“Borc almaq asandır, qaytarmaq çətin”

1026
Dövrümüzdə maddiyyat hər şeyi həll etməsə də, çox şeyi həll edir. Maddi problemlərin olması çox təəssüf ki, digər şəxsi problemləri də arxasınca gətirir. Nəticədə lazımlı-lazımsız ehtiyacların çoxluğu insanları borclanmağa məcbur edir. İndi kredit kartları ilə uzunmüddətli borc altında qalmaq kimi “xidmət” də yaranıb. İnsan öz büdcəsinə görə və ehtiyaclarını “zəruri” və “olmasa da olar” prinsipi ilə iki yerə ayıraraq, alış-veriş etsə, borclu qalmaz yəqin ki. Lakin bəzilərimiz üçün “olmasa da olar” deyə bir anlayış yoxdur, hər şey zəruri ehtiyac hesab edir.
Borc alıb-vermə ilə bağlı xeyli atalar sözləri də var. Məsələn, “Borc alan azadlığını satar”, “İstəyənin bir üzü qara, verməyənin iki üzü”, “Borc almaq asandır, qaytarmaq çətin”, “Borc mini aşdı, hər axşam paxlava ye”, “Borc ilə alınan köynək adamı təmiz saxlamaz”, “Borclu borclunun sağlığını istəyər” və s. Bunlardan da görünür ki, borc almağı atalarımız da məsləhət görməyiblər, o halda ki, çox ciddi ehtiyac olmasın. Lakin indi insanların çoxunun kredit borcu var, 5 manatdan tutmuş 1500 manata qədər aylıq kredit ödəyən insanlar görürük.Onların bu qədər borcunun olmasının səbəbləri də bir başqa mövzudur, ancaq biz indiki halda nə etmək olar onu araşdırırıq.Düzdür, bəzən elə ehtiyaclar olur ki, borca girmək zəruri hal olur. Ancaq banka müraciət etdikdə həm faizi baha başa gəlir, həm dinimizin qadağalarındandır, insan qalır çaşbaş. Belə vəziyyətlərdə nə etmək lazımdır? Necə etmək lazımdır ki, harama girmədən ehtiyaclarını ödəyəsən? Bu və ya digər sualların cavabını bilmək üçün “meneviyyat.az” saytının redaktoru, ilahiyyatçı Tahir Akqubayevə mövzu ilə bağlı müraciət etdik.

 “İnsan qaytara bilməyəcəyi borc yükünü üstünə götürməməlidir”

Tahir bəy, əvvəlcə, borcun nə demək olduğunu izah etdi, bildirdi ki, borc – qaytarılmaq şərti ilə birindən alınan, ya birinə verilən pul və s. alacaq və verəcəklərə deyilir. Bununla yanaşı, “borc” sözünün “vəzifə”,  “haqq”, “minnət” kimi mənaları da var. Borc alıb vermək təbii hadisədir: “Müəyyən ehtiyacları təmin etmək və ya sərmayə qoymaq  məqsədilə borca girməkdə bir qəbahət yoxdur. Peyğəmbərimiz (s.ə.s) də ehtiyacı olanda borc almış, hətta bir yəhudidən borca buğda alıb, zirehini girov qoymuşdur. Lakin insan “ayağını yorğanına görə uzatmalı”, qaytara bilməyəcəyi ağır borc yükünü üstünə götürməməli və təyin edilən vaxta riayət edərək, ödəniş zamanı gəldikdə (üzrlü səbəb yoxdursa) borcu geri qaytarmalıdır”. İlahiyyatçı “borc alıb-vermədəki ədəblər necə olmalıdır?” sualımıza  belə cavab verdi: “Borc alıb, onu sahibinə qaytarmamaq qul haqqını tapdalamaqdır və sahibi haqqını halal etmədən borclu məsuliyyətdən qurtarmır. Buna görə də Peyğəmbərimiz (s.ə.s) “Borclu adam borcu qaytarmaq niyyəti ilə almamışsa, borcunu vermədən ölərsə, Allah-Təala borc sahiblərinin haqqını ondan alar” (Təbərani, Mücəmül-kəbir, VII, 275) buyurmuşdur. Bundan başqa, Rəsulullahdan (s.ə.s) bir adama cənazə namazı qıldırması xahiş olunmuş, Allah Rəsulu da o şəxsin borcunun olub-olmadığını və borcu ödəmək niyyəti ilə qoyduğu mirasın borcu qaytarmağa yetib-yetmədiyini öyrənmək istəmişdi. Bu şəxsin həm borclu olduğunu, həm də qalan mirasın borcu qaytarmağa çatmadığını eşidəndə namazı qıldırmayacağını bildirmişdi. Səhabə Əbu Qatadə (r.a) “Ey Allahın Rəsulu! Onun borcunu öz öhdəmə götürürəm, namazı qıldıra bilərsiniz”, – demiş, Rəsuli-Əkrəm (s.ə.s) də cənazə namazını qıldırmışdı. Allah Rəsulu bir hədisində belə buyurur: “Möminin ruhu borcu qaytarılana  qədər həbs edilir (dünyada borcu ödənilmədikcə hesabı bitməz və borcu axirətdə qovuşacağı nemətlərə mane olur. Borcunun qaytarılması ilə sorğu-sualı bitir, yaxud da axirət nemətlərinə qovuşur)” (Tirmizi, Cənaiz, 74).

