“Böyük danışan yerdə, kiçik danışmaz”

0
1798

Dərs prosesində, tədbirlərdə və s. yerlərdə şagird və tələbələrimizin əksəriyyətinin düşündüklərini dilə gətirməkdə, insanlarla bölüşməkdə nə qədər çətinlik çəkdiklərinin tez-tez şahidi oluruq.

Bu yaxınlarda Bakıda seminar verən türkiyəli tanınmış seminarçı Əhməd Şərif İzgörən də bu məsələyə geniş yer ayırdı. Universitetdə müəllim işlədiyi vaxtlarda gördüklərini  seminar iştirakçıları ilə bölüşən Ə. Ş. İzgörən bunları dedi: “Müəllim işlədiyim müddətdə auditoriyadan bir şey soruşduqda ya bir türkiyəli, ya da azərbaycanlı tələbə əlini qaldırdığını heç görmədim. Həmişə Avropadan gələn xarici tələbələr əl qaldırar və fikir söyləyərdilər. Nə vaxt ki, türkiyəli, ya da azərbaycanlı tələbədən bir şey soruşurdum üzlərindəki ifadədən bunu başa düşürdüm: “Aha! yenə məni gördü”. Amma imtahan nəticələri həmişə məni təəccübləndirirdi. Bizim tələbələr imtahanlardan daha yüksək qiymət alırdılar. İstər ailələrdə, istərsə də təhsil ocaqlarında uşaqların özünü ifadə etmək bacarığının inkişafına diqqət yetirilmir. Avropada böyüyən uşaqların özlərini daha yaxşı ifadə etdiyinin şahidi oluram”.

Ə. Ş. İzgörənin sözlərinə görə, təhsilin məqsədi insanlara ancaq nəyisə əzbərlətmək olmamalıdır. Belə ki, təhsil birinci növbədə insanların xəyal gücünü inkişaf etdirməlidir. Seminarçı qeyd etdi ki, belə olan təqdirdə, şagird və tələbələrimiz öyrəndiyi məlumatı daha yaxşı analiz edə və dilə gətirə bilər.

 

“Testlər şagirdlərin özünüifadə bacarığının inkişafını məhdudlaşdırır”

Dərslərdə hazırlıqlı tələbələr belə danışmağa cəsarət etmirlər deyən pedaqoq, professor Əjdər Ağayev bunun səbəblərini belə izah etdi: “İnsanların şəxsi keyfiyyətindən çox şey asılıdır. Bəzi şəxslər müəyyən yaş səviyyəsinə çatdıqdan sonra istər dərs, istərsə də ictimai yerlərdə danışmağı, fikir irəli sürməyi özlərinə sığışdırmırlar. Bu xarakterin özünü tanımasından irəli gəlir. Belə insanlar üçün bütün bunlar sanki oyun təsiri bağışlayır”. Müsahibimizin sözlərinə görə, ümumi götürdükdə məktəblərdə şagirdlərə özünüifadə qabiliyyətinin aşılanması səviyyəsi aşağıdır: “Təhsil ocaqlarında tətbiq olunan təlim metodlarında buna geniş imkan verilmir. Bu da hazırkı təlim metodlarının pedaqoji cəhətdən lazımi səviyyədə olmamasından irəli gəlir. Başqa bir məsələ də ondan ibarətdir ki, 9-10-11-ci sinif şagirdlərinin əksəriyyəti, demək olar ki, məktəb üzü görmürlər. Daha çox repetitor yanında olurlar. Bu da onların özünüifadə qabiliyyətini zəiflədir. Çünki repetitorun dərs prosesində buna ehtiyac duyulmur. Şagirdlərə ancaq bilik verilir. Səbəb də budur ki, bizim qəbul imtahanları test üsulu ilə aparılır”. Müsahibimizin sözlərinə görə, artıq ali məktəblərə qəbul imtahanlarının forması da, məzmunu da köhnəlib: “Ali məktəblərə qəbul olmaq üçün testlərə hazırlaşmaq nəinki şagirdlərin özünüifadə bacarığını, hətta onun dünyagörüşünü, bilik dairəsinin inkişafını məhdudlaşdırır. Şagirdlər ancaq  müəyyən fənlər üzrə hazırlaşırlar və onların konkret bilikləri olur”.

