“Böyük şəhərlərdə mental dəyərlərin azalması ailələrin dağılmasına gətirib çıxarır”

0
430

Ailə həyatının ən gözəl meyvəsi sevgidir. Hər ailə xoş xəyallar və ömür boyu davam edəcəyi düşüncəsi ilə qurulur. Ən xoşbəxt günlərində evliliyə dair imza atarkən cütlüklər bir gün böyük mübahisələr yaşayacaqlarını, fikir ayrılığına düşəcəklərini, hətta məsələnin boşanmağa qədər davam edəcəyini ağıllarına belə gətirmirlər. Çox zaman mübahisələr müsbət sonluqla bitsə də, boşanma qaçılmaz olur.
Hər il Dövlət Statistika Komitəsi tərəfindən qeydə alınan boşanma faktlarının sayı artmaqdadır. Belə ki, 2015-ci ilin göstəricilərinə görə, ümumi respublika üzrə boşananların sayı 12088 nəfər təşkil edir. Bunların 4086 nəfəri Bakı şəhərinin sakinləridir. Qazax-Gəncə regionu üzrə bu göstərici 1685, Şəki-Zaqatala 578, Lənkəran 531, Şirvan 274 nəfər təşkil edir. Rəqəmlərə nəzər saldıqda boşananların sayının Bakıda üstünlük təşkil etdiyi müşahidə olunur.
Bəs, görəsən, böyük sevgi ilə qurulan ailənin dağılmasına səbəb nə olur? Niyə tərəflərin bir-birində bəyənib sevdikləri xüsusiyyətlər evlilikdən sonra qəbuledilməz hal alır? Nə üçün böyük şəhərlərdə yaşayanlar arasında boşananların sayı üstünlük təşkil edir? Buna təsir edən amillər nələrdir?
“Şəhərdə yaşayan insanlar ictimai qınaqdan uzaqlaşırlar”
“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən psixoloq Murad İsayev şəhərdə yaşayan insanlar arasında boşanma halına daha sıx rast gəlindiyini bildirdi: “Əlbəttə ki, regionlardakı boşanmalarla Bakıdakıları müqayisə etsək, bu mövzuda insanların bir qədər rahat davrandığını görərik. Genişlənən, şəhərləşən və mental dəyərlərdən nisbətən uzaq qalan böyük şəhərlərdə boşanma faktı çoxalır. Buna səbəb insanlarda qohum-əqrəba, dost-tanış və ictimai qınaq anlayışının get-gedə azalmasıdır. Şəhər sakinləri daha çox öz istəklərinə uyğun qərarlar verməyə, “başqaları nə deyər” düşüncəsindən uzaq qalmağa yönəlirlər. Bu da boşanarkən bir az da düşünmək, tələsməmək əvəzinə, daha tez qərar verməyə gətirib çıxarır. Ümumiyyətlə, bizdə bəzi mental mənalı məsəllər var. Çox zaman qız ailə həyatı qurarkən “gəlinliklə getdiyin evdən kəfənlə çıxmalısan” kimi sözlər deyilir. Lakin Bakı kimi böyük şəhərlərdə insanlar artıq bu cür yanaşmanın əleyhinədirlər. Qeyd etməliyəm ki, sosial-psixoloji anlayış o qədər mürəkkəbləşib ki, bir il nişanlı qalan insan, fərqi yoxdur qadın və ya kişi, ailə qurduqdan sonra qarşısında özünü tanıtdığından olduqca fərqli birini görür. İndi boşanmaların sayının artdığı deyilir, ancaq nəzərə almaq lazımdır ki, son dövrlərdə stereotiplərin də sayı çoxalıb. Azərbaycanda müxtəlif ölkələrə meyilli stereotiplər formalaşıb. Bəziləri Türkiyə, bəziləri Avropa, bəziləri isə Rusiyaya meyilli insanlardır. Belə olduqda isə istər-istəməz bu tiplərin baxış bucaqları üst-üstə düşmür. Bu da ailələrin dağılmasına və konfliktlərin artmasına gətirib çıxarır”.
