“Boş ver”mələr

548

Bəziləri məni bəzi məsələlərdə o ki var qınayırlar. Məsələn, o gün bir tanışım deyir ki, sən daha “feysbuk”da görünmürsən. Deyirəm, ay başına dönüm, necə görünüm axı? Məgər sən görmürsən ki, indi hamı “feysbuk”da nələr paylaşır? Kimi açıq-saçıq şəkillərini, kimi it-pişiyinin fotolarını… Adam var, hətta bədənini camaata göstərməklə sanki rahatlıq tapır. Bəziləri də elə şeylər yazırlar ki, adam oxuyanda əti tökülür. Mənə bunlar lazımdır? Ət demişkən, indi dəb düşüb: kiminin əlinə bir-iki kilo ət düşür, bir ağacın altında kabab çəkib, qoyur “feysbuk”a. Bununla nə demək istəyirlər görəsən? Özü də nə qədər qəribə olsa da, bu virtual məkanın belə statuslarını – görüntülərini bəyənənlərin sayı daha çox olur. Cəmiyyətdə baş verən proseslərə mövqe bildirənlərə çox az-az rast gəlmək olur. Bir sözlə, hərə bir yolla özünüreklamla məşğuldur. Mən belə sualları qaldıran kimi həmin tanışım deyir ki, ə, boş ver… Sosial şəbəkədə belə şeylər adi şeylərdir.
Bir tanışım deyir ki, səni daha toylarda görə bilmirəm. Deyirəm, qardaş, son günlər toylara nəmər göndərməklə kifayətlənirəm. Çünki gur musiqinin səsindən məclisdə otura bilmirəm. İnandırım səni, səs başıma düşən kimi havalanıram. Günlərlə özümə gələ bilmirəm. Belə ab-havada nəinki yemək yemək, heç yanında oturanla ünsiyyət qurmaq olmur axı. Yemək demişkən, mənim təxmini hesablamalarıma görə, indi toylarda adambaşına 10-15 adda yemək düşür. Görəsən, “Ginnesin rekordlar kitabı”nda belə bir fakt varmı? Məncə, yoxdur. Bir dəli şeytan deyir ki, bununla bağlı həmin kitabın rəsmilərinə müraciət et… Nə isə… Bu səbəbdən indi toylarda xəsarət alanlar kateqoriyası da formalaşmaqdadır. Sadəcə, açıq ağartmırlar. Elə bu təşvişin nəticəsində bir neçə toy məclisini çox erkən tərk etmişəm. Son günlər bu qərara gəlmişəm ki, şadlıq saraylarının sahibləri qəsdən belə şərait yaradırlar… Bununla həm o başdan qazanırlar, həm də bu başdan. Buna, necə deyərlər, adım kimi əminəm. Adi bir misal: məclisin axırına yaxın stollara dondurma gətirilir. Heç bir toy sahibi, yaxud toy məclisi keçirilən sarayın rəsmisi deyə bilməz ki, həmin dondurmadan məclisə təşrif buyuranların iyirmi faizi dadır. Bu sözləri tanışıma söyləyəndə deyir ki, ə, boş ver, toylarda belə şeylər adi şeylərdir.

Bir tanışım deyir ki, son illər paytaxtda gül kimi yarmarkalar təşkil olunur, amma sənin yolun heç həmin məkanlara düşmür. Üstəlik, ərz edir ki, bəs artıq bazarlar tarixə qovuşmaqdadır. Deyirəm, ay qardaş, axı indi yerli bazarlarla müqayisədə yarmarkalarda satılan məhsulların qiymətlərində fərq yoxdur. Hətta çox vaxt yarmarkalarda satılan məhsulların qiymətləri daha yüksək olur. Yarmarkaların yalnız adı var. Sizi bilmirəm, belə yarmarkalar mənə hərdən paytaxtın sərgi salonlarında təşkil olunmuş rəsm sərgilərini xatırladır. Bilirsinizmi niyə? Çünki indi yarmarkalara da təşrif buyuranların sayı elə rəsm sərgilərinə baş çəkənlər qədərdir, yəni olduqca azdır. Onlar da, sadəcə, tamaşaya gələnlərdir. Bu arada mən tanışıma dedim ki, ayə, bəs sən niyə “gözəl tablolardan ibarət sərgi salonlarında” görünmürsən? Nə desə yaxşıdır: ə, boş ver, nə sərgibazlıqdır, canım? Deyirəm, yaxşı, bəs sənin niyə kitab mağazalarına yolun düşmür? Deyir ki, kitab almağa imkanı yoxdur. Deyirəm, imkanın yoxdursa, bəs əlindəki beşyüzmanatlıq telefon nədir? Tanışımın: “Ə, boş ver” deməməyindən hiss edirəm ki, bu sözüm ona möhkəm toxunub.

Telefon demişkən, bu cib telefonu da başıma bəla olub. Ay kişi, gün ərzində adama heç tanımadığı ünvanlardan nə qədər mesaj – SMS gələr axı? İnandırım sizi, heç bazar günləri də rahatlığım yoxdur e… Elə tanışımla bununla bağlı söhbətimi davam etdirmək istəyirdim ki, telefonuma yeni bir mesaj gəldi, özü də boş. İstədim həmin ünvana zəng edib, abrını ətəyinə büküm. Tanışım bu dəfə də “boş ver” deyəndə dözə bilmədim. Odur ki, dedim: “Ay kişi, vallah-billah, boş yerə “boş ver” deyirsən”.

… Görəsən, biz niyə belə şeylərə “boş ver” deyirik? Axı “boş ver”mələr bizim həm mənəviyyatımızı, həm də maddiyyatımızı boşaldır. Qorxuram ki, bu yazını oxuyanlar da məni boş şeylərə baş qoşduğum üçün qınayarlar və deyərlər: “Ə, boş ver”.

Qvami Məhəbbətoğlu