Böyükağa Hacıyev: “Elə oyun qurmaq lazımdır ki, rəqib sənin əlini “oxuya” bilməsin”

506

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Çixura” ilə keçiriləcək cavab görüşü öncəsi maraqlı fikirlər səsləndirib. Onun müsahibəsi ilə sizi tanış edirik.

– Artıq avqustun 7-də Avropa Liqasında “Çixura” ilə cavab oyununa çıxacaqsız. Gürcüstandakı oyun haqda nə düşünürsünüz?

– “Çixura” ilə cavab matçına hazırlığımızı davam etdiririk. Ayın 6-da (bu gün – red.) səfərə yollanıb, 7-də oyuna çıxacağıq. Onlara qarşı bütün planlarımızı düşünmüşük. Burada necə oynadıqlarını gördünüz. Sərfəli nəticə qazanmağa çalışacağıq.

– Yeni taktika düşünürsünüzmü?

– Bəli. “Çixura”ya qarşı başqa taktika fikirləşmişik. Mən hər oyuna başqa taktika ilə çıxıram. Səfər oyununda da belə olacaq. Necə ki “Koper”ə qarşı başqa taktika fikirləşdik və onlar bunu oxuya bilmədilər, indi də elə olacaq. Amma unutmayaq ki, bu mərhələyə kimi irəliləyən komanda zəif olmur. Onlar da bizi tam analiz ediblər. Bu səbəbdən də taktikanı dəyişməliyik. Elə oyun qurmaq lazımdır ki, rəqib sənin əlini “oxuya” bilməsin. Çalışacağıq ki, onların etdikləri bütün analizlər boşa getsin.

– Hücum xətti və xüsusilə də Ernest Nforun oyunu sizi nə dərəcədə razı salır?

– Nforun çıxışı bizim üçün qənaətbəxş sayıla bilməz. Düzdür, o, səfərdə “Koper”lə və evdə “Çixura” ilə oyunlarda zəif çıxış etdi. Amma bizim komandada heç bir futbolçu əvəzolunmaz deyil. Nfor yoxdursa, Ruslan var. Hər şeyi özünüz görəcəksiniz ki, necə oynayacağıq.

– Hücumdakı problemi necə həll edəcəksiniz?

– Komandaya hücumçu lazımdır. Qrupa düşsək, Nikolas Kanalesi gətirəcəyəm. Bakıdakı oyunda baş verənlərdən sonra heç nədən qorxmuram. Məni nə zamansa qorxan görmüsünüz? Səfərdə analoji halların olacağına inanmıram. Olsa da, biz heç nədən qorxmuruq. Nə mən, nə də komandam.

– Gürcüstandakı oyundan sonra həftəsonu Premyer Liqanın ilk turunda Naxçıvana səfər edəcəksiniz. 3 gün sonra isə Qəbələdə komandanı “Qarabağ”la Superkubok oyunu gözləyir. Qrafikin sıxlığı “Neftçi”yə problem yaratmayacaq?

– Həqiqətən də, çox sıx qrafik də oynayacağıq. Amma bunu da problem hesab etmirəm. Çünki indi heyətimiz daha genişdir. Əlimin altında lazımi qədər futbolçu var. Ola bilər ki, Naxçıvanda fərqli heyətlə meydançaya çıxaq, “Qarabağ”a qarşı tam fərqli heyətlə mübarizə aparaq. İnşallah, Avroliqada “pley-off”a yüksəlsək, lazım gələrsə həmin oyun üçün də fərqli heyət meydana buraxarıq. Çəkinəcək yerimiz yoxdur.