“Problem yaşayan ailələrin ilk çarəsi boşanma olmamalıdır”
“Bakı inkişaf etməkdə olan bir şəhər olduğu üçün burada müxtəlif psixologiyalı, fərqli xarakterə sahib, eyni zamanda psixoloji problemli insanların olduğunu da nəzərə alsaq, boşanma faktlarına daha sıx rast gəlindiyini deyə bilərik. Həmçinin burada insanlar digər bölgələrimizdə olduğu kimi, ailə quracağı tərəfin nəsil-nəcabəti haqda düşünmədən addım atırlar. Görünüşünə, yaraşığına, və ya uzaqdan-uzağa müşahidə etdiyi hansısa xüsusiyyətini bəyənərək evlənirlər. Boşanmada qeyd etdiyim bütün bu məsələlərin təsiri olur. Lakin daha çox sərbəstlik, rahatlıq, “mənim həyatım mənə aiddir” məntiqi üstünlük təşkil edir. Və bu rahatlıq “istədiyim insanla evlənib, istədiyim zaman boşana bilərəm” düşüncəsindən irəli gəlir. Təbii ki, onlar bu düşüncələrində haqlıdırlar. Heç kəsin kiminsə həyatına müdaxilə etmək ixtiyarı yoxdur. Biz, sadəcə, bir mütəxəssis olaraq tövsiyə verə bilərik ki, tərəflər problem yaşadıqda ilk ağıllarına gələn çarə boşanma olmamalıdır”, – deyə psixoloq vurğuladı.
“Tərəflər ilk 1 ildə dünyaya uşaq gətirmək barədə tələsməsinlər”
M. İsayev ilk 3 ilin adaptasiya dövrü olduğunu dedi: “Evlilikdə ilk 3 il müddəti adaptasiya dövrüdür. Bu zaman kəsiyində həm tərəflər bir-birinə, həm də ailə həyatına uyğunlaşırlar. Bu dövrdə hər hansı problemin yaşanması qaçılmazdır. Lakin bu zaman mövcud sıxıntıdan hansı yollarla çıxmaq olar, onu düşünmək lazımdır. Nəzərə almaq lazımdır ki, ailə quran tərəflər iki fərqli xarakterlərdir. Onların təhsil fərqi ola bilir, ayrı-ayrı ailələrdə tərbiyə alıblar və təbiidir ki, onlar arasında fikir ayrılıqları olacaq. Buna görə də onların həm psixoloji, həm fizioloji, həm də sosial-məişət uyğunlaşması üçün müəyyən müddət tələb olunur. Hətta tərəflər ilk bir ildə dünyaya uşaq gətirmək barədə tələsməsinlər. Onlarda ailə fəlsəfəsi, ailə psixologiyası tam oturmalıdır ki, gələcəkdə boşanma baş verdikdə uşaqlar bundan əziyyət çəkməsinlər”.
“Tərəflər arasında təhsil fərqinin olması da boşanma səbəblərindən biridir”
Sosioloq Əbülfəz Süleymanlının fikrinə görə, aparılan sosioloji araşdırmalar göstərir ki, ər-arvadın təhsil fərqi istər-istəməz bu amilin sonrakı dövrdə anlaşılmazlığın bir səbəbi kimi ortaya çıxır: “Boşananlar arasında Bakıda doğulanların sayı çoxluq təşkil edir. Bu isə onu göstərir ki, şəhər mühitində böyüyən insanların problemlərə dözümlülüyü nisbətən zəif olur. Eyni zamanda şəhərdə əyalətlərlə müqayisədə ictimai nəzarətin zəif, stress hallarının yüksək olması və işləyən qadınların sayının daha çox olması boşanmaya səbəb olan amillər sırasındadır. Rayonlara gəlincə isə, burada boşanma arzuolunmayan bir hadisə kimi qəbul olunsa da, artıq bu stereotiplər getdikcə dəyişməkdədir. Rayonlarda boşanma ilə bağlı düşüncə tərzinin dəyişməsində yeni informasiya məkanı – televiziya, radio, internet vasitəsilə ötürülən informasiyalar təsir göstərir. Diqqətçəkən məqamlardan biri də boşanmış respondentlər arasında internet yolu ilə tanış olub evlənənlərin olmasıdır. Bu da virtual aləmdə tanış olub, evlənənlərin arasında gələcəkdə boşanma hallarının sayının arta biləcəyini göstərir”.
Xəyalə Sadıqova