Brexit barədə qanun layihəsini təsdiqlənib

0
189

Britaniya parlamentinin İcmalar palatası ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına yol açan Brexit barədə qanun layihəsini təsdiqləyib.

Britaniya mətbuatı xəbər verir ki, Brexit üzrə Avropa İttifaqı ilə əldə olunan razılaşmanın daxil edildiyi qanun layihəsinin lehinə 358 deputat, əleyhinə isə 234 deputat səs verib.

Böyük Britaniyanın 2020-ci il yanvarın 31-dək Avropa İttifaqını tərk etməsinin yolunu açan qanun layihəsi buna qədər parlament tərəfindən dörd dəfə – üç dəfə Tereza Meyin, bir dəfə isə Boris Consonun baş nazirliyi dövründə rədd edilib. Lakin dekabrın 12-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən Mühafizəkarlar partiyasının inamlı qələbəsi qüvvələr nisbətini əsaslı şəkildə dəyişib. Məhz bu səbəbdən partiyanın lideri və hökumət başçısı Boris Conson prosesi təxirə salmayaraq Brexit barədə sazişi yeni parlamentin ikinci iş günündə deputatların müzakirəsinə çıxarıb.

Brexit üzrə sazişin ratifikasiyasının yanvarın 9-da başa çatması planlaşdırılır. Bundan sonra qanun layihəsi Lordlar palatası üzvlərinin müzakirəsinə təqdim olunacaq, hər iki palatanın təsdiqindən və kraliça II Elizabet tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.