Borc

0
69

 

Hər bir insanın həyatında müəyyən dəyişiklik yaradan, onun xoşbəxtliyə, ən azından, arzuladığı istiqamətə yönəlməsində mühüm rol oynayan, necə deyərlər, suyu axarına calayan yaxın-uzaq adam, yaxud adamlar həmişə olub və olacaq da. Müəqəddəs Quran “Ali-Imran” surəsində (3/104)  deyir: “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”. (Quran – V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)

Nə xoş o insanlara ki, aralarında belə insanlar vardır. Deyə bilərsiniz ki, insanları düz yoldan sapdıranlar da nə çox. Mən bu yazıda birincilərdən bəhs edəcəyəm.

Ölçüsündən asılı olmayaraq yaxşılıq və yaxşılığa qarşı minnətdar olmaq ali insani xüsusiyyətlərdir. Heç yadımdan çıxmaz. Ötən əsrin 80-ci illərində kəndimizdə ev tikirdim. Müəllim maaşım az olduğundan kərpic işini özümüz görürdük. Kəsdiyimiz kərpicləri daha yaxşı quruyub bərkimələri üçün yerdən qoparıb üst-üstə yığmalı olurduq. Hər gün işə gedib gələn qonşumuz rəhmətlik Sultanməcid kişi bizimlə salamlaşıb yerdən bir kərpic götürüb qoyar və əlavə edərdi ki, bu gün yerə bir dəfə az əyiləcəksən. Söhbət bir kərpiclik köməkdən getmir. O, öz kiçik köməyi ilə bizə ruh yüksəkliyi verir, əhvalımızı yüksəldirdi. Təsəvvür edin ki, əsas yolun kənarında işlədiyimizdən gündə ən azı on nəfər Sultanməcid kişinin nümunəsini təkrar etsəydi, bizlərə nə qədər kömək etmiş olardılar. Kömək etməmələri bir yana, “Allah qüvvət versin”! duasını deməyə ərinənlər də az deyildi. Uzun illər keçməsinə baxmayaraq, Sultanməcid kişini bu gün də rəhmətlə yad edirik.

Uca Kitabımız Quran deyir: “Allah yaxşı iş görənləri sevər”! (“Ali-Imran” 3/148)

Yaxşılıq etmək öz yerində, onu layiqincə qiymətləndirmək, yaxşılıq edənə minnətdarlıq bildirmək, ona duaçı olmaq da insanlararası münasibətlərin müsbət inkişafına səbəb olur. Mən hələ yaxşılığının itirilməsinə, nankorluğa sevinən bir adam görməmişəm. Düzdür, məşhur atalar sözündə: “Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xaliq bilər,” – deyilir, lakin boya-başa çatandan sonra valideynlərinə naxələflik edən övladlar, oğlunu seçib-sevib, dünya qədər xərc-borc hesabına gəlsə də, özünə yer edəndən sonra qayınata və qayınanasına qan udduran gəlin, damarlarında eyni qanı daşıyan bacı-qardaşına yad olanlar və s. saysız-hesabsız insanların könül evlərini viran qoyanda o dəryanı yaradan Qadir Allahı heç yadlarına da salmlrlar. Söz yox ki, belələrini və onların əməllərini özlərindən də yaxşı görən və bilən xaliq onların “dərsini verir”. Könül yarası ağac gövdəsindəki düyünlər kimi, üstü örtülsə də həmişə özünü göstərir. ABŞ-ın 35-ci prezidenti Con F. Kennedi yazırdı: “Biz həyatımızda fərqlilik yaradan insanlara minnətdarlıq etmək üçün dayanmağa vaxt tapmalıyıq”.

Heyif ki, bu adi əməl bəzilərinin yadına belə düşmür. Unutmamalıyıq ki, bizi yaradnın  nemətlərindən başlamış gördüyümüz hər bir lütfə şükür etmək daha çox bizim özümüzə lazımdır. Gülüş, xoş əhval-ruhiyyə kimi, şükür etmək də səhhətimizə müsbət təsir göstərir, ömrümüzü uzadır. Yeri gəlmişkən, bir qrup alim ucqar bir yerdə yaşayan bir uzunömürlüdən belə sağlam ömür sürməyin sirlərini öyrənmək üçün  onun yanına gedirlər. Tədqiqatçılar elə bilirlər ki, adam uzun ömür sürməyin sirrini sağlam yemək, təmiz hava, aktiv həyat tərzi, siqaret çəkməmək kimi hamıya məlum səbəbləri sadalayacaq. Lakin o, öz sadə və qısa cavabı ilə onları təəccübləndirir: – Mən açılan hər səhəri – günəşli, buludlu, dumanlı, yağmurlu  olmasından asılı olmayaraq salamlamaqla, hər cür havaya şükür etməklə başlayıram günümə.

Sözə qüvvət, şotlandiyalı yazar Robert Luis Stevenson yazırdı: “Gördüyün mərhəmətlərə qarşı gözünü açıq saxla. Minnətdarlıq etməyi unudan adam həyatda yuxuya dalmışdır”.

