Böyükağa müəllimin istefasına sözardı

440

Mən həmişə demişəm, yenə də deyirəm: “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev öz işini bilən məşqçi idi. Odur ki, bu kişiyə həmişə hörmətlə yanaşmışam. Yeri gələndə onun əleyhinə danışanların cavabını da vermişəm, üstəlik, sarı kart da göstərmişəm. Bu tərəfkeşliyimin bir başqa səbəbi də var:  bir zaman o kişi ilə düz bir çaydan çay içmişəm. Elə o vaxtdan onunla möhkəm dostam. Heç top atsalar belə, bizim bu dostluğumuz sarsılmaz. Yəqin deyəcəksiniz ki, bəs niyə o istefa verəndə haqqında bir yazı yazmadın, onun müsbət cəhətlərini ictimaiyyətə çatdırmadın, belə də dostluq olar? Ötən sayımızdakı köşəmdə bu suala qismən cavab verib demişdim ki, qoy, kişi yorğunluğunu alsın, sonra yazaram. Mənə elə gəlirdi ki, bu kişiyə yorğunluğunu almaq üçün heç olmasa qırx gün lazım olacaq. Böyükağa müəllim o qədər yorulmuşdu ki, hətta televizorda belə, futbola baxmayacağını bəyan etmişdi. Bütün bunları bilə-bilə onun meydançasında top qovmağa dəyərdimi? Əlbəttə, yox. Lakin bəzi qəzetlərin verdiyi məlumata görə, bir neçə gün öncə, daha doğrusu, istefa ərizəsinin heç üçü çıxmamış bizim Böyükağa müəllim Azərbaycan Birinci Divizionu çərçivəsində “Zirə” — MOİK oyunu keçirilən stadionda görünübmüş. Elə həmin an da başlayıblar onu sözünün ağası olmamaqda ittiham etməyə. Sözün düzü, bir dost kimi bu, mənim şəstimə toxundu. Odur ki, Böyükağa müəllimlə bağlı bu yazını yazmağı qərara aldım. (Halbuki yenə deyirəm, mən düz qırx gün, qırx gecədən sonra onunla bağlı nəsə yazmalı idim). Əvvəla, onu deyim ki, həmişə sözünün ağası olmuş Böyükağa müəllim, mənim zənnimcə, həmin məkana oyuna deyil, sadəcə, “Zirə” və MOİK-ə tamaşa etməyə gəlib. Hər halda baxmaqla, tamaşa etmək arasında müəyyən fərqlər var. Bu mənada, o, yenə sözünün üstündə dayanıb desəm, yanılmaram.

Hə, bu kiçik izahatdan sonra keçirəm bu böyük insanla bağlı digər fikirlərimə. Böyükağa müəllim dost-tanışlarına qarşı həmişə sədaqətli olub. Özündən böyüklərə, kiçiklərə qarşı münasibəti yüksək mədəniyyəti ilə fərqlənib. Məsələn, onun rəhbərlik etdiyi “Neftçi” “Partizan”a uduzan kimi Sadıq Sadıqov ona deyib ki, daha istefa verməyinin vaxtıdır. Gözünə döndüyüm Böyükağa müəllim də “baş üstə” deyərək bildirib ki, bəs mənim çemodanım hazırdır, gedə bilərəm və gedib də. Bu, məgər onun sözünün ağası olması demək deyil?

Böyükağa müəllim heç zaman əmanətə xəyanət etməyib. Yadınızdadırsa, bu kişi “Neftçi”ni Arif Əsədovdan təhvil almışdı, elə ona da qaytardı. Başqasına da verə bilərdi də. Amma o, öz prinsipindən dönmədi. Kim bilir, bəlkə də, nə vaxtsa Böyükağa müəllim yenə həmin klubu ondan təhvil alacaq? Niyə gülürsünüz? Qardaşım, unutmayın ki, futbol oyundur. Oyunda hər şey ola bilir. İndi hamı bir-biri ilə oynamırmı? Bir də Böyükağa müəllim bu günlərdə verdiyi müsahibəsində açıq-aydın deyib ki, karyeramda “Neftçi” səhifəsini hələlik bağlamışam. Məgər bu cümlədəki “hələlik” sözü mənim dediklərimin təsdiqi deyilmi? Bir də bayaq ərz etdiyim kimi, ortada sədaqət-filan var axı.

Bəli, Böyükağa müəllim getdi. O yalnız futbolumuzdan getmədi, yazarların kisəsindən getdi. Amma o, istefa verəndə bunu anlamayan bəzi idman yazarları ünvanına nələr yağdırmadılar? Onlar unutdular ki, Böyükağa müəllim gedən kimi idman mətbuatı ac qalacaq. Necə ki qaldı. Çünki digər məşqçilərdən fərqli olaraq o, hər yerdə öz sözünü deyir, oyunlara, suallara şablon şərhlər vermirdi. Yəni klubun rəsmiləri “da” deyəndə “da”, “net” deyəndə “net” demirdi. Bu ifadəni ana dilimizə tərcümə etsək, hər “qa” deyənə “qa”, hər “qu” deyənə “qu” demədi. Etiraf edək ki, xeyli vaxtdır onun yoxluğu özünü büruzə verir.

Yeri gəlmişkən, Böyükağa müəllim bizim futbol ictimaiyyətinə çox şeyi anlada bildi: “Koper”ə Bakıda uduzdu, lakin Sloveniyada onları uddu, “Çixura” ilə burada qolsuz heç-heçə etdi, Gürcüstanda qalib gəldi. O anlatdı ki, bizimkilər özgə meydançalarda da qol vura bilirlər. Məsələn, Serbiyada 5 qoldan 4-nü özümüzünkülər vurmadımı? Hə, nə olsun ki, orada ikisini öz qapımıza vurublar? Hərdən dost-tanışa əl tutmağın nəyi pisdir ki? Amma o, “Partizan”ın ona vurduğu yaradan özünə gələ bilmədi. Kim nə deyir desin, onun “Partizan”a uduzmağı hələ də mənə yuxu kimi gəlir. Yenə deyirəm, “Neftçi”nin Bakıda “Partizan”a uduzaraq, Avropa Liqasının qrupuna düşə bilməməsində Tofiq Bəhramov adına Respublika Stadionunun bərbad qazonunun da az rolu olmadı. Əgər oyun “Neftçi”nin ev oyunlarını bir qayda olaraq keçirdiyi “Baksell Arena”da təşkil olunsaydı, nəticə fərqli ola bilərdi. Bizim Böyükağa müəllim özünün növbəti tarixini yazardı. Nə yazıq ki, bu amilə məhəl qoyulmadı. Nəticədə Böyükağa müəllimin qələmini qırdılar.

Nə isə… Amma gərək Böyükağa müəllim “Partizan”la oyundan əvvəl yorğunluğunu boynuna alaydı. Nə yazıq ki, o, bunu etiraf etmədi. Odur ki, bu uğursuzluq onun boynunda qaldı. Bəlkə də, elə bu səbəbdən indi boynunu büküb gəzir. Amma belə görkəm ona əsla yaraşmır.

QVAMİ MƏHƏBBƏTOĞLU