Bolqarıstanlı rejissordan Azərbaycana dəstək

0
678

Son günlər Ermənistanın Azərbaycana qarı başladığı hərbi əməliyyat, hərbçilərin və mülki şəxslərin həlak olması dünyanın diqqət mərkəzindədir.

Artıq Türkiyə, Pakistan, Ukrayna kimi dövlətlər, nüfuzlu beynəlxalq qurum olan İslam Əməkdaşlıq Təşkilatı rəsmi Yerevanın hərəkətlərini pisləyib, ölkəmizin haqlı mövqeyini dəstəkləyən açıqlamalar veriblər.

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın dostları, sənət adamları, ictimai xadimlər də son hadisələrə münasibətlərini bildirir, xalqımızla bir yerdə olduqlarını qeyd edirlər. Bolqarıstanlı tanınmış teatr rejissor Xristo Stoyçev də belə insanlardandır.

Azərbaycan xalqının tarixinə, mədəniyyətinə böyük hörmət bəsləyən istedadlı əcnəbi rejissor son günlər Ermənistanın Tovuzda həyata keçirdiyi hərbi əməliyyatlardan narahatlığını bildirib, sosial şəbəkədə ölkəmizin haqq işinə dəstək verib:

“Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verənləri həyəcan və narahatlıqla izləyirəm. Ermənistan ordusunun hücumları nəticəsində şəhid olan zabitlərin, əsgər və mülki şəxslərin ailələrinə, yaxınlarına həm öz adımdan, həm də əslən azərbaycanlı həyat yoldaşım Natella Abdullayevanın adından başsağlığı verirəm. Bakıda, Sumqayıtda, Lənkəranda tanıdığım dostlar, gözəl insanlar, sizin keçirdiyiniz hissləri başa düşürəm və bu çətin günlərdə yanınızdayam. Ruhdan düşməyin, möhkəm olun, çünki Azərbaycanın apardığı mübarizə haqq işidir və sonda Qələbə var!”

Xatırladaq ki, istedadlı bolqar rejissor Xristo Stoyçev ölkəmizdəki müxtəlif teatrlarla sıx yaradıcılıq əlaqələri saxlayır. Bu günə kimi Lənkəran Dövlət Dram Teatrında J.B.Molyerin “Mizantrop”, Dövlət “YUĞ” Teatrında isə U.Şekspirin “III Riçard” pyesi əsasında hazırlanan “Lənət” tamaşalarına quruluş verib. Azərbaycanın yaxın dostu olan əcnəbi rejissor Qarabağ həqiqətləri barədə pyes yazır.

Etibar CƏBRAYILOĞLU