***

Mənim də insan kimi formalaşmağımda bir çox insanların əməyi olub. Bu sıranı ata-anamdan başlamış, məni Bakıya qəbul imtahanına aparan qonşumuz, gözəl ziyalı Zabit müəllim, toyumda valideynlərimə yaxından kömək edən digər qonşumuz Tofiq müəllim, dörd övladımın toy məclislərində doğma əmi kimi iştirak etmiş, qonşu Digah kəndində yaşayan Şahin müəllim, uzun illərdir dostluq etdiyim həmkarım Eyvaz müəllim, orta məktəb və universitet müəllimlərim, qədirbilən şagird və tələbələrimə qədər saymaq olar. Lakin gənclik illərimdə həyatımda müsbət iz buraxan, gecənin qaranlığında gəmilərə yol göstərən mayak kimi elə insanlar da olmuşdur ki, uzun illər keçsə də, onları dərin minnətdarlıq hissi ilə yad edirəm. Onlardan biri, tələbəlik illərinin yoldaşı, dostu, hal-hazırda Qəbələ rayonunun Daşlıca kəndində yaşayan Teyfur Əsədovdur.

***

Ötən əsrin 70-ci illərinin tələbəlik illəri daha qaynar, coşqun olub. Tələbəliyimin iki ilini Teyfur müəllimlə yataqxanada otaq yoldaşı oldum. Yataqxana həyatı tələbəliyin həm ən gözəl, həm də ən çətin dövrüdür. Məqsəd bir – oxumaq, ali təhsil almaq olsa da, yaş, maraq, region müxtəliflikləri öz rəngarəngliyi ilə bir yandan adamın həyatını zənginləşdirir, digər tərəfdən də müəyyən problemlər yaradır. Yataqxanada yaşayanların heç də hamı əla qiymətlərlə oxumur, yaxud oxumaq istəmir. Bir də görürsən ki, qonşu otaqda kimsə yüksək səsli musiqiyə qulaq asır, biri musiqi alətində çalır, biri sənin otaq yoldaşının yerlisidir, onun yanına gəlib, istədiyi tonda, istədiyi mövzuda söhbəti qızışdırıb, oxumaq üçün nəzərdə tutduğun gül kimi vaxtını insafsızcasına əlindən alır. İçin yansa da, adamın xətrinə dəymək istəmirsən…

İtkin dost

Bir axşam işdən gəlib şam yeməyinə hazırlaşırdım. Telefonuma gələn tanış olmayan bir nömrədən danışanın səsi həyatıma yeni sevinc qatdı. Əvvəlcə o başda kimin olduğunu müəyyənləşdirə bilmədim. Zəng edən bilərəkdən danışanın məhz mənim olduğumu yəqinləşdirmək üçün sual da verdi. Nəhayət özünü təqdim edib məni o qədər həyəcanlandırdı ki, gəl görəsən. Naməlum nömrədən danışan Teyfur müəllim idi. Məlum oldu ki, müəllimin Qərb Universitetinin tələbəsi, məni heç vaxt görməmiş, lakin haqqımda atasından çox eşitmiş olan qızı, bir zamanlar dərs dediyim yerli bir tələbədən məni soraqlayıb. O, həmin tələbə yoldaşından mənim telefon nömrəmi alıb, atasına dostunu tapdığını bildirib. Teyfur müəllim də sevincək məni arayıb. Bax belə…

Əslində nə Teyfur müəllim mənim üçün, nə də mən Teyfur müəllim üçün itmişdim. 90-cı illərə qədər məktublaşmışdıq. 1984-cü ildə dostumun dəvəti ilə onlara ailəvi qonaq da olmuşduq. 80-ci illərin sonlarından başlayan gərgin ictimai-siyasi həyat hər sahədə olduğu kimi, insanlararası münasibətlərə də təsir göstərmişdı.

***

Qismət elə gətirdi ki, 2008-ci ildə Şəkiyə getməli oldum. Teyfur müəllimlə əlaqə saxladım. Şəkidən qayıdan zaman yolumuz Qəbələdən düşdü. Dostum kənddən gəlib yolun üstündə bizi gözləyəcəyini bildirdi. Qəbələyə yetişənəcən bir neçə dəfə zəngləşdik. Yol yoldaşlarıma tələbəlik illərindən, Teyfur müəllimin yoldaşlığından bəhs etdikcə maşınımız yolun kənarındakı ağacları daha sürətlə arxada qoyaraq şütüsə də, mən artıq özümü Teyfur müəllimin yanında görürdüm. Səfər qrupumuzdan bəziləri bizim görüşümüzü öz telefonlarına çəkdilər. Çox səmimi, mehriban bir görüş oldu. Uzun illər ayrılıq həsrəti ilə yaşamış qardaşlar kimi bir-birimizə sarıldıq. Hər ikimiz çox sevindik. Teyfur müəllim israrla hamımızı evinə, hazırlanıb bizi gözləyən halal süfrəsinə qonaq dəvət etdi. Təəssüf ki, daha bir vacib işi olduğunu bildirən sürücünün inadına qalib gələ bilməyib o gözəl süfrənin gözünü yolda qoyduq…

