Boşanmalara daha çox səbəb olan psixoloji səbəblər hansılardır?

0
446

Görkəmli şairimiz Məmməd Arazın belə bir sözü var: “Ürəyə girməyi bacarmaq azdır, Ürəkdə qalmağı bacarmaq gərək”…

Bu misralar sevgi münasibətlərində çox böyük həqiqətləri əks etdirir, xüsusilə də günümüz üçün çox aktual səslənir. Aylarla, illərlə bir-birinin yolunu gözləyib, bir-birinə heyran kəsilən gənclər evliliyin bir ilini arxada qoymamış məhkəməyə üz tuturlar. Bu, dəyişən dünyamızda artıq adiləşməkdə olan acı həqiqətlərimizdən biridir. Bir zamanlar bir ailənin dağılması bir elin fəlakəti hesab olunurdu, indi isə adi, sıradan bir hadisə kimi qarşılanır.

Bu dəyişən dünyada həyatımız da, dəyərlərimiz də, münasibətlərimiz də dəyişir və təəssüflər olsun ki, bu dəyişmə heç də hər məsələdə xoş sürprizlər vəd etmir. Bir vaxtlar daha çox sevmədən, böyüklərin məsləhəti ilə evlənirdilər, amma boşanmalar nadir hallarda baş verirdi, indi isə daha çox sevərək, bir-birinə isinişərək ailə qururlar, amma, təəssüflər olsun ki, boşanmalar ilbəil artır.

Elə isə bizə nə olub? Yoxsa, bir-birimizi necə sevəcəyimizi bilmirik? Yoxsa, bir-birimizi necə qiymətləndirəcəyimizi bacarmırıq? Yoxsa, sevgi dediyin təmənnadan başqa bir şey deyil?.. Səbəblər müxtəlif, talelər fərqli-fərqli. Amma nə deyirsiniz-deyin, ailə müəssisələrinin getdikcə öz möhkəmliyini, öz davamlılığını itirməsi bizə xoş şeylər vəd etmir. Hər bir azərbaycanlı üçün ailə – qala deməkdir. Yəni, hər birimiz üçün ailəmiz alınmaz qalamızdır. Əgər mentalitet deyilən bir şey varsa və biz buna inanırıqsa, əmin olun ki, Azərbaycan mentalitetinin başında həmişə ailə münasibətləri gəlib. Azərbaycan mentalitetində ailə münasibətləri, daha doğrusu, ailə məhrəmiyyəti həyat qədər dəyərli, uca tutulub. Bu da bir həqiqətdir ki, Azərbaycan klassik Şərq mədəniyyətini təmsil etdiyi üçün burada ailə məsələsi həmişə çox ağır bir məsuliyyət kimi anlaşılıb. Yəni, ailə qurursansa, artıq tək özünü yox, ömür-gün yoldaşını da düşünəcəksən və hətta yeri gələndə onun qayğılarını hər şeydən öndə tutacaqsan. Azərbaycan ailəsinin təməl dayağı həmişə fədakarlıq olub. Təsəvvür edirsinizmi, evə gələn gəlin təkcə həyat yoldaşının deyil, onun ata-anasının da, əgər varsa baba-nənəsinin də, qardaş-bacısının da nazını çəkməli, bir növ o ailənin atmosferinə girənə qədər çox fədakarlıqlara qatlasmalı olub. Çətin deyilmi? – Əlbəttə, çətindir. Amma aradakı sevgi, xətir-hörmət, böyüklərin xeyir-duası bütün çətinlikləri, ağrı-acıları bir anda unutdura bilib. Qərbdə isə ailə daha çox azadlıq, sərbəstlik demək olub və biz bu gün qərbləşmə yolunu tutmuşuq. Bu yol ilk baxışdan çox rahat, çox asan görünür, amma, bir qədər yuxarıda dediyimzi kimi, bir çox hallarda da acı sonluqla nəticələnir. Qəribə burasındadır ki, artıq boşanma çoxları üçün heç də acı sonluq mənasına gəlmir. Qısa bir müddətdə hər şey demək olar ki, kökündən dəyişir…

Statistika göstərir ki, bu gün Amerikada qadınların 41 faizi nikahdankənar yaşayır. Yəni, onlar üçün “ailə, uşaq sahibi olmaq” hissi yox, sadəcə olaraq “gün keçirmək” hissi daha vacibdir. Demokratiyanın beşiyi olan Avropada da mənzərə son dərəcə qorxuncdur. Təəssüf ki, bizdə də vəziyyət getdikcə arzuolunmaz xəttə yaxınlaşır. Sizə zarafat gəlməsin, son illərin statistik göstəricilərinə görə, ölkəmizdə boşanmaların faizi xeyli artıb.

