“Bu adı mənə sən qazandırdın, ay bala”

0
541

Azərbaycanımızın müstəqilliyi uğrunda canlarından keçmiş, xalqımızın növbəti qəhrəmanlıq dastanlarını öz qanları ilə yazmış şəhidlərimiz heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyanlardır. O şəhidlərdən biri də Mingəçevir Şəhidlər Xiyabanında uyuyan 1978-ci il yanvarın 20-də anadan olmuş İlqar Ənvər oğlu İsayevdir.
Bu günlərdə şəhidin anası Zöhrə xanımla elə xiyabanda – oğlunun məzarı başında görüşdük.
Zöhrə xanım dedi ki, hər gün işə gedərkən yolunu xiyabana salır və oğlu ilə dərdləşir: “Vallah, İlqarıma baş çəkməyəndə yaman narahat oluram. Bu xiyaban artıq mənim narahatçılıqlarıma son qoyulan məkana çevrilib. Bu xiyabanla, buradan uyuyan oğlumum məzar daşı ilə təskinlik tapıram. Yoxsa ürəyim dözməz, partlayar”.
m2

İlqar İsayev 18 yaşında şəhid olub: “Oğlum İlqar 1996-cı ildə hərbi xidmətə çağrıldı. 5 aydan sonra isə Qazax rayonunun Seyfəli kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşdü və şəhid oldu”.
Bu sözlərdən sonra Zöhrə xanım göz yaşlarına hakim ola bilmədi. Az sonra dedi: “İlqarım düz altı il idi ki, ad gününü qeyd etmirdi. Deyirdi ki, ay ana məgər sən bilmirsən ki, 1990-cı ilin 20 Yanvarında necə igidimiz Vətən yolunda şəhid olub? Mən həmin gün ad günü keçirib onların ruhlarını narahat etmək istəmirəm. O, hər ilin yanvar ayının 20-də şəhidlərin məzarlarını ziyarət edər, onların ruhu qarşısında baş əyərdi. Hər dəfə xiyabandan qayıdanda da belə deyərdi: “Mən onların intiqamını alacağam, bununla da igidlərimizin ruhlarını şad edəcəyəm”. Balam dediyini də etdi və şəhidlik zirvəsinə yüksəldi. Nə gizlədim, hər dəfə şəhid sözünü eşidəndə həm kövrəlirəm, həm də sevinirəm. Amma atası oğul dərdinə dözə bilmədi, dünyasını dəyişdi”.
Zeynəb xanımla söhbətdən aydın oldu ki, İsayevlərin 3 övladı olub: “İlqar mənim ortancıl övladımdır. Ay qızım, vallah, hər dəfə oğlumdan söz düşəndə “övladım idi” demirəm, “övladımdır” deyirəm. Axı hər gün gəlib onunla dərdləşirəmsə, necə elə deyim axı?”
Anasının sözlərinə görə, İlqar bir çox xüsusiyyətlərinə görə o biri övladlarından fərqlənib. Təhsil aldığı texniki liseyin dərs əlaçısı olub. O həm də bir idmançı kimi tanınıb.
Zöhrə xanım bizi unutmuş kimi məzar daşını qucaqlayaraq yenə göz yaşları içində öz aləminə qapıldı: “Səni hərbi xidmətə gülə-gülə yola saldıq, ay oğul. O gün mən də sənin əsgər olmağınla fəxr edirdim, a bala. Bu gün isə bir şəhid anası kimi məzarının başındayam. Bu adı da mənə sən qazandırdın, a bala. İndi məni hamı şəhid anası – İlqarın anası kimi tanıyır”.
Nə qədər çətin olsa da, biz şəhid anası ilə dərdləşməyə çalışdıq. Ona başqa suallar verib növbəti dəfə göz yaşlarına qərq etmək istəmədik. Nə gizlədim, bu mənada mənim üçün də çətin idi ona suallar vermək. Üstəlik, bənzi solmuş, saçları ağappaq ağarmış Zöhrə ananın gözlərinin içinə baxmaq da mənim üçün çox çətin idi. Nə yaxşı ki, indi nəvə və nəticəsi var. Özü demiş, təsəlini onlardan alır. Yeri gəlmişkən, Zöhrə xanımın nəvələrindən birinə şəhid oğlu İlqarın adını verib.
Esmira Hidayətova