Böyük Qayıdışa dair I Dövlət Proqramı:  Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan yeni mərhələ

29

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda bütün infrastrukturlar yenidən qurulur. Bu gün tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür.

Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb.

Hazırda Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Ölkə başçısının “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib. Ümumilikdə, yenidənqurma prosesində Azərbaycanın hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması əsas prioritetlərdən biridir. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

2022-ci il may ayının 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Prezident İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşü zamanı bildirmişdi: “Bu gün Böyük Qayıdış dediyimiz prosesə start verildi”.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir.

Sənəddə göstərilir ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin sayəsində 2026-cı ilədək işğaldan azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur. Azərbaycan 2025-ci ilə qədər Ağdam-Xankəndi qaz kəmərini çəkəcək.

Görülən işlər, həyata keçirilən tədbirlər, Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi bir daha deməyə əsas verir ki, Qarabağda və Şərqi Zəngəzurda quruculuq-bərpa işlərinin gündən-günə sürətlənməsi sayəsində insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. “İki sahil”