Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanat verib

59

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanat verib.

alpaninfo.com azərtaca istinadən Bəyanatın mətnini təqdim edir:

“May ayında keçirilmiş son görüşümüzdə razılaşdığımız kimi, bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdüm.

Bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik.

Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi. Buna görə hər iki liderə təşəkkür edirəm. Biz gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik.

Bizim son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır.

Sülh razılaşması

Bu gün biz Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəldik və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verdik.

Humanitar məsələlər

Biz, həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr apardıq.

Avropa İttifaqı bu məsələlərlə məşğul olmaqda davam edəcək.

Sərhəd məsələləri

Biz sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etməyi nəzərdən keçirdik.

Biz Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəldik.

Kommunikasiya

Biz nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələri nəzərdən keçirdik.

Bütün bu müzakirələrlə qeyd etmək istəyirəm ki, hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamaq vacibdir. Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir.

Avropa İttifaqı uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır.

Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək

Biz noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəldik”.