“Bölgələrdən paytaxta” layihəsi Qubaya həsr olundu

Aprelin 6-da S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında bir qələbəlik vardi. Yox, həmin gün burada hansısa tamaşa nümayiş olunmurdu: Quba rayonu Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində öz mədəniyyət nümunələrini nümayiş etdirirdi.

qehhTeatrın foyesində hər şey iştirakçıların marağına səbəb olacaq dərəcədə gözəl, həm də olduqca cəlbedici təqdim olunmuşdu. Quba rayonunun keçmişini və bugününü özündə ehtiva edən kitabların, arxeoloji qazıntılar zamanı əldə edilmiş nümunələrin, qədimliyi və gözəlliyi ilə seçilən misgərlik, nəqqaşlıq, memarlıq inciləri, rəssamlıq örnəkləri, dekorativ tətbiqi sənət ustalarının, xüsusilə xalçaçıların əl işləri, həmçinin bu bölgənin simvolu sayılan alma məhsullarından ibarət kompozisiyalar hamıda maraq doğururdu. Rayonda yaşayan azsaylı xalqların – tatların, ləzgilərin, dağ yəhudilərinin, axıska türklərinin, bir sözlə, Quba sakinlərinin folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər maraqla izlənilirdi. Hər bir stenddə onlara Quba mədəniyyəti barədə ətraflı məlumat verilirdi. Tədbirə təşrif buyuranları öz həzin musiqiləri ilə qarşılayan skripkaçılar qrupu bu gözəlliyə xüsusi çalarlar əlavə edirdi. Mədəniyyət nümunələrini izləyənlərin üzlərindən onların xoş anlar yaşadıqlarını duymamaq mümkün deyildi.

 

“Bu tamaşa yaddaşıma elə həkk olundu ki…”

qggOnlardan biri – Əlif Ömərov bizimlə söhbətində, bu tamaşadan, sözün həqiqi mənasında, olduqca məmnun olduğunu dilə gətirdi: “Bu, indiyədək izlədiyim ən gözəl bir tamaşadır. Bu tamaşa yaddaşıma elə həkk olundu ki…”. O həmçinin az sonra Qubanın incəsənət ustalarının iştirakı ilə keçiriləcək konserti də maraqla izləyəcəyini vurğuladı.

Quba rayon İcra Hakimiyyətinin Alpan kənd üzrə nümayəndəsi Tofiq Qubatov Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsinin mənsub olduğu bölgənin mədəni və turizm potensialının nümayiş etdirilməsinə xidmət etdiyini bildirdi. O, bu tədbiri Odlar yurdunun bir parçası olan Quba mədəniyyətinin incəsətinin, xalq yaradıcılığının təntənəsi kimi dəyərləndirdi.

Şair Ramiz Qusarçaylı isə bu mənzərəni Xalq şairi Məmməd Rahimin: “Göygölü, Qubanı görməmisənsə, Demə ki, görmüşəm Azərbaycanı” misraları ilə vəsf etdi. O, bu gün Qubanın belə bir formada paytaxt sakinlərinin görüşünə gəlməsini təqdir etdi. Dedi ki, belə tədbirlər də Qubanın mədəni həyatının təbliğində önəmli rol oynayır.

Əslən Qubadan olan şair, şərqşünas Şahin Fazil işi ilə bağlı Qubaya tez-tez baş çəkə bilmədiyini söylədi. Qubanın Bakıya “gəlişindən” çox sevindiyini və bu tədbirdə boya-başa çatdığı ocağın istisini aldığını dilə gətirən həmsöhbətimiz hətta kövrəldiyini belə söylədi. Buna rəğmən o, bu bölgənin onun diqqət mərkəzində olduğunu vurğulamaqla yanaşı, Quba tarixi ilə bağlı yeni bir kitab ərsəyə gətirdiyini və bu yaxınlarda nəşr olunacağını qeyd etdi. “Yəqin, bu kimi işlərimə görə Quba məni bağışlayar”, – sözləri ilə söhbətini davam etdirən həmsöhbətimiz “Bölgələrdən paytaxta” layihəsinin bölgələrin həyatında böyük önəm daşıyacağını da əlavə etdi.

Millət vəkil Vahid Əhmədov belə tədbirlərin insanların mənəviyyatı və psixologiyasına öz müsbət təsirini göstədiyini, onlarda vətənpərvərlik duyğularını, dövlətə inam və dövlətçilik ruhunu gücləndirdiyini bildirdi: “Bölgələrdən paytaxta” həm də müxtəlif bölgələrdə boya-başa çatmış, lakin müxtəlif səbəblərdən paytaxtda yaşayanlar üçün əsl ünsiyyət tədbiridir”.