Ailələrin dağılmasının müxtəlif səbəbləri var. Təbii ki, bu mövzuda danışanda, ilk növbədə, ağlımıza iqtisadi problemlər və onların törətdiyi fəsadlar gəlir. Bəli, bu amil çox mühümdür, amma hamısı deyil. Əgər başqa cəbhələrdə hər şey düzgün tənzimlənsə, bu sahədəki boşluğu kompensasiya etmək olar. Məsələ burasındadır ki, iqtisadi problemlərlə yanaşı digər məsələlər də boşanmaların artmasında az rol oynamır.

Hər şeydən əvvəl, məsələnin psixoloji tərəflərinə nəzər salmaq lazımdır. Bu bir həqiqətdir ki, son dövrlərdə qurulan ailələrin əksəriyyətində gənclər evliliyə hazır deyillər. Evliliyə hazırlıq təkcə cinsi yetkinlik demək deyil, məsuliyyətdir, yeni həyat ritmidir, hər şeyini paylaşmaqdır, özü ilə yanaşı, başqasının da qayğılarını, problemlərini düşünməkdir. Əgər gənclər bunu qəbul etmirlərsə, demək, evliliyə hazır deyillər.

Dinimiz evlənəcək gənclərin bir-biri ilə görüşmələrini, tanış olmalarını, hər şeyi irəlicədən müzakirə edərək, vəzifələrini, hüquqlarını bölmələrini tövsiyə edir. Adətən, o ailələr sağlam olur ki, tərəflər öz hüquqları ilə yanaşı, vəzifələrini də yaxşı bilirlər. Çünki tərəflərdən biri öz vəzifələrini yerinə yetirmədikdə münasibətlər getdikcə gərginləşir, təsəvvürlər alt-üst olur və acı nəticə qaçılmaz hala gəlir. Sevmək böyük nemətdir, əlbəttə, ömrünü, qayğılarını, məişətini, süfrəni bölüşdüyün insanla bir-birini sevmək, onun üçün darıxmaq gözəldir. Amma sevgi gözləri kor edəndə fəlakətin anası olur. Belə ki, sevgi reallığın üstünü pərdələyirsə, tərəflər bir-birilərini olduğu kimi görə bilmirlərsə, belə sevginin ömrü də uzun olmur. Sevmək həm də fədakarlıqdır, sevdiyinin yolunda cəfaya qatlaşmaqdır. Amma elə ilk addımda qarşılaşdığın problemdən qorxub geri çəkilmək bu münasibətlərin ömrünü qısaltmaq deməkdir. Sevmək həm də ummaqdır. Umulan olmayanda sevgi də öz təravətini, gözəlliyini saxlaya bilmir.

Mövzu ilə əlaqədar tanınmış mütəxəssislərimizə müraciət etdik və aşağıda onların fikirlərini sizin diqqətinizə çatdırırıq…

Psixoterapevt Fəxriyyə Məmmədova: “Ailədə boşanmalara daha çox səbəb olan psixoloji səbəblər: anlaşılmazlıq, hörmətsizlik, uşaqların tərbiyəsi, ailə büdcəsinin düzgün xərclənməməsidir. Ailənin tərəfləri bir-birilərinə hörmətlə yanaşmalı, qarşı tərəfi başa düşməyə, ona yardım etməyə çalışmalıdırlar. Arada qarşılıqlı anlaşma olmayanda ən adi bir məsələ belə inciklik üçün səbəb ola bilər. Belə olanda da bəzi kişilər fiziki üstünlüklərindən sui-istifadə edir və zorakılığa yol verirlər. Halbuki, ailə fərdləri bir-birini anlayışla qarşılamalı, hər xırda qüsuru böyütməməli, bir-birinə güzəştə getməyi bacarmalıdırlar. İstər qadın olsun, istər kişi qarşı tərəfin fədakarlığına, ona qarşı olan sevgisinə inanandan sonra eyni fədakarığı və eyni sevgini göstərir. Çox nadir adam tapmaq olar ki, bu fədakarlığı və ya bu sevigini qiymətləndirməsin. Bundan əlavə, ailədə tərəflər arasında bir-birilərini qısqanmaq məsələsi də var. Bunu təbii qarşılamaq olar, amma arada qarşılıqlı inam olmali və bu hissin öz həddini aşmasina imkan verilməməlidir. Psixoloji səbəblər arasında əsas səbəblərdən biri də eqoizmdir. Halbuki ailədə qarşılıqlı səmimiyyət olmalı, qarşı tərəf o birinə (ya ad əksinə) yuxarıdan aşağı baxmamalıdır. Təəssüf ki, cəmiyyətimizdə az da olsa, bu cür hallara da rast gəlmək mümkündür”.