Ə. Ağayev onu da əlavə etdi ki, sözügedən problem tək müəllimdən qaynaqlanmır: “Bu, ali məktəblərə qəbul üçün təşkil olunan imtahan metodikasından, fəal interaktiv təlim metodlarının tələblərinin yerinə yetirilməməsindən, müəyyən qədər də xalqın milli xüsusiyyətləri ilə bağlıdır”. Onun sözlərinə görə, “Böyük danışan yerdə, kiçik danışmaz” düşüncəsi də, uşaqlarımızın özünüifadə qabiliyyətinin inkişafının qarşısını alan amillərdəndir.

 

“Rus sektorunun şagirdləri Azərbaycan bölməsində oxuyanlarla müqayisədə düşüncələrini daha aydın ifadə edirlər”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bildirdi ki, bu problem gənclərin böyük qismində müşahidə olunur. Bunun səbəbləri haqqında danışan E. Rüstəmov ölkənin təhsil sistemindən çox şeyin asılı olduğunu vurğuladı: “Rus və Azərbaycan bölmələrində oxuyan şagirdləri müqayisə etsəniz, onlar arasında nə qədər ciddi fərq olduğunu görərsiniz. Belə ki, rus bölməsinin şagirdləri Azərbaycan bölməsində oxuyanlarla müqayisədə düşüncə və mülahizələrini insanlara daha aydın şəkildə çatdıra bilirlər”. E. Rüstəmovun sözlərinə görə, müşahidə olunan bu problem onu göstərir ki, ölkənin təhsil sistemində interaktiv təlim metodlarının tələblərinə ciddi əməl edilmir: “Artıq bir neçə ildir ki, Azərbaycan təhsil sistemində interaktiv təlim metodlarından istifadə olunur. Bu təlim metodu şagirdlərin fərdi psixoloji inkişafına müsbət təsir edir. Amma interaktiv təlim metodlarının təhsil müəssisələrində hansı səviyyədə istifadə olunması məsələsi hələ də aktual olaraq qalır. Müşahidələr göstərir ki, interaktiv təlim metodlarından istifadə məsələsində cavan nəsil müəllimlərlə yaşlılar arasında ciddi bir uçurum var. Cavan müəllimlərin interaktiv təlim metodlarından istifadə etməsində daha çox məqsədyönlüdürlər. Onlar fikirləşirlər ki, gələcək karyeraları bundan çox asılıdır. Amma yaşlı müəllimlər ya bu metodları bəyənmir, ya da təqaüdə çıxmalarına az qaldığı üçün maraq göstərmirlər”.

Müsahibimiz uşaqların özünü ifadə etməkdə çətinlik çəkməsinin ailə tərbiyəsindən də asılı olduğunu bildirdi: “Azərbaycanda əksər ailələrdə valideyn-övlad münasibətlərinin qurulmasında ciddi nöqsanlar var. Belə ki, övladın ataya nəsə sözü olanda birinci anasına deyir. Anası da uşaqlarının sözlərini həyat yoldaşına çatdırır. Bununla da ana uşaqları ilə həyat yoldaşı arasında əlaqələndirici olur. Bütün bunlar uşaqların sərbəstliyini azaldır.  Nəticədə də istər şagird olsun, istər tələbə, fikirlərini dilə gətirməyə ürək eləmir”.

Yazımızı Mövlana Cəlaləddin Ruminin “Nə söylərsən söylə, söylədiyin qarşındakının anladığı qədərdir” sözləri ilə bitiririk. Çünki insanlarla bölüşə və yaşayış tərzimizə tətbiq edə bilmədiyimiz biliyin nə özümüzə, nə də başqalarına heç bir faydası yoxdur.

 

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here