Şokolad qutusu

Qəbələ şəhərində yolumuzu gözləyən Teyfur müəllim nişan olaraq əlində bir şokolad qutusu tutduğunu bildirmişdi. Biz görüşüb ayrıldıq. Teyfur müəllim evə dönəndə əlindəki şokolad qutusunu görüb onu nə üçün aldığını soruşurlar. Birdən yadına düşür ki, o da qədər həyəcanlanıb ki, konfeti dostunun uşaqları üçün vermək əvəzinə evə gətirib. Bunu yol gedərkən yenə Teyfur müəllimdən zəng gələndə bildim. Dedi ki, heç olmazdısa o şokolad qutusunu verərdim uşaqlara Teyfur əminin adından çatdırardın. Dedim ki, narahat olmasın. Bir şokolad qutusu alıb, məhz onun adından aparacağam uşaqlara. Elə də etdim. Lakin dostların görüşü onlarda daha həyacanlı təəssürat yaratdı, şokoladdan da şirin bir təəssürat.

İki səbəb

Tələbəlik illərində məqsədim əla qiymətlərlə oxumaq idi. Bunun iki səbəbi vardı. Birincisi, mən orta məktəbi əla qiymətlərlə bitirmişdim, yəni möhkəm oxumaq vərdişim yaranmışdı. İkincisi, yaşlı valideynlərim (Mən onlar üçün nəvə yaşında idim.) hərəsinin on iki manatlıq (cəmi 24 manat) pensiya gəliri ilə yaşayırdılar və mənə maddi kömək etməyə imkanları yox idi. Əlaçı tələbə o zaman əlli altı manat təqaüd alırdı. Bu məbləğ yataqxanada yaşayan tələbə üçün dolanmağa imkan verirdi. Yuxarıda qeyd etdiyim kimi, yataqxana mühitində əla qiymətlərlə oxumaq o qədər də asan deyildi. Otaq yoldaşım, yuxarı kurs tələbəsi Teyfur müəllim tanışlığımızdan sonra məni sanki qanadı altına aldı. Qonşu otaqlarda, hətta koridorda bir artıq səs eşidən kimi çölə çıxıb məsələni yoluna qoyurdu. Yataqxananın 5-ci mərtəbəsinin əsas sakinləri yuxarı kurs tələbələri idi, Teyfur müəllimin yaxşı hörməti vardı onların arasında. Beləliklə, mən əla qiymətlərlə oxuyur, valideynlərimdən bir qəpik də pul istəmirdim. Bir şeyi də əlavə etməliyəm ki, Teyfur müəllimin iki qardaşı – Feyzi və Kərəm – vaxtaşırı ona maddi kömək göstərirdilər. Onlar gələndə bəzən Teyfur müəllim otaqda olmurdu. Ona çatası pulu mənə verib deyirdilər ki, bu, təkcə Teyfur müəllim üçün deyil ha, hər ikinizindir. Özü də bu sözləri elə yüksək səmimiyyətlə deyirdilər ki, onları doğma qardaşlarım bilirdim. Bu yazıda mən o qardaşlara da minnətdarlığımı bildirirəm.

İnsanlığın borcu

Bir Vyetnam atalar sözündə deyilir: – “Meyvəsini yeyərkən ağacı əkən haqqında düşünün”. Yaşadığım bu gözəl günlərin memarlarından biri kimi tələbəlik illərinin qazancı olan dostum Teyfur müəllimə çox borcluyam. Mövlana Cələddin Rumi yazırdı: “Minnətdarlığı libas kimi geyin, o, həyatınızın hər bucağını bəsləyəcək”. Teyfur müəllimlə bu gün də əlaqəmiz var. İndiki texnoloji imkanlardan biz də kifayət qədər bəhrələnirik.

Çoxları kimi, mənim də yaxşılığımı tapdayıb tozunu çıxaranlar olub:

 

Bar salladı budağımı,

Dodaq büzüb kol dedilər.

Şam yandırıb göz yağımı,

Dar cığıra yol dedilər.

 

Göy arayıb, yer azdılar,

Ayağım altın qazdılar,

Allah bilir nə yazdılar,

Gəl çək indi qol dedilər.

 

Duman dağa cəm gözəldi,

Ocaq başı, dəm gözəldi,

Gözlərində nəm gözəldi,

Qəmin olsun bol dedilər.

 

Sinə silməz yarasını,

Bəxt üzünün qarasını,

Ürək verdi parasını,

Get gorbagor ol dedilər.

 

Buna baxmayaraq, həyatımda zərrə qədər əməyi olan hər kəsə minnətdaram və bundan zövq alıram.  Çünki bu, mənim insanlıq borcumdur. Allah hamısından, o cümlədən sadiq, qədirşünaş dost, gözəl insan, yüksək intellektual səviyyəyə malik pedaqog Teyfur müəllimdən də razı olsun.

 

Rahib Sədullayev (Alpanlı)

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi