“Bu, ədəbiyyatdan çox cəmiyyətin problemidir”

403

Sovet ideologiyası ilə böyüyən insanlar bu gün yeni nəsil yazarların yazdıqlarını ya oxumaqdan imtina edirlər, ya da başa düşmədiklərini deyirlər. Beləliklə, ədəbiyyatda müxtəlif cərəyanlar yaranır. Tənqidçilər bununla bağlı fikirlərini “Yeniavaz.com”a bölüşüblər.

Cavanşir Yusifli (tənqidçi): “ Ədəbiyyat, bədii fikir öz yerində, öz məqamında olur həmişə. Söhbət cazibədən gedirsə, o, üzdə olmur, sətirlər arasında, bu barədə gedən danışıqların və milyon-milyon söhbətin o tayında olur. Mən deməzdim, yeni dövr ədəbiyyatımız insanların marağını çəkə bilmir. Bunu kim sübut elədi ki?! Sadəcə, belə demək olar: yeni dövr ədəbiyyatın qiymətləndirilməsi gecikir… Belə bir cəhət də var: yazı-pozu adamları qurduqları mətnlər üçün dərhal reaksiya tələb edirlər. Yəni, bu mətnlər sanki oxucuya yox, onun üstündən adlayıb tənqidçiyə yönəlik yazılır. Yenə yəni, bu mətnlər həmin o boşaldılmış sahədən keçib hansısa ilahi qüvvənin gücünə başqalaşacaqmış! Tələbat deyilən şeyi mətn yaratmalıdır. Qurulan mətnlərdə müşahidə, əsərin kompozosiyasını müxtəlif vacib məqamlarda düyümləyən detallar azdır, yox dərəcəsindədir. Bayaq bir intervü oxuyurdum, yazıçılarımızdan biri, özü də bir mətnini ən azı səkkiz adla çap etdirən yazıçı oxucuya əxlaq dərsi keçirdi, estetika öyrədirdi. Mən hələ məlum faktlardan birini deyirəm. Bu klassiklər indi gündə bir roman yazırsa, onun qiymət meyarı necə olmalıdır? Kim bu suala cavab verə bilər? Heç kim! Ancaq bir böyük qüsur da var, özü də filoloji fikirdə: yeni dövr, yəni müstəqillik dövrü Azərbaycan ədəbiyyatı haqqında akademik üslubda kitab bağlayanlar bu dövrün pafos və poetikasını az ifadə edən müəlliflərlə məşğuldurlar. Bunun iki səbəbi ola bilər: bu filoloqlar ya estetik düşüncəni dəyərləndirmək imkanına malik deyillər, ya da bunu bilib də, qəsdən belə eləyirlər. Belədə “çox təəssüf” demək də yerinə düşmür”.

Nərgiz Cabbarlı (tənqidçi): “Mən düşünmürəm ki, yeni dövr Azərbaycan ədəbiyyatının oxucu marağını çəkə bilməməsinin əsas səbəbi sovet ideologiyasının insanların şüurunda qalmasıdır. O ideologiya hələ də silinib getməyib, bu doğrudur. Amma bu silinməmə daha çox cəmiyyət, sosial həyat və sosial təminatla bağlı istiqamətlərdə özünü göstərir. İnsanlar o dövrün bir çox müsbət xüsusiyyətlərini – hətta ədəbiyyatla bağladıqlarında belə – sosial təminat məsələsi ilə əlaqədar olaraq nostalji hissi ilə yada salırlar. Məsələn, sovet yazıçısının hörməti, üstünlükləri, lqotları (müstəsna hüquqlar) və s.

Bir başqa problem də müaasir ədəbiyyatımızıdakı ideologiyasızlıqdır ki, bu da tamam başqa məsələdir. Bu boşluğun olması da o dövrü xatırlamağa – amma tamamilə başqa (mənfi yönümdən) istiqamətdə yada salmağa vadar edir. Məsələn, yazıçının buxovlanmasını, əl-qolunun bağlanmasını, ideologiyanın quluna çevrilməsini… bu mənada hər iki hal – sovet ideologiyasının əsirinə çevrilmə qədər tamamilə ideologiyasızlıq da yaxşı bir şey deyil.

Mənim təəssüratım belədir ki, yeni dövr ədəbiyyatı o mərhələni çoxdan adlayıbdır. Öz keyfiyyəti, məzmunu, xarakteristikası ilə fərqli ədəbiyyatdır. Daha azad, daha ideologiyasız, daha fərqli keyfiyyətə malik, hətta bir çox hallarda (və bir çox nümunələri xatırlayaraq) daha bəsit və primitiv (əlbəttə, bütün nümunələr haqqında bu sözü söyləmərəm, qətiyyən!). Məncə, çağdaş ədəbiyyatla – istər nəsr, istərsə də poeziya ilə bağlı bu qədər qaramsal düşünmək lazım deyil. O ki qaldı insanların marağını çəkə bilməməsinə, bu ədəbiyyatdan çox cəmiyyətin problemidir. Yəni oxucu problemimiz var və bunu heç də ancaq ədəbiyyatın keyfiyyəti ilə bağlamaq lazım deyil. Çünki bu məqamda da təzadlı faktlar mövcuddur. Tutaq ki, bizim ciddi ədəbiyyat saymadığımız yazıçıların – keyfiyyətsiz mətnin çoxsaylı oxucularının olması kimi… Ona görə də reklam, təbliğat, təqdimat – ədəbiyyat üçün də əsas şərtə çevrilib. Yaddan çıxardığımız və ya əhəmiyyət vermək istəmədiyimiz bir şey varsa (bax bu məqamda sovet dövrünün təsiri qalır, hər halda!) o da budur”.

Ruzbeh Məmməd