Psixoloq Hüseyn Xəlilov: “Ailədə boşanmaların bir çox psixoloji səbəbləri var. Bu səbəblərin ən başlıcası xarakterlərin tutmamasıdır. Ailə ilk qurulduğu vaxtlarda hər şey qaydasında olur. Ancaq bir müddət keçdikdən sonra tərəflərin xasiyyəti bir-biriləri ilə uyğunlaşmır. Əgər boşanmış ailələrdən boşanmalarının səbəbini soruşsanız, əksəriyyəti xasiyyətlərinin düz gəlmədiyini deyəcəklər. İkinci psixoloji amil isə ailə fərdlərindəki mənəvi boşluqlardır. Vaxt keçdikcə onlar arasında eqoizm baş qaldırır. Son vaxtlar bu eqoizm daha ciddi nəzərə çarpır. Ailənin bir tərəfi seriallara, sosial şəbəkələrə yönəldikdə bu eqoizm özünü daha qabarıq büruzə verir. Bundan əlavə, bir də həyat yoldaşlarını “evin süpürgəsi” kimi görən insanlar var. Bu isə gec və ya tez ailədə tarazlıgin pozulmasi deməkdir. Digər tərəfdən, ailə üzvləri verdikləri sözü yerinə yetirə bilmirlər və bəhanələr uydururlar. Belə hallar boşanmalar üçün münbit şərait meydana gətirir. Bir də ki, fərdlər bir-biriləri ilə paylaşmağı bacarmalıdırlar. “Sən eləməlisən”, “Sənin işindir” və s. kimi şablon fikirlər paylaşma hissinin qarşısına sədd çəkir.

Təkcə ailə məsələsində deyil, hər hansı mövzuda insanları iki qismə bölmək mümkündür: Əli çatan, hökmü keçən, hər şeyə “mənimdir” deyənlər, bir də əli altında, hökmü altında olan hər şeyi Allahın əmanəti bilənlər. Təkcə bu məsələ insanları bir-birindən ayırmaq, daha yaxşı tanımaq üçün kifayətdir. Bəli, bu dünyada bizə verilmiş hər şey Allahın əmanətidir. Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) də Vida Xütbəsində: “Ey kişilər, siz qadınları Allahın əmanəti olaraq alıb öz nikahınıza qəbul etdiniz” – buyurmuşdur. Ailə müəssisəsinin ciddiliyinə gəldikdə isə “Siz evlənərək dininizi tamamlamış olursunuz” – deyilməkdədir. Ailə insan fitrətinin ehtiyacıdır, tərəflər ailə içində bir-birini tamamlayır, bir-biri ilə məmnun olurlar. Ailə münasibətləri ciddi olmağı sevir ki, təravətini, şuxluğunu, gözəlliyini itirməsin.

Böyüklərdən biri deyir ki, ən qalın pərdə ən yaxın adamlar arasında olmalıdır. Yol yoldaşı ilə küsüşərsən, uzaqbaşı yolu sükut içində gedərsən; iş yoldaşınla küsüşərsən, başını bir işlə qarisdirarsan; qonşu ilə küsüşərsən, o tərəfə baxmazsan, amma ailədən küsmək çox dəhşətli olur, belə ki, evin içində hara baxsan, o var.

Bəli, bir-birinizi Allahın əmanəti olaraq sevin. Əgər siz bir-birinizi bu düşüncə ilə sevsəniz, Əmanət Sahibi də sizin bu düşüncənizi, bu sevginizi mükafatlandırar, bərəkətləndirər. Ürəyin istədiyi həmişə xeyirli olmur. Bəzən “ürəyim istəyir” məntiqi ilə hər şeyi dəyərdən salır, sonra da münasibətləri dözülməz hala gətirirlər.

Yazımızı Məmməd Arazın sözləri ilə başlamışdıq, Məmməd İsmayılın sözləri ilə tamamlamaq istəyirik:

“Evlənən gününün sabahı günü, Qoymayın dünyanı adiləşməyə”…