 

 

raff“Bölgələrdən paytaxta”- bu dəfə Quba özünü təqdim edir

raffSərgi ilə tanışlıqdan, bu məkana videosəyahətdən sonra Quba rayonunun incəsənət ustalarının iştirakı ilə geniş konsert keçirildi. Konsertdən öncə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə “Bölgələrdən paytaxta” layihəsi barərdə ətraflı məlumat verdi: “Bu layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi, müasir zənginliklərini və regionların adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişaf potensialını əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənir, bölgənin turizm imkanları təbliğ olunur, həmçinin regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının konsertləri təşkil edilir. Biz artıq üçüncü dəfədir ki, Azərbaycanın gözəl guşələrinin təqdimatını keçiririk. Məlumat üçün deyim ki, həmin tədbirlərdən biri Masallıya, o biri isə Qəbələyə aidi olub. Hər belə bayram, hər belə görüş insanlarda bayram əhvalı yaradır. Bəli, bu gün “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Quba özünü təqdim edir”.

raff“Quba haqqında saatlarla söz açmaq olar”, – sözləri ilə çıxışını davam etdirən nazir ulu öndər Heydər Əliyevin: “Quba Azərbaycanın gözəl, qədim diyarıdır. Qubanın zəngin qədim tarixi var” kəlamını xatırlatdı və hər kəsin bu dilbər məkana xüsusi münasibət bəslədiyini bildirdi: “Quba mədəni irsi, ənənələri qoruyan bir məkandır. Bu gün bu məkanda aparılan yenidənqurma onun turizm infrastrukturunun daha da müasirləşməsinə imkan verir. Bu mənada bu kimi işlər hər bir kəsin ürəyini fərəhlə doldurur. Keçmişi yaddan çıxartmamalıyıq, amma sabaha nikbin baxaraq gələcəyə aparmalıyıq. Bu yolda hər bir az vətəndaşına quba sakininə uğurlar diləyirəm. Bu diyarın sabahı da gözəl olacaq, ümummilli liderimzi Heydər Əliyevin arzuladığı kimi olacaq”. Daha sonra Qubada azsaylı xalqların nümayəndələri əsrlərdir ki, bir ailə kimi yaşadıqlarını vurğulayan Əbülfəs Qarayev bir zamanlar Qubada ermənilər tərəfindən faciələr yaşadığını da söylədi: “Heydər Əliyevi Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa olunmuş Quba Soyqırım Memorial Kompleksi bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ən böyük ehtiramdır”. O, ölkə başçısı İlham Əliyevin bu bölgəyə xüsusi önəm verdiyini də vurğuladı.

Nazir daha sonra dedi: “Hesab edirəm ki, bu günkü tədbirdə olan hər kəs özünü Qubada, o cənnət məkanda hiss etdi. Bu məmləkətin Xınalığının havasını uddu, Qəçrəşinin suyundan içdi… Üstəlik, bu bölgənin qonaqpərvərliyinin bir daha şahidi oldu. Elə bizim həyata keçirdiyimiz “Bölglərdən paytaxta” layihəsinin də qayəsi bundan ibarətdir”.

Yeri gəlmişkən qeyd edək ki, nazir bu tədbirlə bağlı jurnalistlərə verdiyi açıqlamasında bu sözləri də demişdi: “Sözsüz ki, bu gün hər bir rayonda, şəhərdə, kənddə istedadlı insanlarımız var. Bu layihə həmin insanların yaradıcılığına öz töhfəsini verməlidir. Biz istərdik ki, bölgədən gələn hər bir istedadlı insan öz tamaşaçısını tapsın, yaradıcılığı qiymətləndirilsin. Biz bu layihəni Azərbaycanın  mədəniyyətinin ümumi inkişaf konsepsiyası çərçivəsində həyata keçiririk. Bilirsiniz ki, bu gün cənab prezidentin xüsusi tapşırığı əsasInda yerlərdə böyük layihələr həyata keçirilir, yenidənqurma işləri görülür. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşır, müasirləşir və sözsüz ki, bu proseslərin müqabilində mədəni xidmətlər də öz səviyyəsini artırmalıdır. Mədəni xidmətlər artıq müasir dövrün tələblərinə cavab verməlidir. Düşünürəm ki, təqdim olunacaq proqram sözün əsl mənasında Azərbaycan mədəniyyətini, incəsətinin, xalq yaradıcılığının təntənəsinə çevriləcək”.

