Böyükağa Hacıyev “Terek”i çalışdıracaq? “Rusiyadan da, İrandan da təkliflər almışam”

587

Tanınmış məşqçi, bir zamanlar “Neftçi”də tarix yazmış, hazırda AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərən Böyükağa Hacıyevın Rusiyanın “Terek” futbol klubu ilə danışıqlar aparması barədə söhbətlər dolaşır. Deyilənlərə görə, bu yaxınlarda Böyükağa müəllim bu komandanın baş məşqçisi təyin olunacaq. Bu söylənilənlərin yalan, yoxsa gerçək olduğunu dəqiqləşdirmək məqsədi ilə Böyükağa müəllimlə telefon əlaqəsi yaratdıq. Böyükağa Hacıyev bizimlə söhbətində bunun şayiə olduğunu söylədi. Buna rəğmən o dedi: “Doğrudur, mən Rusiyanın, İranın futbol klublarından təkliflər almışam, lakin hələlik heç bir dəvəti qəbul etməmişəm. Həmin klubların adlarını da çəkmək istəmirəm”. O daha sonra bildirdi: “Böyükağa Haçıyev kimi bir məşqçiyə təkliflər gəlməsi təbiidir. Bu məsələdə qeyri-adi nəsə axtarmaq doğru deyil. Amma mənim həyat devizim, iş prinsipim tamam başqadır. Mən hər komandanı çalışdırmaq da istəmirəm. Odur ki, belə danışıqlarda öz şərtlərimi də irəli sürürəm. Yəni yüz ölçüb, bir biçirəm ki, sabah başağrısı olmasın. Onu da deyim ki, mən şərt dedikdə bu və ya digər maliyyə məsələsini nəzərdə tutmuram. Hər şeydən əvvəl, müəyyən araşdırmalarımdan sonra komandanın uğur qazana biləcəyi üçün hansı addımların klub rəhbərliyi tərəfindən qəbul ediləcəyini ön plana çəkirəm.

Heç “Neftçi”ni belə vəziyyətdə görmüşdünüzmü?

Fürsətdən istifadə edib Böyükağa müəllimə son günlər uğursuzluqlar məngənəsində sıxılan “Neftçi” ilə bağlı suallar da ünvanladıq. “Görünən kəndə bələdçi lazım deyil” sözləri ilə sualımıza aydınlıq gətirən tanınmış mütəxəssis dedi: “Sözün düzü, “Neftçi” barədə çox danışmaq istəmirəm. Yaxşı olardı ki, suallarınızı komandanın rəhbərliyinə ünvanlayan”. Təbii ki, biz onun bu məsləhəti ilə razılaşmadıq. Az sonra israrımız qarşısında yumşalan Böyükağa müəllim: “Bir neçə kəlmə deyim də…” – dedi. Və “Neftçi”nin bu günkü vəziyyətindən o da narahat olduğunu dilə gətirdi: “Premyer Liqanın VIII turu çərçivəsində “Neftçi” “Qəbələ”ni qəbul etdi və 0:1 hesabı ilə uduzdu. Bununla da turnir cədvəlində vəziyyətini daha da pisləşdirdi. İndi Neftçi 9 xalla turnir cədvəlinin 6-cı pilləsindədir. Özüdə bu xalı 8 oyundan toplayıb, iki qələbəsi var, 3 məğlubiyyəti… Heç “Neftçi”ni belə vəziyyətdə görmüşdünüzmü?

Bu “flaqman”a yaraşan şey deyil axı…”Neftçi” bu pillədə yer almağa layiq deyil. “Neftçi” hər zaman I pillə uğrunda mübarizə aparıb…”

“Doğmamı isə bu vəziyyətdə görmək istəməzdim”

“Böyükağa müəllim, “Netçi” – “Qəbələ” qarşılaşmasından sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Əliyev vəzifəsindən istefa verəcəyini bəyan edib. (Yeri gəlmişkən, artıq uğursuz nəticələrə görə “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov, “Rəvan”ın çalışdırıcısı Emin Quliyev istefa veriblər). Lakin paytaxt təmsilçisinin rəhbərliyi gənc çalışdırıcının istefasını qəbul etməyib. Belə ki, məlumata görə, baş məşqçi Samir Əliyevin də iştirakı ilə Müşahidə Şurasının iclası keçirilib. İclasda ümumilikdə komanda ətrafında müzakirələr aparılıb və Samir bəyin fikirləri dinlənilib. Müşahidə Şurası tərəfindən baş məşqçinin diqqətinə çatdırılıb ki, “Neftçi”nin yaxın gələcək üçün strateji hədəfləri var və bu məqsədlərə məhz Samir Əliyevlə çatmaq niyyətindədirlər. Nəticə olaraq baş məşqçi Samir Əliyevin istefası Müşahidə Şurası tərəfindən qəbul olunmayıb və Əliyev baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək. Bu barədə nə deyə bilərsiniz?” sualına isə Böyükağa müəllim belə cavab verdi: “Məncə, başqa şərhə ehtiyac yoxdur. Görünür, Samir Əliyev onlara xeyir eləyir, ona görə Müşahidə Şurası belə bir addım atıb”.

O daha sonra bildirdi: “Neftçi” mənə doğmadır… Doğmamı isə bu vəziyyətdə görmək istəməzdim. Yəqin, bilirsiniz də… Mən bu komandada 2 mövsüm ərzində çempion titulunu qorumaqla bərabər, “ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə də çıxartmaqla tarix yazmışam”.

“Neftçi”yə necə baş məşqçi arzu edərdiniz?” sualımızı isə o: “Elə bir məşqçi ki, o, heç olmasa Böyükağa Hacıyevin “Neftçi”yə verdiklərinin on faizini verə bilsin” cavabını verdi.

Qvami Məhəbbətoğlu