Boz ayın boz ovqatı

668

Ta qədimlərdən üzü bəri bizdə qış mövsümünü belə bölüblər: başlayanda qırx gün böyük çillə, ardınca iyirmi gün kiçik çillə, sonunda da otuz gün boz ay. Bu sonuncuya bəzi bölgələrimizdə alaçarpo da deyirlər. Doğrusu, bu deyimin nə anlama gəldiyini bilmirəm, ona görə də boz ay ifadəsini daha uğurlu hesab eləyirəm. Hərdən oturub düşünürəm ki, bu boz kəlməsini havanın rəngindən alıblar, yoxsa adamların sifətinin rəngindən?

Bu boz ayın bir xüsusiyyəti var ki, bilmirsən qışdır, yoxsa yaz? Hava kimi adamın ovqatı da çox kövrək, dəyişkən olur boz ayda.
***
Bir neçə gün əvvəl ilk çərşənbə tonqalını yandırdılar. Başım ağrıyırdı, eləcə balkonda dayanıb uşaqlara tamaşa eləyirdim. Tonqalın işığında uşaqların sifəti qıpqırmızı görünürdü. Bir vaxtlar mən də onlar kimi tonqal ətrafında az atılıb-düşməmişəm; indi onların dövranıdır, mənim yaşda olanlara da kənardan baxmaq yaraşar. Deyim ki, onların o cür qayğısız oynamalarına, deyib-gülmələrinə qibtə elədim, – əsla! Vallah istəmədim, istəmədim ki, dönüb onlar kimi qayğısız uşaq olum, dünyanın istisindən-soyuğundan xəbərsiz tonqal üstündən tullanım. Adam öz nəslinin içində, öz yaşı ilə qocalsa yaxşıdır. Bizim tonqallarımız çoxdan sönüb, külünü də küləklər, Allah bilir ki, haralara sovurub.
***
Tanıdın-tanımadın, qarşıdan gələn adama salam vermək istəyirsən, daha doğrusu, öz-özünə deyirsən ki, onu təəccübləndirəsən. Amma yaxınlaşdıqca fikrindən daşınırsan. Başını bir qədər sağa doğru əyib, nəsə deyinə-deyinə gəlir. İndi adamlar, elə bil ki, səssiz düşünə bilmirlər, danışa-danışa düşünürlər. Fikri özündə deyil, bəlkə də, salam versən, heç eşitməz, ya da saxlayıb soruşar ki, sən kimsən, mənə salam verirsən.
***
Elə büzüşürük ki, başımız paltonun yaxalığından bircə qarış çıxsa, bəs eləyir. O da ondan ötəridir ki, ayağımızın altını görə bilək. Yadıma qırx ilin söhbəti düşdü. Kəndimizdə bir kişi ölmüşdü, üçündə zəhmətini çəkənlər, yəni yuyanlar, qəbir qazanlar, odun doğrayanlar, çay qaynadanlar yığışıb ehsan yeyir, yas yeri olmasına baxmayaraq, zarafatlarından da qalmırdılar. Zarafat eləməyib neyləyəcəkdilər ki, səksəni çoxdan adlamış bir dədənin dalınca “şaxsey-vaxsey” getməyəcəkdilər ki. Ölü yuyanlardan biri zarafatla dedi ki, bu rəhmətlik cavanlığında o qədər əyilə-əyilə at oğurluğuna, qoyun oğurluğuna gedib ki, beli açılmayıb; indi bu tənəkənin üstünə uzadanda gördüm, zalım oğlu səndən də, məndən də uzun imiş.
İndi o söhbət yadıma düşür və deyirəm ki, bəlkə də, bizə uşaqlıqdan belimizi düz tutmağı öyrətsəydilər, rus, ingilis qədər olmasa da, hər halda boyumuz indikindən xeyli yaxşı, ovqatımız da xoş olardı. Nəsə büzüşməyə adət eləmişik, o kişi demişkən, bircə tənəkənin üstünə uzadılanda tamam açıla bilirik ki, onun da xeyri qəbir qazana düşür, əgər xeyirdirsə…
***
Səhərlər hava tutqun olanda adam ev-eşiyə girmək istəmir, canı sıxılır. Ha istəyirsən yaxşı şey haqqında düşünəsən, amma göy üzünün buludu elə bil gözünə, könlünə enir.
