Böyükağa müəllimə məsləhət

Bu günlərdə Məşqçilər Komitəsinin üzvü, Neftçi” klubunun sabiq baş məşqçisi, xətrini çox istədiyim Böyükağa Hacıyevin bir açıqlaması diqqətimi cəlb etdi. Oxudum, doğrusu, heç ürəyimcə olmadı. Odur ki, bu narahatçılığımı ona çatdırmağı özümə borc bildim.

Çox hörmətli Böyükağa müəllim, yaxşı bilirəm ki, son aylar “Neftçi”nin adına layiq olmayan oyunlar göstərməməsi, eləcə də qələbəsiz oyunlar seriyasını beşə çatdırması, “İnter”lə oyunda, sözün həqiqi mənasında, faciə yaşaması, bir sözlə, qısa vaxt ərzində bir neçə antirekorda imza atması sizi yaman məyus edib. Amma çox xahiş edirəm, bunu dərd edib qovrulmayasınız. Çünki belə şeylər sizin sağlamlağınıza xətər yetirə bilər. Siz də tam sıradan çıxsanız, vallah, işimiz lap fəna olar. Bir də, a kişi, “Neftçi”nin dərdi təkcə sənəmi qalıb? Maşallah, “Neftçi”nin o boyda təptəzə Müşahidə Şurası var, qoy həmin şuranın üzvləri çəksinlər bu dərdi…Yoxsa belə şeylər onların maraq dairəsinə daxil deyil?

Deyirsiniz ki, mənim vaxtımda da, komanda uduzurdu, amma həmişə deyirdim ki, məğlubiyyətin günahı məndədir, heç bir futbolçunun boynuna atmırdım. Amma indiki rəhbərlik özünü aydan arı, sudan duru aparıb bütün uğursuzluqların səbəbkarı kimi oyunçuları görür. Bəli, bu yerdə, eşşəyi oğurlanmış Molla Nəsrəddinin müxtəlif qınaqlara  (kimi deyir, tövlənin qapısını gərək yaxşı qıfıllayaydın, kimi deyir gərək səs eşidən kimi yerindən qalxıb həyətə çıxaydın və sairə.) tuş gəlməsi və son anda onun belə bir cavab verməsi yada düşür: “Əşi, məgər bu məsələdə oğrunun heç bir günahı yoxdur?” Yəqin, sizi də ən çox narahat edən elə budur.

Bəli, sizin dediyiniz kimi, bu bir həqiqətdir ki, bir vaxtlar “Neftçi” “İnter”i həm evdə, həm də səfərdə udurdu. Hətta, əgər səhv etmirəmsə, siz belə bir açıqlama da vermişdiniz: “İnter” mənim qapazaltımdır”. Amma indi “İnter” “Neftçi”dən qisas alır.

Bəli, bu gün “Neftçi”nin rəhbərliyi bir zamanlar sizin yığdığınız nüfuzu xərcləməkdədir. Bu danılmaz bir faktdır. Amma çox xahiş edirəm, Böyükağa müəllim, özünüzü təmkinli aparın, qoyduğunuz “kapital”ın belə xərclənməsinə üzülməyin, buna görə coşmayın. Bilirsinizmi niyə? Yox, deyəsən, fikrimi sizə çatdırmaqda çətinlik çəkirəm. Belə vəziyyətlərdə mənim imdadıma eşitdiklərim, oxuduqlarım düşür ki, indi də onlardan birinə müraciət etmək zorundayam. Deməli belə: günlərin bir günü Xalq artisti Həsənağa Salayevin bacısı oğlundan – Eldənizdən (öz rolları ilə tamaşaçıların sevimlisinə çevrilmiş Eldəniz Zeynalovdan söhbət gedir) ona şikayətlənir.

– Ay Həsənağa, bizim bu Eldəniz heç dərslərinə fikir vermir. Üstəlik, özünü yaxşı aparmır, sözə qulaq asmır, məhəllə uşaqları ilə dava edir. Heç bilmirəm, nə edim.

Anasının bu şikayətini eşidən Eldəniz dayısının onu tənbeh edəcəyindən duyuq düşərək qaçıb gizlənir. Həsənağa müəllim Eldənizi çarpayının altında tapır:

– Avaranın biri avara, oxumamağın bir yana, bacımı incidirsən, üstəlik, hələ məhəllə uşaqlar ilə dava salırsan? Mən sənin vaxtında Hitlerlə vuruşurdum…

Eldəniz dayısının bu sözlərinə bənd imiş kimi dillənir:

– Ay dayı, sən Hitlerlə vuruşub qurdunu öldürmüsən, qəhrəmanlıq da göstərmisən. İndi Hitler yoxdur deyə, mən boş-bekar oturmalıyam? Mən də öz gücümü kimlərəsə göstərməliyəm, ya yox?

Eldənizin bu cavabı Həsənağa müəllimi yumşaldır. Odur ki, o, bacısına gülə-gülə deyir:

– Ay bacı, bu ki xalis artistdir, odur ki, uşağın üstünə çox getməməyi məsləhət görürəm.

İndi Eldəniz müəllimin sözü olmasın, “Neftçi”nin rəhbərliyi də öz gücünü kimlərəsə göstərməlidir də, ay Böyükağa müəllim, burada hirslənməli nə var ki? Odur ki, sizdən çox xahiş edirəm, rəhbərliyin üstünə çox getməyin…