Boş yer qalmayanda

448

Bəri başdan deyim ki, mənim ağsaqqallara hörmətim böyükdür. Amma nə edəsən ki, bəzən ağsaqqallar elə işlər görürlər ki…
O gün həyətdə öz maşını üçün qaraj tikmək istəyən naməlum şəxsə qonşuların hamısı bir nəfər kimi öz kəskin etirazlarını bildirdilər. Hələ bu azmış kimi yuxarı bildikləri bir neçə təşkilata da zəng etdilər. İnsafən, “hadisə” yerinə bir neçə təşkilatın nümayəndələri təşrif buyurdular və əlüstü bildirdilər ki, naməlum şəxsin inşa etdirmək istədiyi obyektin heç bir hüquqi əsası yoxdur. Beləcə, tikinti işi “dayandırıldı”.

Bu “anlaşmadan” bir neçə gün keçmiş naməlum şəxs qarajın tikintisini yenidən bərpa etdi. Qonşular yenə əl-ayağa düşdülər. Bu dəfə tikinti sahibi onlara öz imkanlarını “nümayiş” etdirməklə hədə-qorxu gəldi. Əlavə etdi ki, o, yuxarı təşkilatlarda çalışan adamlarının köməyi ilə nəyin bahasına olursa olsun, daşı ətəyindən tökməyəcək və daşı daş üstə qoyacaq. Odur ki, qonşular onunla söhbətin mənasız olduğunu dərk edərək, bu dəfə də yuxarı bildikləri təşkilatlara üz tutdular. Yuxarıdakı qurumların birində çalışan Səfael müəllim də: “Ərizə ilə müraciət edin. Aranızdan bir ağsaqqal da seçin ki, bizimlə əlaqə saxlasın”, – dedi. Bəli, qonşular onun bu məsləhətinə cani-dildən əməl etdilər. Lakin ağsaqqal məsələsini həmin an həll etmək mümkün olmadı. Çünki məhəllənin veteranları – həm Əliş kişi, həm Səttar dayı, həm də Novruzəli əmi bu “vəzifəyə” iddialı idilər. Hətta iş o yerə çatdı ki, ağsaqqallıq üstündə onların arasında mübahisə də yarandı. Çox götür-qoydan sonra səs çoxluğu ilə ağsaqqallıq Əliş kişiyə həvalə olundu. Ağsaqqalın qonşuların qarşısındakı odlu çıxışından bəlli oldu ki, o, bu məsələni qonşuların xeyrinə həll etmək üçün dəridən-qabıqdan çıxacaq və bir neçə gündən sonra “hesabat” məruzəsi ilə çıxış edəcək. Hamı ona uğurlar dilədi.

Ağsaqqal Əliş kişi işə yaxşı başladı. Hətta qonşuların adından müxtəlif orqanlara ultimatumlar göndərdi ki, biz ölərik, amma məhəllə ilə heç bir əlaqəsi olmayan naməlum şəxsin həyətimizdə qaraj tikməsinə imkan vermərik. Hətta belə bir fikir də söylədi: “Həmin adam getsin, yaşadığı binanın həyətində özünə qaraj tiksin”. Bəli, Əliş kişinin bu qəhrəmanlığı, daha doğrusu, müvafiq qurumlarla hər döyüşdən qalib çıxması onun hörmətini birə-beşə artırdı.

Əliş kişinin bu fədakarlığından bir neçə gün keçmiş həmin naməlum şəxs yenidən həyətdə peyda oldu və qarajın tikintisini davam etdirməyə başladı. “Bu nə məsələdir?” – deyə qonşular bir-birinə dəydilər. Kimsədən səs çıxmadı. Odur ki, hamı Əliş kişini axtarmağa başladı. Lakin onu “gördüm” deyən olmadı… Az sonra məlum oldu ki, yuxarı orqanların nümayəndələri Əliş kişini ələ alıblar. Daha doğrusu, həmin kənar adamın tikmək istədiyi qarajın yanında onun üçün də sahə ayırıblar. Bununla da Əliş kişini özləri tərəfə çəkiblər. “Ağsaqqal”ın bu hərəkətindən əsəbiləşən qonşular onun ünvanına bir neçə yağlı kəlmə işlətdikdən sonra yenə də bir nəfər kimi yuxarı orqanlara üz tutdular. Yuxarı orqanın nümayəndəsi adəti üzrə: “Ərizə yazın və özünüzə yeni bir ağsaqqal seçin”, –  dedi. Bu dəfə də ağsaqqal seçmək müşkülə düşdü. Belə ki, qonşulardan kimsə bu missiyanı üzərinə götürmək istəmədi. Hətta keçən dəfə öz namizədliyini irəli sürmüş Səttar dayıdan, Novruzəli əmidən də səs çıxmadı. Həmin hadisənin iştirakçısı kimi qonşularımın bu hərəkətinə mat-məəttəl qaldım: axı niyə kimsə bu missiyanı üzərinə götürmək istəmir? Məni bu kimi düşüncələrdən bütün bu olayların fəal iştirakçısı olmuş Xanbikə xalanın bu sözləri ayırdı: “Axı həyətdə daha boş yer qalmayıb”.

Yenə deyirəm, mənim ağsaqqallara hörmətim böyükdür. Amma nə edəsən ki, bəzən ağsaqqallar elə işlər görürlər ki, heç qələmə almaq olmur. Odur ki, bu olayı klaviaturaya aldım.

q.mehebbetoglu@zaman.az