BP-də TANAP-a ortaq oldu

Dünən Ankarada BP şirkəti ilə Türkiyənin boru kəmərləri ilə neft daşıma şirkəti olan BOTAŞ arasında Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən Avropaya nəqlini nəzərdə tutan “Trans-Anadolu” qaz boru kəməri (TANAP) layihəsi çərçivəsində birgə ortaqlıq müqaviləsi imzalanıb. Mərasimdə çıxış edən Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız dünya birjalarında neft qiymətlərinin dəyişməsi ilə əlaqədar qaz qiymətlərinin də aşağı düşməsinə baxmayaraq TANAP layihəsinin davam etdirilməsində qərarlı olduqlarını deyib. “Bu layihənin qarşısına iqtisadi məsələlərdən daha çox siyasi maneələr çıxarılmasına cəhd olundu. Ancaq bu cəhdlər layihənin reallaşdırılmasına maneə olmayacaq”, – deyə T.Yıldız əlavə edib.
”BP-Azərbaycan” şirkətinin rəhbəri Qordon Birrell bildirib ki, Türkiyə son 5-10 ildə mühüm bir enerji mərkəzi olub. TANAP-da pay sahibi olmağımız bizim üçün çox önəmli bir addımdır.

BOTAŞ-ın baş direktoru Mehmet Konuk isə TANAP-ın Türkiyə və Avropanın təbii qaza olan ehtiyacının böyük hissəsini qarşılayacağını və bölgənin enerji təhlükəsizliyini təmin edəcəyini deyib.

Sonra Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, TANAP baş direktoru Saltuk Düzyol, “BP-Azərbaycan” şirkətinin rəhbəri Qordon Birrell və BOTAŞ-ın baş direktoru Mehmet Konuk ortaqlıq müqaviləsini imzalayıblar.

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP layihəsi çərçivəsində imzalanan birgə ortaqlıq müqaviləsindən sonra “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 58%, BOTAŞ 30%, BP şirkəti isə 12% paya sahib olub.

Qeyd edək ki, Türkiyədən keçən hissəsinin tikintisinə martın 17-də başlanılacaq TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.