Bu çətin dövrdə hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir

0
173

“İndi bütün ölkələr dünyanı öz cənginə alan koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə aparır. Bu mübarizədə müəyyən uğurlar əldə edən ölkələr var ki, onlardan biri də Azərbaycandır.”

Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Anatoli Rafailov “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Deputat bildirdi ki, bu prosesdə Prezident İlham Əliyevin müstəsna rolu danılmazdır: “Bəzi faktlara müraciət edək. Bu gün koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu yaxınlarda 575 çarpayıdan ibarət olan və müasir tibbi avadanlıqlarla təchiz edilən “Yeni klinika” adlanan xəstəxana da istifadəyə verilib. Bu ilin mart ayında isə ölkəmizin 3 şəhərində yeni xəstəxanalar açılıb. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl olmaqla hər biri 200 çarpayılıq 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Ölkəmizdə testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir ki, onların 5-i yeni təşkil olunub. Yeri gəlmişkən qeyd edim ki, artıq ölkəmizdə tibbi maska və dezinfeksiya vasitələrinin istehsalına da başlanılıb. Bununla da respublikamızda bu sahədə mövcud olan çatışmazlığa son qoyulub. Üstəlik idarə, təşkilatların, həyət, küçə, meydançaların, park və xiyabanların, eləcə də binaların girişlərinin tez-tez dezinfeksiya edilməsi də bu sahədə aparılan mübarizədə müsbət nəticələr verir. Şübhəsiz, bütün bu işlər insan kapitalının qorunmasına və onların sağlamlığının təmin edilməsinə xidmət edir”.

Milli Məclisin deputatı, həmçinin qeyd etdi ki, hazırda həkimlərimiz bu xəstəliyə qarşı mübarizənin ön sıralarındadırlar: “Ölkə başçısı həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini də yüksək qiymətləndirir və onların fəaliyyəti üçün hər cür şərait yaradır. Məsələn, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşları artırılıb. Şübhəsiz, bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür. Hətta mən deyərdim ki, bu gün ikinci bir ölkə tapmaq çətindir ki, orada insanlara karantin şəraitində göstərilən tibbi xidmət Azərbaycandakından üstün olsun. Məhz bu səbəbdən də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus dünya liderlərinə ünvanlandığı məktubda koronavirus pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti təqdir edərək, ölkəmizin təcrübəsini örnək göstərib. Bunu həm də səhiyyəmizə verilən qiymət kimi də dəyərləndirmək olar”.

Deputat daha sonra dedi: “Cənab Prezident öz çıxışlarında koronavirus pandemiyasına qarşı mübarizədə heç nəyi əsirgəməyəcəyini və xalqımızın sağlamlığının qorunması məqsədilə lazım olan bütün addımların atılacağını dəfələrlə bildirmişdir. Hətta cənab Prezident çıxışlarının birində demişdir: “Bütün digər məsələlər ikinci dərəcəli məsələlərdir. O cümlədən iqtisadi inkişafla bağlı məsələlər, halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik, çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə, Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir”. Bütün bunları diqqətlə analiz edəndə belə bir nəticəyə gəlmək mümkündür: hazırda pandemiyanın ölkəmizdə geniş yayılmamasının əsas səbəblərindən biri cənab İlham Əliyevin səhiyyə sisteminin inkişafına daim mühüm önəm verməsi ilə bağlıdır.”

Anatoli Rafailov dünyanı sınağa çəkən virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə etdi: “Bu çətin sınaq dövründə hər bir vətəndaşımız üzərinə düşəni yerinə yetirməyə çalışmalıdır”.

Qvami Məhəbbətoğlu, “İki sahi