İşə gəlirsən, pəncərədən çölə baxa-baxa kompüteri açırsan, xəbərləri gözdən keçirib ölkədə, dünyada baş verənlərdən xəbərdar olursan, yazacağın mövzunu götür-qoy eləməlisən, mövzuları ələyirsən. Yazmalısan, çünki qəzet işi konveyer işidir. Meylin olsa da, olmasa da yazmalısan.
Siyasətdənmi yazacaqsan? – Sənsiz da yazan çoxdur, özü də səndən daha yaxşı yazırlar.
Ədəbiyyatdanmı yazacaqsan? – Onsuz da orda qırğın gedir, kimin tərəfini tutacaqsan? Cavan, qoca bir-birinə qarışıb, elə dalaşırlar ki, matın-qutun quruyur. Bir də bic cavanlar var ki, xeyrin yerini qocadan da yaxşı bilirlər; toy toğlusu kimi ortalıqda oynayırlar ki, görüb dəyərləndirən olsun.
Mədəniyyətdənmi yazacaqsan? – Bu saat mədəniyyət deyəndə adamın ağlına xalqsız xalq artistlərinin davasından başqa bir şey gəlmir, o da ki sənlik deyil.
***
Son bir il ərzində pulumuz iki dəfə qayadan sürüşən alpinist kimi xeyli üzüaşağı sürüşdü və biz birdən-birə çox kasıbladıq. Əvəzində təzə söz öyrəndik: devalvasiya. Əslində bu sözün nə demək olduğunu çoxumuz hələ də tam öyrənə bilməmişik, amma deyirlər ki, o hər nədirsə, üçüncüsü də gözlənilir. Bizdə də atalar üçə qədər deyib, nə qədər tənbəl olsaq da üçüncüdə mütləq öyrənərik. İndi bu ala-yarımçıq iqtisadiyyat, bank-maliyyə biliyimlə durub kimə nə öyrədə bilərəm ki? Bir də ki, o qədər danışan var ki, amma heç birinin dediyi tutmur. Hətta baş bankirimiz bu iş olmayacaq deyirsə, böyük ehtimalla olacaq, həm də çox yaxın zamanda. Çünki başımıza gələnlərdən bu dərsi öyrənə bilmişik. Yəni bircə onu bilirik ki, benzin bahalaşmayacaq desələr, bahalaşacaq, pul dəyərdən düşməyəcək deyirlərsə düşəcək, ərzağın qiymətində bahalanma olmayacaq deyirlərsə olacaq. Mənim bütün iqtisadi biliyim, təxminən, bu qədərdir.
***
Adamları, mövzuları bir-bir zehnimdən keçirirəm və mənə elə gəlir ki, bizdə bir-birini yaxından tanıyan, içini bilən adamlar çox azdır, bəlkə də, yox qədərdir. Adını yeni-yeni eşitməyə başladığın adamların müsahibələrini oxuyursan və görürsən, adam bar-bar bağırır ki, mən bu mühitdə, bu insanlar arasında boğuluram, başa düşənim, fikrimi, düşüncəmi bölüşəcəyim adam tapmıram. Bir-birindən xəbərsiz adamlar, bir-birinə yolu olmayan adalar kimi yaşayıb keçirik bu dünya üzündən. Hər kəs gileylidir, hər kəs umduğundan küsür. Arvad ərindən, dost dostundan, ata oğlundan gileylənir. Xəbərlərin də çoxu ya dəhşətli avtomobil qəzalarıdır, ya da bıçaqlanma. Bəzən də elə xəbərlərə rast gəlirsən ki, adam hər şeydən küsür, oxuduğundan az qalır ki, öyüsün. Heyvanın eləmədiyini eləyir cahil insan. İntiharlar yaman artıb. Çoxu da borc üstündə özünü öldürür. Nə deyəsən beləsinə? – Elə bilirsən ki, özünü öldürməklə hər şey qurtardı? – Ay-hay… Qurtarmadı ee, başladı. Kor cəsarət, cahil cəsurluğu… Bilmirəm, daha nə deyim.