 Borcluya möhlət vermək, onu sıxışdırmamaq…

Həmsöhbətim Tahir Akqubayev bildirdi ki, İslam hüquqşünaslarının əksəriyyətinə görə iki cür borclu vardır. Birincisi, öz ehtiyacı üçün borc alan şəxs, yəni özü və ailə fərdləri üçün dolanışıq, ev, müalicə xərcləri, övladını evləndirmək və bunlara oxşar səbəblərlə borc alanlar bu qrupa daxildir. İkincisi isə, cəmiyyətin istifadəsi üçün borc alanlardır. Bir-birinə düşmən olan iki qrup arasında sülhü bərqərar etmək üçün müəyyən məbləğdə borcu öz öhdəliyinə götürənlər, başqasına zamin durmaq və ya xeyriyyəçilik məqsədilə borc altına girən və bu səbəblə də möhtac (borclu) vəziyyətə düşənlər məhz bu qrupa daxildirlər. İlahiyyatçının sözlərinə görə, dinimizdə istər borc kimi alınan, istərsə də nisyə maldan əmələ gələn borclar vaxtında verilməlidir: “Lakin, qarşılıqsız verilən borcda, borc verən dara düşdüyü təqdirdə, verdiyi borcu vədəsindən əvvəl də istəmək hüququna malikdir. Çünki əksər İslam hüquqşünaslarına görə, borcda müddət şərtinə riayət etmək vacib deyil. Borcunu qaytarmaqda çətinlik çəkən şəxsə lazımi güzəştlər edilməsi barədə Quranda belə buyurulur: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşana qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” (Bəqərə, 2/280) Ayədən də göründüyü kimi, borcluya möhlət vermək, onu sıxışdırmamaq dinimizin bizə tövsiyəsidir. Ancaq verməyə gücü çatdığı halda, borcunu vaxtında verməyən borc verənə zülm etmiş olur. Çünki hədisdə bildirilir ki, “Varlının borcunu gecikdirməsi bir zülmdür” (Buxari, Həvalə, 1-2, İstiqraz, 12; Müslim, Müsaqat, 33; Əbu Davud, Büyu, 10; Tirmizi, Büyu, 68)”.

İslam insan həyatının hər sahəsində yardım, dayaq olmaq, düşülən çətin vəziyyəti fürsət bilib yıxılana balta vurulmamasını istəyir.İlahiyyatçı Tahir bəy bununla bağlı Rəsulullahın (s.ə.s) belə bir hədisini dedi: “Allah bir din qardaşının ehtiyacını təmin edən müsəlmandan köməyini əsirgəməz. Kim bir müsəlmanın çətinliyini aradan qaldırarsa, Allah da onun qiyamət günü bir çətinliyini aradan qaldırar” (Buxari, Büyu, 16). Hədisdən də, görünür ki, borcunu qaytarmağa çalışan, lakin verə bilməyən, dara düşmüş, çarəsiz insanlara anlayışla yanaşmaq, möhlət vermək və yardım etmək böyük mükafat və savab gətirən gözəl davranışdır. Əsas məsələ borcunu qaytarmağa imkanı olmayanlara Allah rizasını qazanmaq kimi uca niyyətlə yaxşı münasibət göstərməkdir.

Hansı halda kredit almaq olar?

