Bu ərazilərdə enerji içkilərinin satışına icazə verilməyəcək

0
157

“Yanvarın 1-dən Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları” qüvvəyə minir. Hazırda bu istiqamətdə işlər tam hazır vəziyyətə gətirilib”.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, qeyd edib ki, enerji içkiləri ilə əlaqədar Azərbaycanda yeni texniki, hüquqi akt qəbul olunub: “2020 – ci ilin 1 yanvar tarixindən ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı müvafiq norma və qayadalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulacaq. Qida məhsullarının təhlükəsizlik göstəriciləri dünyanın hər yerində sanitar və fitosanitar qaydalarla tənzimlənir. Bizdə də enerji içkilərilə əlaqədar sanitar norma və qaydalar qəbul olunub. Yanvarın 1-dən etibarən bizim elan etdiyimiz şərtlərin hamısı tətbiq ediləcək. Bununla əlaqədar olaraq, Təhsil Nazirliyilə də xüsusi iş aparmışıq. Onlara da dəstəyə görə minnətdaram. Növbəti ildən etibarən ümumtəhsil müəssisələrinin yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək. Buna da xüsusi nəzarət olunacaq”.

Qeyd edək ki, 1 yanvar 2020-ci ildən qüvvəyə minən qaydalara görə, enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir”, “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, “Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir. (modern.az)