Böyükağa müəllimin “gözaltısı”

0
633

Deyəsən, futbol tariximizdə özünəməxsus ad çıxarmış Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev  boş-bekar gəzməkdən, hərdən onun-bunun meydanına top atmaqdan bezib. Odur ki, yenidən baş məşqçi kimi fəaliyyətini davam etdirmək fikrinə düşüb. Hansı komandada? Bir hövsələniz olsun. Özünün qürub çağını yaşayan “Neftçi”də yox… Hərçənd o, bu komandanı ayağa qaldırmaq istəyər, lakin kimdir onu bu kluba yaxın buraxan? Məgər bilmirsiniz ki, indi “ağ-qaralar” tam “müşahidə” altındadır. Bir də nə tez unutdunuz? Bu klubda Müşahidə Şurası yeni yarananda Böyükağa müəllim demədimi ki, balam, bu “şura” “Neftçi”yə heç nə verməyəcək, odur ki, bu daşı ətəyinizdən tökün. Elə bu sözünə görə, bu kişi “şura”nın, bütövlükdə isə klubun rəsmilərinin qəzəbinə tuş gəlmədimi? Onun bir vaxtlar bu komanda üçün gördüyü işlər – “Neftçi”ni ölkə çempionu etməsi, onu Avropa Liqasının qrup mərhələsinə yüksəltməsi belə unuduldu. Nə isə…

Yoxsa Böyükağa müəllim, yenidən “Bakı”da çalışmaq niyyətindədir? Əsla, yox. Doğrudur, bir müddət öncə o, belə bir sevdaya düşmüşdü. Lakin “Bakı”nın bəzi rəsmiləri bu klubu 2006-cı ildə ölkə çempionu etmiş Böyükağa müəllimin onların dedikləri ilə oturub durmayacağını bildikləri üçün onu bura yaxın qoymadılar. Nəticəsi də hamıya məlumdur. “Bakı” elə həmin rəsmilərin qurbanı oldu: möhkəm “xəstələndi”, “müalicəsi” mümkün olmadı və Premyer Liqanı tərk etdi.

Böyükağa müəllimin adı indi mövsümün nəticələrinə görə Premyer Liqaya yeni vəsiqə almış “Zirə” ilə yanaşı hallanır. Hərçəndə ortada bir rəsmi anlaşma-filan olmasa belə bu hallanma kişinin ürəyincədir. Hətta o, “Zirə”dən dəvət gözlədiyini də etiraf edib. 57 yaşlı mütəxəssis görün nə deyib: “Mən azərbaycanlıyam və vətənimin hər bir bölgəsindən gələn təklifi dəyərləndirməyə hazıram. “Zirə”də niyə də işləməyim? Bəli, bu komanda Premyer Liqaya yeni yüksəlir, debütantdır. Amma bu məqam məni qorxutmaz. Oğul istəyirəm ki, atdan düşə, atlana, sonra bir də düşə və yenə atlana. Debütant komanda ilə də uğur qazanmaq mümkündür. Əgər mənə belə bir təklif olsa, sübut etməyə hazıram. Məşqçi risk etməyi sevməlidir”. Sözün düzü, onun bu dedikləri mənim yadıma bu yaxınlarda dünyasını dəyişmiş tanınmış məşqçimiz Əhməd Ələsgərovu yadıma saldı. O Əhməd Ələsgərovu ki, o, həmişə elə klub götürürdü ki, həmin komanda axrıncı yerdə olurdu. Əhməd müəllim o komandanı iddialılar sırasına qaldırırdı. Bu mənada Böyükağa müəllimin bu iddiası mənə heç də qəribə gəlmir. Əksinə Əhməd Ələsgərovun davamçısı olmaq niyyətinə düşdüyü üçün Böyükağa müəllimə alqış düşür.

Bir də, unutmayaq ki, Böyükağa müəllimin “Zirə” məhəbbəti yeni deyil. “Neftçi”dən ayrılarkən futboldan yorulduğunu deyən Böyükağa Hacıyev bir müddət stadionlardan uzaq duracağını, heç televiziya ilə göstərilən qarşılaşmalara baxmayacağını desə də, qəfildən “Zirə”nin oyununda peyda olmamışdımı? Bu isə Böyükağa müəllimin “Zirə”ni hələ o vaxtdan gözaltı etməsinin sübutudur. Lakin nədənsə Böyükağa müəllim bu sevgini etiraf etməyə özündə güc tapmır.

Görəsən, Böyükağa müəllim öz “gözaltısına” qovuşa biləcəkmi? Təbii ki, bu futboldakı başbilənlərimizdən çox asılıdır. Daha doğrusu, bu məsələdə bir qabağa düşən lazımdır. Əgər düşən olsa, bu “elçilik” mütləq uğurlu olacaq. Unutmayaq ki, “Neftçi” və “Bakı”dan fərqli olaraq, Böyükağa müəllimin “Zirə” ilə heç bir problemi yoxdur. Elə isə kimi, nəyi gözləyirlər? Artıq “Zirə”nin də bu kişi ilə adı çıxıb axı.

Yazımın sonunda bir məqama da toxunmaq istəyirəm. Böyükağa müəllimi minbir bəhanə ilə özündən uzaqlaşdıran “Bakı”nın da “Neftçi”nin də aqibəti hər kəsə bəllidir. Bayaq dediyim ki, “Bakı” xəstələnib, “Neftçi” isə “flaqman”lığından uzaqlaşıb. Qorxuram ki, “Zirə”ni də Böyükağa müəllimin “qarğışı” tuta.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here