 

“Bağlar diyarın sakinləri adından minnətdarlığımı bildirirəm”

rammNazirdən sonra çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov deyib: “Bu gün Qubanın həyatında əlamətdar gündür. Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində keçirilən bu tədbirin Qubanın tarixində özünəməxsus bir tarixi olacaq”. Onun sözlərinə görə, belə tədbirlər insanlarda xoş ovqat yaradır. Daha sonra belə yaddaqalan tədbirin təşkilində əməyi olanların hər birinə təşəkkürünü bildirən icra başçısı Qubanın bugünkü inkişafından söz açaraq dedi ki, istər ulu öndər Heydər Əliyev, istərsə də cənab Prezident İlham Əliyev tərəfindən Qubaya, qubalılara həmişə böyük qayğı göstərilib: “Son illər rayonda 100-dən çox istirahət mərkəzi, sosial obyektlər, idman kompleksləri, səhiyyə müəssisələri, məktəblər tikilib qubalıların istifadəsinə verilib”. O çıxışını isə bu sözlərlə bitirdi: “Elə bu qayğıya görə dövlətçiliyə sədaqətli olan bağlar diyarınn sakinləri adında ölkəmizin başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirəim.

Çıxışından sonra icra başçısı Yaşar Məmmədov qubalılar adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Qubanın mənzərəli guşələrindən birini özün əks etdirən bir tablo hədiyyə verdi. Nazir isə öz növbəsində başçıya bu tədbiri qubalılara xatırladacaq diplom təqdim etdi.

 

“Bölgələrdən paytaxta” fransız xanımın gözü ilə

Qubaya həsr olunmuş “Bölgələrdən paytaxta” layihəsində sərgilənən əşyalara baxarkən iki nəfərin həm azərbaycan, həm də fransız dilində danışmaları diqqətimizdən yayınmadı. Onların da bu tədbirlə bağlı təəssüratları ilə tanış olmağa çalışdıq. Azərbaycan Pedaqoji Universitetində fransız dilinə yiyələnən Quba şəhər sakini Nəsibə Babayeva bu günkü tədbirə Edit xanımla birgə təşrif buyurduğunu bildirdi: “Edit xanım Fransadan gəlib. Bir müddətdir ki, bizim təhsil ocağında fransız dilini tədris edir. Mənim onunla münasibətlərim yaxşıdır. Hətta o, bir neçə dəfə mənimlə birgə Qubada olub, bu bölgənin bir sıra yerlərini də ziyarət edib. Onun Xınalıqla bağlı özəl təəssüratları var. O ki qaldı onun bu tədbirə gəlməsinə… İnandırım sizi, mən belə bir tədbirin olacağını Edit xanıma deyəndə o məndən çox sevindi”. Edit xanımla söhbətdən aydın oldu ki, Quba, sözün həqiqi mənasında, öz mədəniyyəti, zənginliyi ilə onu ovsunlayıb: Bugünkü tədbirlə tanışlıqdan sonra məndə belə bir fikir oyandı. İstəyirəm ki, gələcəkdə Quba ilə bağlı bir memuar yazım. Təbii ki, orada bugünkü tədbirə də geniş yer vermək fikrindəyəm”.

 

Maraq artacaq

ffHəkim-şair Tofiq Nurəli bu tədbirin Qubaya marağın daha da artmasında bir stimul olacağını bir daha vurğuladı: “Təbii ki, bu məsələdə Mədəniyyət və Turizm Nazirliyinin əməyi böyükdür. Bu mənada mən deyərdim ki, “Bölgələrdən paytaxta” layihəsi bölgələrə, o cümlədən Qubaya dəyərli bir töhfədir”.

Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı isə “Bölgələrdən paytaxta”nı bölgələrin yaşayış tərzini, mədəniyyətini, zənginliyini paytaxta çatdıran bir vasitə kimi dəyərləndirdi: “Məsələn, mən bu tədbirlə Qubanın yazarları, həmçinin bu bölgə haqqında yazılmış kitablarla da tanış oldum”.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun çoxillik bitkilər şöbəsinin müdiri Dilşad Bayramova bizimlə söhbətində dedi ki, Quba dedikdə, bir qayda olaraq, alma, alma dedikdə Quba yada düşdüyünü söylədi. Bu gün süfrələrin bəzəyi olan Quba almasının sorağı nəinki respublikamızın müxtəlif bölgələrindən, həmçinin dünyanın müxtəlif ölkələrindən gəlir. Bu mənada, alma “Quba” sözünün sinoniminə çevrilib desək, yanılmarıq. Amma mənə elə gəlir ki, məhz bu kimi mədəni kütləvi tədbirlər Qubanın adı çəkiləndə onun mədəniyyəti – Xınalığı, Qəçrəşi, üstəlik, tolerantlığı da həmişə yada düşəcək.

