“Bu Birliyi qoruyub saxlamaq vacibdir”

457

Mən fəxri üzvü olduğum Azərbaycan Yazıçılar Birliyinin XII qurultayına bu Birliyin 80 illiyinin qeyd olunmasında iştirak etmək üçün gəlmişəm. 1934-cü ilin iyul ayında Moskvada SSRİ Yazıçılar İttifaqının birinci qurultayı keçirilmiş, bundan sonra bütün müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda da Yazıçılar İttifaqları yaradılmışdır.
Şair, Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenov bu sözləri jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, Azərbaycanda Yazıçılar Birliyinin yaradılması kimi əlamətdar mədəni hadisənin unudulmaması onu çox sevindirir.
O.Süleymenov deyib: “Bu Birliyi qoruyub saxlamaq vacibdir ki, yazıçılar kitab yazmaqda davam etsinlər, yeni əsərlər yaratsınlar. Çünki indiki dövrdə dünyada mütaliəyə və kitablara maraq məsələsində müəyyən böhran yaranmışdır. İstərdim ki, gənclər daha çox mütaliə etsinlər. Əminəm ki, biz qurultayda kitablara və mütaliəyə həvəsi qoruyub saxlamaq, oxucuların sayını artırmaq və kitablarımızı yaymaq məsələlərini müzakirə edəcəyik”.