Oxucular üçün maraqlı olacağını düşünərək verdiyimiz “faizsiz kreditin hökmü nədir?” sualına isə Tahir Akqubayev belə cavab verdi: “Məsələn, mağazada kampaniya var 120 manatlıq telefonun dəyərinin yarısını ödədikdə qalan yarısını 3 aya faizsiz ödəmə imkanı verir. 60 manat ödəyirəm, qalan 60 manatı ayda 20 manat olmaqla 3 aya qaytarıram. Bunu mağaza daxilində heç bir banka getmədən etmək mümkündür. Telefon mağazasından həmin formada alış-veriş etmək olar. Ancaq unutmamalıyıq ki, ödəmə vədəsi gəlib çatdıqdan sonra ödəniş gecikdirilsə, əlavə pul alacaqlarmı? Vaxtında ödənilmədiyi təqdirdə və ya gecikəndə əlavə ödəniş tələb edilərsə, bu, faiz sayılır və caiz (doğru)deyil. Siz “mən faizə düşməyəcəyəm, vaxtında ödəyəcəyəm”, desəniz də qayda dəyişmir. Çünki bu, faizli əməliyyatdır. Yəni alış-veriş əvvəldən fasiddir (məqbul deyil). Üstəlik, pulun vaxtında ödənəcəyi də dəqiq deyil. Nəticə etibarilə deyə bilərik ki, İslam hüququna görə, malın bir qiyməti olmalıdır. Alıcı və satıcı, əvvəlcə, şərtlərə razılaşar və əlavə şərtlər qoymasalar bu, caizdir. Əlavə şərtlər isə faizdir. Faiz isə caiz deyil. Ən yaxşısı, pul yığaraq alınacaq şeyi nağd almaqdır. Kreditə girərək daha yaxşı və ya keyfiyyətli olsun deyə, “son model” telefon işlətmək və ya bənzərlərini etmək əsla doğru deyil. İmkan daxilində bundan uzaq durmaq lazımdır”.

 Ona borc verəcək və ya borc alacağı heç kim yoxdursa…

Bəzən “vacib pul lazım idi, ona görə məcbur qalıb bankdan kredit aldım” deyən yaxınlarımız olur. “Belə vəziyyətlərdə imkanı olduğu halda kömək etməyən yaxınlarımızın üzərində də məsuliyyət varmı?”, “Həqiqətən də, zərurət halında nə etmək lazımdır?” kimi suallara isə redaktor Tahir bəy belə cavab verdi: “Əvvəlcə, zərurət halının nə demək olduğunu bilmək lazımdır. Zərurət halı insanın vəziyyətdən heç bir çıxış yolunun olmaması və aqibətin ölümlə nəticələnəcəyinin qəti olaraq bilinməsidir. Sadəcə, bir zərurət halında kreditə müraciət oluna bilər. O da bundan ibarətdir ki, bir şəxs ağır xəstədir. Ona borc verəcək və ya borc alacağı heç kim yoxdur. Əgər müalicə olunmasa, ölmək təhlükəsi var. Məhz bu, həmin şəxs üçün ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğuna görə zərurət halı sayılır. Bu təqdirdə o, bəlkə də ölməmək üçün kreditə müraciət edə, pul götürə bilər. Bunun xaricində qalan vəziyyətlər (maşın, ev, telefon almaq və s.) zərurət halı sayılmır. Buna görə də hər hansı bir şəxs borca və ya faizə (kreditə) düşmədən də yaşaya bilirsə, onun sadalananlardan özünə görə (ev, maşın, telefon və s.) zərurət “uyduraraq” kreditdən istifadəsi əsla caiz (doğru) deyil”. O ki qaldı yaxınlarımızın üzərindəki məsuliyyətə, bu barədə onu deyə bilərəm ki, əgər bir insan maddi çətinliyə düşübsə, imkanı olan qohumların ona kömək etməsi (borc verməsi) daha yaxşıdır. Əks təqdirdə kömək etmədiklərinə (borc istədiyi təqdirdə vermədiyinə) görə həmin şəxs zərurət ucbatından kredit, sələm və ya faizə müraciət edərsə, bundan onlar da məsuliyyət daşıyarlar. Bu haqda Allah Rəsulu (s.ə.s) buyurur: “Kasıblara verilən sədəqənin bir savabı, kasıb qohumlara verilən sədəqənin isə iki – biri silayi-rahim (qohum-əqrəba və yaxınlara baş çəkmək, hal-əhval tutmaq, könüllərini xoş etmək), digəri sədəqə savabı var”( Nəsai, Zəkat, 82; Tirmizi, Zəkat, 26; İbn Macə, Zəkat, 28).

RASIM MƏMMƏDLI