“Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Qusar rayonunun təqdimatı keçirildi

0
344

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini regionlarımızın sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış etməkdə davam edir. 2015-ci ildə start verilən layihə çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz, Zaqatala, Abşeron və Şuşa rayonlarının təqdimatları keçirilib.

Aprelin 11-də Gənc Tamaşaçılar Teatrında gerçəkləşən növbəti təqdimatı isə Qusar rayonuna həsr olundu.

Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində qurulmuş sərgi ilə tanış oldular. Burada rayonun tarixini, mədəniyyətini, sosial-iqtisadi nailiyyətlərini, folklorunu, turizm imkanlarını əks etdirən stendlər, eləcə də rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri nümayiş olunurdu.

Sərgilərlə tanışlıqdan sonra teatrın zalında təqdimat mərasimi davam etdi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionların inkişafına müsbət təsirini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müvafiq dövlət proqramlarının icrası nəticəsində Qusar rayonunda da yeni mədəniyyət ocaqları istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb və turizm mərkəzləri istifadəyə verilib.

2015-ci ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsinin əhəmiyyətindən danışan Əbülfəs Qarayev bildirdi ki, layihə çərçivəsində bölgələrin adət-ənənələrini, el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi inkişafını, turizm potensialını əks etdirən sərgilər nümayiş etdirilir, bədii kollektivlərin və incəsənət ustalarının konsertləri keçirilir: “Layihə ölkəmizin zəngin mədəniyyətinin geniş təbliğinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradıb. Bugünkü tədbir layihə çərçivəsində 12-ci təqdimatdır. Bu tədbirlərin hər birində bölgələrimizin bir-birindən gözəl adət-ənənələrini, mədəni özünəməxsusluğunu, zənginliyini daha aydın müşahidə edirik”.

Əbülfəs Qarayev bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib: “Bu il Azərbaycanda “Multikulturalizm ili”nin elan olunması ölkəmizdə yaşayan azsaylı xalqlara, onların mədəniyyətinin inkişaf etdirilməsinə verilən önəmin bariz nümunəsidir. Qusar rayonu da azsaylı xalqların yaşadığı bölgələrimizdən biridir. Bu çərçivədə ölkəmizdə müxtəlif tədbirlər keçiriləcək. Həmçinin Aprelin 25-dən 27-dək keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanda mövcud olan tolerantlıq mühitini bir daha dünyaya çatdıracaq. Bu Forumda 3 mindən çox xarici qonaq iştirak edəcək. Bu il həm də Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirtdiyi layihə çərçivəsində Qusar rayonu ölkəmizin “Folklor paytaxtı” elan olunub. Layihə çərçivəsində müxtəlif tədbirlər və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Əbülfəs Qarayev rayonunun turizm potensialı haqqında danışaraq bildirdi ki, son illər həyata keçirilən bir sıra layihələr nəticəsində Qusar rayonu Azərbaycan turizmində mühüm yer tutur: “Qusar rayonu qədim tarixə malik, milli-mədəni dəyərlərin qorunub inkişaf etdirildiyi bölgələrimizdən biridir. Burada olan əsrarəngiz təbiət, zəngin mədəniyyət və qədim tarixi abidələr insanları cəlb edir. Əhalinin qonaqpərvərliyi, milli adət-ənənələrin qorunub saxlanılması, milli mətbəxi də turizmin inkişafına öz müsbət təsirini göstərir. Burada yaradılan Şahdağ Turizm Mərkəzi ölkəmizin həm qış, həm də yay turizmində xüsusi önəm daşıyır. Təkcə onu qeyd etmək yerinə düşər ki, Şahdağ Turizm Mərkəzi bu ilin qış turizm mövsümündə 75 mindən çox turistə xidmət göstərib”.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov qeyd etdi ki, “Bölgələrdən paytaxta” layihəsi Qusara rayon sakinlərinə öz mədəniyyətini, folklorunu, turizm potensialını nümayiş etdirmək imkanı yaradıb. Bölgələrdə infrastruktur layihələrinin həyata keçirildiyini söyləyən icra başçısı bildiridi ki, Qusarda mədəniyyət abidələrinin bərpa edilməsi, mədəniyyət obyektlərinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində işlər görülüb.

Rayonun turizm potensialından danışan Şair Alxasov bildirib ki, Qusar əsrarəngiz təbiəti olan, müxtəlif növ turizm xidmətlərini təqdim edən rayondur.

Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olundu. Qusar rayonunun müasir inkişafını, tarixi-mədəni zənginliyini əks etdirən video-çarx nümayiş olundu.

Mərasim rayonda fəaliyyət göstərən incəsənət ustalarının konsert proqramı ilə davam etdi.