“Bolluq bazarı”nın yerində 22 mərtəbəli bina inşa olunacaq

0
548
Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində yerləşən “Bolluq bazarı” xeyli müddətdir ki, fəaliyyətini dayandırıb. 
Qəzetimizə verilən məlumata görə, bazarda çalışan sahibkarlar yaxınlıqdakı “Aran bazarı”na köçürülüblər. Bazarın ətrafında yerləşən binalarda yaşayan sakinləri isə indi bir şey maraqlandırır: fəaliyyəti dayandırılan bu ticarət mərkəzinin yerində nə olacaq? Söhbətləşdiyimiz sakinlər bu barədə onlarda dəqiq məlumat olmadığını söylədilər. Belə ki, bir müddət əvvəl sakinlər “Bolluq bazarı”nın yerində park salınacağı barədə məlumat alsalar da, bu, sonradan təsdiqini tapmayıb. “İlk vaxtlar deyirdilər ki, bazarın yerləşdiyi ərazinin altından kommunikasiya xətləri keçir, ona görə çoxmərtəbəli binanın tikilməsi mümkün deyil. Ona görə park salınacağı bildirilirdi. İndi isə eşidirik ki, yaşayış binası tikiləcək. Lakin inşaat işlərinə başlanmadığı üçün deyilənlərin nə qədər doğru olduğu məlum deyil”,-deyə ətraf binalardan birində yaşayan sakinlərdən biri bizimlə söhbətində vurğuladı. Ərazidə çəkiliş apardığımız zaman bazarın bir hissəsinin söküldüyünün şahidi olduq. Bazarın sökülmüş ərazisi nəzarətsiz qaldığından metal əşyalar qaraçı qadınlar tərəfindən arabalara yığılıb daşınırdı. Onlar Qəbələdən olduqlarını və dəmir metalları hissə-hissə daşıyıb satdıqlarını söylədilər. Qaraçılar metal əşyaları daşıdıqlarına görə kiməsə ödəniş etmədiklərini və onlara problem yaradılmadığını bildirdilər. Bazarın kənar ərazisində yerləşən sexlərin bəziləri isə son günlərədək fəaliyyətlərini davam etdirirdilər. Bundan başqa, bazarın yuxarı hissəsindəki kafe də işləyir. Lakin bazarın qarşı tərəfində yerləşən (əsas yola baxan tərəf) əksər obyektlər də – ət satışı mağazası, kafe fəaliyyətlərini dayandırıb. Obyektlərdən yalnız biri – soyuducu, kondisioner təmir edilən kiçik sex işini davam etdirir. Çox güman ki, o da fəaliyyətini bu günlərdə dayandıracaq.

 

İcra Hakimiyyəti niyə susur?

Bəs bazarın yerində – təxminən bir hektar ərazidə nə kimi işlər görüləcək? Binaların tikilməsi, yaşıllaşdırma və abadlıq işlərinin də görülməsi planlaşdırılırmı? Təbii ki, bu suallara cavab almaq məqsədi ilə ilk olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. Quruma bu barədə məlumat verdikdən sonra telefon nömrələrimi yazıb götürdülər və qısa zamanda əlaqə saxlanılacağını bildirdilər. Lakin təxminən bir həftə vaxt ötsə də, Binəqədi Rayon İcra Hakimiyyətinin informasiya təminatı sektorundan bizimlə əlaqə saxlayan olmadı. Yazı çapa getməmişdən bir neçə saat əvvəl də bu qurumla əlaqə saxladıq. Yenə də əlaqə saxlanılacağını bildirdilər, lakin nəticəsi olmadı. Hər halda hər bir jurnalist yazı hazırlayarkən mövzu ilə bağlı rəsmi mövqeyin də öyrənilməsində fayda var. Biz də çalışdıq ki, buna əməl edək.

“Neçə binanın tikiləcəyi tam dəqiq deyil”

Qeyd edək ki, artıq bir neçə müddətdir “Bolluq bazarı”nın qarşısına tikinti şirkətlərindən birinin reklam lövhəsi vurulub. Lövhədə tikinti şirkətinin adı yazılmasa da, nömrələri qeyd olunub. Reklam lövhəsində göstərilən nömrəyə – 012 563 38 53 nömrəsinə zəng vurduq. Zəngimizə cavab verən xanım “Bolluq bazarı”nda hazırda söküntü işləri getdiyini və yaxın 6 ay ərzində burada bina tikintisinə başlamağı planlaşdırmadıqlarını söylədi: “Bolluq bazarı”nın yerində tikinti şirkəti olaraq, çoxmərtəbəli bina tikməyi planlaşdırırıq. Hazırda şirkətimiz 7-ci mikrorayon ərazisində başqa bir yerdə (“Kapitalbank”ın filialının yaxınlığında-red) binalar inşa etdiyi üçün əsas diqqət ora yönəlib. Odur ki, yaxın 6 ay ərzində “Bolluq bazarı”nın ərazisində tikinti işlərinə başlamağı planlaşdırmırıq”.

Tikinti şirkətinin əməkdaşı “Bolluq bazarı”nın yerində 22 mərtəbəli binanın inşasını nəzərdə tutduqlarını söylədi.

“Ərazidə neçə binanın tikilməsi planlaşdırılır?” sualımıza isə o: “Hələ ki bir binanın tikintisi düşünülür. Çox güman ki, 22 mərtəbəli olacaq. Başqa binanın tikilib-tikilməyəcəyi, hələlik, tam dəqiqləşməyib”,-dedi.

Həmsöhbətimiz inşa olunacaq binada mənzillərin satış qiymətinin də, hələlik, bəlli olmadığını söylədi.

rmasiyalar olduqca oxucularımızla bölüşəcəyik.

 

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here