“Elə yerlər var ki, orada turuzm üçün heç bir şərait yoxdur. Amma həmin yerlər elə təbliğ olunur ki, qalırsan mat-məəttəl. Halbuki Qubanın hər bir qarışı turizm üçün faydalıdır”. Bu sözləri isə bizimlə söhbətində Bakı Dövlət Univesitetinin professoru Məcnun Babayev dedi. Onun sözlərinə görə, onunla birgə Qubaya səfər etmiş xarici qonaqlar bu bölgəyə valeh olduqlarını dəfələrlə dilə gətiriblər: “Məncə, turizim də elə mədəniyyətdir. Bu mənada Qubada turzimin daha da inkişaf etdirilməsini arzulardım. Buna görə burada hər cür şərait də var”.

Millət vəkili Yevda Abramov Qubaya həsr olunmuş “Bölgələrdən paytaxta” layihəsində xoş anlar yaşadığını vurğuladı: “Bu tədbir, demək olar ki, Qubanın bütün mədəniyyət nümunələrini özündə əyani təcəssüm etdirir. Zənnimcə, bu, paytaxt sakinlərinə Quba mədəniyyəti ilə bir daha yaxından anış olmağa imkan yaradır”. Daha sonra bu tədbirdə Qubada yaşayan azsaylı xalqların mədəniyyət nümunələrinin də nümayiş olunduğunu vurğulayan millət vəkili dedi ki, dövlətimiz ölkədə multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri siyasi və sosial şəraitin yaradılması, genişləndirilməsi üçün böyük səy göstərir.Xaricdən gələn nüfuzlu qonaqlar da həmişə bu reallığı etiraf edirlər. Bu da elə Quba mədəniyyətinin bir parçasıdır:”Quba tarixən bir çox mədəniyyətlərin birləşdiyi məkan olub. Burada ləzgi, tat, yəhudi kimi xalqlar yerli əhali ilə mehriban münasibətdə yaşayır. Burda yaşayan hər bir xalqın öz adət-ənənəsi, özünəməxsus mədəniyyəti var. Tədbirdə belə etnik qrupların hər birinin nümayəndələri iştirak edirlər.

Millət vəkili daha sonra elə bu tədbir çərçivəsində bir tanışı ilə olan söhbətini də xatırlatdı: “Tanışım mən dedi ki, bəzi paytaxt sakinlərinin bölgələrimizi qarış-qarış gəzmək imkanı yoxdur. Məhz belə tədbirlər onlarda rayonlar haqqında geniş təəssüratlar oyada bilir”. Bu aspektdən çıxış edən millət vəkili söhbətini bu sözlərlə başa vurdu: “Bölgələrdən paytaxta” ənənəsin davam etdirmək lazımdır”.

…Qeyd edək ki, Qubaya həsr olunmuş “Bölgələrdən paytaxta” layihəsinin konsert proqramında B. Səfəroğlu adına Quba Mədəniyyət Evinin kollektivi maraqlı rəqslər nümayiş etdirib, mahnılar ifa oxuyublar. Tədbirdə Digah kənd Mədəniyyət Evinin “Ləzginka” rəqs qrupunun, Quba Uşaq Musiqi Məktəbinin “Muğam” üçlüyünün, Quba Uşaq İncəsənət Məktəbinin “Nağaraçalanlar” ansamlının çıxışları da maraqla qarşılanıb. Xalq artisti Fidan Hacıyevanın ifasında “Qubam mənim” mahnısı da tədbir iştirkaçılarına xoş anlar yaşadıb.

Quba rayon Mədəniyyət və Turizm şöbəsindən aldığımız məlumata görə, bu tədbirə hazırlıq Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Evində keçirilib.

 

 

Son

Bir daha xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsinə bu ilin fevral ayından start verilib. Layihə Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etmək məqsədinə xidmət edir. Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini, sosial-iqtisadi inkişaf potensialını əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənib, bölgənin turizm imkanları təbliğ olunub.

Qeyd edək ki, “Bölgələrdən paytaxta” adlı ilk tədbir Masallıya, ikincisi isə Qəbələyə həsr olunmuşdu. Birinci tədbir Azərbaycan Musiqili Komediya Teatrında, ikincisi isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil edilmişdi.

Nazirlikdən verilən məlumata görə, 2015-ci il ərzində Şəki, Lənkəran, Gəncə, İsmayıllı, Qəbələ, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində mədəni tədbirləri keçiriləcək və hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri geniş formatda təqdim olunacaq.

Qəhrəman Qasımov