Böyük Qırğız soyqırımından 99 il keçir

713

Rusiyanın Türküstanda ( Orta Asiya) həyata keçirdiyi işğalçılıq siyasətinın ağır nəticələri zaman-zaman müəyyən fasilələrlə özünü göstərib.

Bu baxımdan imperiyanın əsarəti altında yaşayan türk xalqlarına qarşı ən böyük soyqırımılarından biri də rus çarizmi tərəfindən 1916-cı ildə həyata keçirildi. Günümüzdə belə müəyyən qüvvələr tərəfindən unutdurulmağa cəhd edilən 1916-cı ildə Qırğızıstan ərazisində baş verdiyi üçün tarixdə “Qırğız soyqırımı” kimi tanınan faciənin əsasında I Dünya müharibəsi dövründə Rusiyanın ağır vəziyyətə düşməsi dayanırdı. Belə ki, müharibə dövründə Rusiyanın ciddi ərzaq çətinliyi keçirməsi, öz növbəsində, çar hökumətini Orta Asiyada əhali üçün fəlakətlərə səbəb olacaq tədbirlərə əl atmağa məcbur etdi. Bu müstəvidə də 1916-cı il iyun ayının 25-də çar hökuməti Orta Asiyadakı əhalinin cəbhəyanı rayonlarda məcburi şəkildə müxtəlif işlərə cəlb edilməsi barədə fərman imzaladı. Fərmana əsasən, 19-43 yaşlar arası əhali məcburi şəkildə səfərbərliyə alınaraq cəbhəyanı ərazilərdə müxtəlif işlərə, o cümlədən yeni müdafiə istehkamlarının yaradılmasına, təsərrüfat işlərinə və digərlərinə cəlb edilməli idi. Bu isə, öz növbəsində, yerli əhali tərəfindən xüsusi narazılıqlarla qarşılandı. Əhali məcburi şəkildə səfərbərliyə alınaraq cəbhəyanı ərazilərə göndərilməsinə etiraz etməyə başladı. İyulun əvvəllərində səfərbərliyə alınan əhalinin bir qismini xüsusi silahlı dəstələrin nəzarəti altında vaqonlara dolduraraq cəbhəyanı ərazilərə göndərilməsi cəhdlərinə baş vuruldu. Lakin buna etiraz edən əhali kütləvi şəkildə ayağa qalxdı. 1916-cı il iyul ayının 4-də Səmərqənd vilayətinin Hocənd şəhərində əhali çarizmin bu fərmanının həyata keçirilməsinə etiraz əlaməti olaraq küçələrə axışdı. Təbii ki, etiraz aksiyası dinc xarakter daşıyırdı və onların məqsədi problemin danışıqlar yolu ilə aradan qaldırılması idi. Aksiya iştirakçıları səfərbərliyə alınanların adları olan siyahıların məhv edilməsini yerli icra orqanlarından və səfərbərliyi həyata keçirən qurumlardan tələb edirdi. Lakin yerli əhaliyə nifrət üzərində köklənən və əsasən ruslardan ibarət olan polis əhalinin dinc etiraz aksiyasına qarşı sərt tədbirlər həyata keçirdi. Hocənd polis rəisinin əmri ilə etiraz aksiyası iştirakçılarına polis tərəfindən atəş açıldı. Nəticədə onlarla dinc aksiya iştirakçısı öldürüldü və yaralandı. Bununla da yerli icra qurumları əhalini qorxudacaqlarına və onların bir daha belə aksiyalar başlatmağa özlərində cəsarət tapa bilməyəcəklərinə ümid edirdilər. Lakin Hocənd qırğını əks nəticələr verdi. Hocənddə polis tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən qırğınlar sürətlə bütün Türküstana (Orta Asiyada) yayılaraq əhalinin elliklə ayağa qalxmasına səbəb oldu. Rəsmi məlumatlara görə, Hocənddə aksiya iştirakçılarına divan tutulmasına etiraz əlaməti olaraq, Səmərqənd vilayətində hökumət əleyhinə 25, Sırdərya vilayətində 20, Fərqanə vilayətində isə 86 etiraz çıxışları baş verdi. Etiraz aksiyalarının geniş yayılması, öz növbəsində o dövrdə Vernı adlanan Almatı ilə Daşkənd və Rusiyanın Avropa hissəsi arasında radio-teleqraf əlaqələrinin kəsilməsinə yol açdı. Nəticədə 1916-cı il iyul ayının 17-də Türküstan hərbi dairəsi tərəfindən bütün bölgədə hərbi vəziyyət elan edildi. Amma bölgədə hərbi vəziyyət elan edilməsi öz növbəsində öz haqqlarını müdafiə etmək üçün ayağa qalxan əhali ilə hökumət gücləri arasında qanlı toqquşmalara yol açdı. Üsyançılar adi, primitiv silahlarla silahlanaraq əhalini zorla səfərbərliyə alaraq cəbhəyanı ərazilərə məcburi işə göndərən polislərlə və əsgərlərlə açıq, əlbəyaxa toqquşmalara başladılar. Vəziyyətin ağırlığını görən general-qubernator Nikolay Suxomlinov yerli əhalinin cəbhəyanı ərazilərə məcburi əməyə göndərilməsi barədə çar fərmanının müvəqqəti olaraq təxirə salındığını elan etdi. Lakin artıq əhali çarizmin nümayəndələrinə inanmırdılar. Onlar, ümumiyyətlə, fərmanın geri götürülməsini, ləğvini tələb edirdilər. Amma haqqını müdafiə edən əhalinin üzərinə cəza dəstələri yeridildi. Onlar yerli əhaliyə ucdantutma divan tutmağa başladılar. Nəticədə qısa müddətdə 150 mindən artıq dinc sakin cəza dəstələri tərəfindən öldürüldü, onların evləri yandırıldı, mal-qarası və digər əmlakı isə qarət edildi. Noyabrda etiraz aksiyaları qan içində yatırıldı. Etiraz aksiyaları yatırılandan sonra çar hökuməti orqanları yerli əhaliyə qarşı daha ağır cəzalara əl atmağa, onları alçaltmağa, zorla ərzaqlarını əllərindən almağa başladı. Buna etiraz edən ailələr isə cəza dəstələri tərəindən son nəfərinədək məhv edilirdi. Belə bir vəziyyətdə çarizmin cəza tədbirlərindən yaxa qurtarmaq üçün 500 min nəfərdən artıq adam doğma yurd-yuvalarını tərk edərək, Çinə qaçmağa məcbur oldu. Bu məcburi qaçqınlıq isə tarixə qırğızca “Ürkün” (köç) adı ilə düşdü. Qırğızıstan müstəqilliyini əldə edəndən sonra o dövrdə baş verən soyqırımı yenidən xatırlanmağa başladı. 2005-ci ildən başlayaraq, hər il Qırğızıstanda Ürkün faciəsi kədər və hüznlə yad edilir. Öz növbəsində, Qırğızıstan Prezidenti Almazbek Atambayev 1916-ci ildə ruslar tərəfindən həyata keçirilən soyqırımı faciəsinin 100 illiyinin hüznlə qeyd edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, qırğız qurbanlarının xatirəsinə ölkənin hər yerində xatirə abidələri ucaldılacaq, o dövrdə çarizmə qarşı çıxış edən qəhrəmanların adları əbədiləşdiriləcək.