***
Bu zamana qədər yaşadıqlarımdan belə bir nəticə çıxarmışam ki, adamın başına nə gəlirsə, öz nəfsinin üzündən gəlir. Hərislik edib nəyisə ələ keçirmək istəyirsən, elə onunla da başlayır. Başlayır və illər uzunu davam edir, rahatlığını əlindən alır, fikrini-zikrini alt-ist edir. Amma sonunda anlayırsan ki, sənin ona heç ehtiyacın yox imiş və illər uzunu bu stresi, bu sancını gərəksiz yerə yaşamısan.
Ölkənin yarısı banklara borcludur, banklar camaata baxır, camaat banklara. Daha bir-birinə borc verən də yoxdur. Verən də gərək dollarla verə ki, alanda uduzmaya. Elə bil, bir-birimizə güvənimiz, inamımız yoxa çıxıb. Bir-birimizə dayaq olmuruq, bir-birimizin yerini dar edirik, ayağını tapdalayırıq, havasına şərik oluruq. Çoxumuzun da başına nə gəlirsə, əsəbdən, stresdən, qorxudan gəlir. Kasıb xəstələnib dərman tapa bilməyəcəyindən qorxur, varlı varını itirəcəyindən.
***
Yadıma başqa zaman dilimləri düşür. Onda biz gecələri küçələrdə keçirirdik. Hamımız bir-birimizə arxa, dayaq idik və çoxluğumuzla öyünürdük. Əlimizdəki çörəyi bölüb tanımadığımız hər kəslə bölüşürdük. Çünki o gecələri o küçələrdə keçirənlərin hamısı doğma idi, dost, qardaş, bacı idilər… Gecə boyunca Bakının azğın küləklərindən qorunmaq üçün bir-birimizə sığınırdıq. Əli silahlı, gözü qanlı cəlladlar qorxutmurdu bizi. Onda çox doğma, çox yaxın idik. Görünür, biz ancaq o cür kritik anlarda birləşə bilirik. İndi durub o günlərin qəhrəmanlarını bir-bir göz önündən keçirəndə görürəm ki… burdan beləsini deməsəm, yaxşıdır.
Uzun illər Avropada yaşayan bir dostum deyir ki, həmişə onlarla bizi müqayisə edir və qənaəti də odur ki, biz çox da pis adamlar deyilik, amma bəlamız ondadır ki, bir avropalı qarşısına çıxan soydaşına öz vətəndaşı, yaxını, doğması kimi baxdığı halda, biz əksər hallarda öz soydaşımızı rəqib, uzun növbələrdə özümüzdən əvvəl dayanan adam kimi görürük. Və bir də onlarda sosial güvən deyilən anlayış var ki, biz hələ də onun nə olduğunu bilmirik.
***
Hər kəs gileylənir, gileylənir ki, onu başa düşmürlər; danışdırsan, görəcəksən ki, sənin düşündüyündən artıq bir şey düşünmür. Bir iş yoldaşımın sözü yadıma düşür. Deyir ki, bu məmləkətdə hamı pulunun azlığından şikayət edir, amma heç bir nəfər də görmədim ki, ağlının azlığından şikayət eləsin. Nə isə, o tərəflərə çox girməyək. Bu da boz ayın boz düşüncəsi ovqatıydı, necə duydumsa, eləcə də yazıya alıb, sizlərlə paylaşdım. Əhvalınızı pozdumsa, cahilliyimə bağışlayın. Bu qədər.

Əli Çərkəzoğlu