaxtına keçidin ləğv olunması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi və AZAL da əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, yay vaxtına keçidin ləğvi ilə əlaqədar bütün namaz vaxtlarından 1 saat çıxılmalıdır.
Yay vaxtına keçidin ləğv olunması ilə əlaqədar AZAL-ın bütün beynəlxalq aviareysləri bir saat tez uçub. “Azərbaycan Hava Yolları”ndan verilən məlumata əsasən, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, AZAL-in bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına və hava limanlarından artıq alınan aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçub.
AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyir. Hər hansı bir sual yarandığı təqdirdə isə (012) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq olar.