Boris Nemtsovun öldürüləcəyi əvvəlcədən bilinib

527
Boris Nemtsovun ölümü ətrafında söz-söhbətlər səngimək bilmir. 
Rusiya mətbuatı iddia edir ki, Nemtsovun ölümü əvvəlcədən bilinib. Belə ki, Vikipediyada Boris Nemtsov haqqında yazıda əvvəlcədən onun ölüm tarixi bildirilib. Sui-qəsddən bir neçə saat əvvəl siyasətçi haqqında məqalə dərc edilib. “2015-ci il 27 fevral tarixində Moskva şəhərində öldürülüb”,- deyə yazıda qeyd olunur. Lakin diqqət çəkən məqam bundan ibarətdir ki, yazıda siyasətçinin ölümündən bir neçə saat əvvəl 21:40 qeyd olunur ki, Nemtsov 23:40-da öldürülüb. Əldə edilən məlumatlara görə, Vikipediyaya yerləşdirilən yazının İP ünvanı İvanova şəhərindədir.

 

Boris Nemtsovun həyatının son anlarını müşahidə kameraları qeydə alıb

Moskvanın Qırmızı Meydanında yerləşən mərkəzi univermaqda quraşdırılmış müşahidə kameraları Boris Nemtsovun həyatının son anlarını qeydə alıb. Boris Nemtsov və Anna Duritskaya mərkəzi univermaqda yerləşən  “Bosko-kafe”də fevralın 27-si saat 22.00-da görüş təyin ediblər. Onlar ticarət mərkəzinə müxtəlif girişdən daxil olduqdan sonra bir neçə dəqiqə telefonla danışaraq olduqları yeri müəyyən etməyə çalışıblar.

Boris Nemtsov təyin olunmuş məkana birinci gəlib və dayanmadan kafeyə daxil olub. Bir neçə dəqiqədən sonra kafeyə yaxınlaşan Anna Duritskaya bir anlıq dayanaraq ətrafa göz gəzdirib və sonra içəri keçib və onlar birgə şam ediblər. Beləliklə, Boris Nemtsov həyatının son bir saat yarımını Anna Duritskaya ilə birgə keçirib.

Kafenin bağlanmasına az qalmış cütlük 23.25-də bayıra çıxaraq “Vasilyevski enişi”nə doğru hərəkət edib və təxminən 10 dəqiqə “Böyük Moskvoretski” körpüsünə  çatıb. Bundan təxminən 3 dəqiqə sonra qatil “Makarov” ehtimal olunan tapançadan Boris Nemtsova atəş açaraq qətlə yetirib. Açılan 6 güllədən dördü hədəfə dəyib. Nemtsov aldığı ağır güllə yaralarından hadisə yerindəcə keçinib.  23 yaşlı Anna Duritskaya xəsarət almayıb.

 

BMT baş katibi B. Nemtsovun qətlindən şokda olduğunu bildirib

BMT baş katibi Pan Qi Mun rusiyalı müxalifətçi Boris Nemtsovun qətlindən şokda olduğunu və cinayətkarların məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib. Bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib: “Baş katib Boris Nemtsovun fevralın 27-də Moskvada amansızcasına qətlə yetirilməsi xəbərindən şokdadır və kədər hissi keçirir. Baş katib qətlin istintaqının başlandığını qeyd edir və cinayətkarların məsuliyyətə cəlb olunacağına ümid edir”.

 

Putin “alçaqları cəzalandıracaq”

Rusiya Prezidenti Vladimir Putin müxalifət lideri, məşhur siyasətçi Boris Nemtsovun anasına teleqram ünvanlayıb. O, qatillərin layiqli şəkildə cəzalandırılacaqlarına inandığını bildirib: “Alçaq və ikiüzlü qətlin sifarişçilərinin və iştirakçılarının layiqli cəza almaları üçün bütün lazımi addımlar atılacaq”.