“Bölgələrdə sənaye müəssisələrinin yaradılması gözlənilir”

627

 

Milli Məclisin Quba 52 saylı Seçki Dairəsindən seçilən millət vəkili Vahid Əhmədov Qubada hər ay sakinləri qəbul edir, onların müraciətlərini dinləyir. Sakinlərlə söhbət etdikdə onlar müraciətlərinin cavabsız qalmadığını söyləyir, fürsət bilib millət vəkilinə bu həssaslığına görə təşəkkürlərini bildirirlər. Deyirlər, problemlərimizə həll yolu tapmaqla bərabər, heç olmasa, dərdimizi dinləyir, istiqamətinə görə bizə məsləhət və tövsiyələrini bildirir. Quba rayonu ilə bağlı bizi də maraqlandıran suallar var idi. Bu minvalla onunla görüş təyin edib, suallarımızı ünvanladıq. Beləliklə, müsahibimiz millət vəkili Vahid Əhmədovdur.

– Vahid müəllim, Quba-Bakı marşrutu üzrə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə bilet almaq neçə ildir bir qədər problemə dönüb. Bilet almaq olmur, ciddi mənada süni maneələr var. Üstəlik, marşruta bilet əvəzinə, sərnişinlərdən 4 manat pul tələb olunur. Bu vəziyyətlə bağlı münasibətinizi bilmək istərdik.

– Bu barədə mənə şikayət olunmayıb. Yəni necə bilet verilməyə bilər ki? Ümumiyyətlə, bilet niyə verilməsin ki?! Bu məsələni avtovağzal rəhbərliyinin diqqətinə çatdırıb, məsələni araşdıracağam (Bu ərəfədə Quba avtovağzalının rəhbərliyi ilə (Asif bəy adlı şəxslə) telefon danışığı apararaq məsələnin araşdırılmasını və bu tip şikayətlərin mövcudluğunu diqqətə çatdırdı-red).

– Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il qərarı ilə gömrükdə 10 kiloqram yük məhdudiyyəti – 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla) qoyulması barədə bir neçə ay əvvəl sizinlə əlaqə saxlamışdıq. Bildirmişdiniz ki, bununla bağlı Baş Nazirə məktub ünvanlamısınız. Hazırda sözügedən mövzu ilə əlaqəli nə yenilik var?

– Bəli, gömrüklə əlaqəli son vaxtlar müraciətlər çoxdur. Cənab Prezident Qubada olanda da gömrüklə bağlı problemləri diqqətinə çatdırmışdıq. O ki qaldı çəki məsələsinə, Gömrük Komitəsinin sədri ilə bu barədə görüşümüz olub. Nazirlər Kabinetinə də sorğu göndərilib. Yəqin bu barədə də müəyyən irəliləyişlər var. Bununla belə, bütün məlumatlar aidiyyəti orqanlara çatdırılıb. Məsələlərin həlli ilə məşğul olunur.

– Demək olar ki, hər ay sizin Qubada qəbul gününüz olur. Müşahidə edilən vəziyyətə görə müraciət edənlər də az olmur. Ümumiyyətlə, bu müraciətlər ən çox nədən ibarətdir?

– Müraciətlər müxtəlif olsa da, əslində ortaq mahiyyət daşıyan müraciətlər az deyil. Burada şəxsi məsələlər, ev təmiri və tikintisi, ailə münaqişələri ilə bağlı problemlər var. Məişət məsələləri, sosial təminat məsələləri də müraciət olunan mövzular arasındadır. Məmurlardan da asılı olan problemlər var. Elə ailə var ki, 25 ildir Qubada yaşayır, evi yoxdur. Ev istəyir. Bütün bu müraciətlərin həlli üçün çalışırıq.

– Qeyd etdiniz ki, xüsusən mənzillə bağlı daha çox müraciətlər olur. Ev-mənzil probleminin həlli istiqamətində hansı işlər görülür?

– Əlbəttə, ev-mənzil problemlərinin həlli vacibdir. Müraciət edənlərin bəziləri həyətyanı torpaq sahəsi alaraq, ev tikiblər. Artıq, indi demək olar ki, torpaq sahəsi də yoxdur. Cənab Prezident sonuncu dəfə Qubada olanda İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə birgə 6-7 mərtəbəli bir neçə binanın tikintisi ilə bağlı xahişimiz olmuşdu. Bu, mənzil məsələlərinin həlli üçün müəyyən qədər lazımlı məsələdir. Artıq bu məsələ gündəmdədir.

– Bir müddət əvvəl Qubada hava limanının tikintisi ilə bağlı mövzu gündəlikdə idi. Gedişat necədir? Bölgə üçün əhəmiyyəti nədir?

– Hələ 2008-ci ildə ölkə başçısına aeroportun burada əhəmiyyətinə dair məktub yazmışdım. Prezident sərəncam verib. Tikintisi realdır. Aeroportla bağlı qərar var. Sakinlərlə bağlı məsələlər həllini tapıb. Bu zona üçün vacibdir. Əvvəllər də olub. Strateji əhəmiyyətli məsələdir. İqtisadi cəhətdən də üstünlüyü var.

– Parlamentin iclaslarında, xüsusən də kənd təsərrüfatının problemlərini vurğulayırsınız. Süni əngəllərin daha çox diqqət çəkdiyi kənd təsərrüfatı ilə bağlı problemlər mövcuddur.

– Kifayət qədər şikayət qəbul edirik. Mütəmadi olaraq izləyirik bu problemləri. Meyvənin bol olması onun satışını bir qədər çətinləşdirir. Ölkədaxili bazarda da süni əngəllərin olduğunu bilirik. Bazara müdaxilələr olur. Müəyyən qədər bu məsələlər azalıb. Üstəlik, post-sovet məkanında baş verən siyasi gərginliyə görə də satış zəifdir. Bir digər məsələ də Azərbaycana idxal olunan meyvələrin tərkibinə baxılması məsələsidir. Geni dəyişilmiş məhsullardan söhbət gedir.

Ümumilikdə onu deyə bilərəm ki, fermerlərə yardımlar ayrılır. Hər il, demək olar ki, 300 milyon vəsait ayrılır. Bu məsələ Prezidentin nəzarətindədir. Bununla belə, yenə də əsas məsələ məhsulun ixracı məsələsini zəruriləşdirir. Bu il “Sənaye ilidir”. Bölgələrdə sənaye müəssisələrinin yaradılması gözlənilir.

– Kənd təsərrüfatından söhbət düşmüşkən, bir məsələni qeyd etmək istərdim. Belə ki, son vaxtlar Qubada bəzi kəndlərdə rastlanan vəziyyətə görə, sovet dövründə suvarma məqsədi ilə qurulmuş paslanmayan, uzunmüddətli istifadəyə yararlı borular hazırda çıxarılır və satılır. Buna münasibətinizi bilmək istərdik.

– Çox təəssüf ki belə hal var. Məlumatlıyam. Bu yaxınlarda kəndlərin birində qəbulda olarkən bu barədə şikayətlər səsləndi. Bu məsələ öz həllini tapmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib, Milli Təhlükəsizlik Nazirliyi məşğul olur. Üstəlik, Rayon Polis Şöbəsinin rəisi ilə də əlaqə saxlamışam. Bunlar dövlət əhəmiyyətli, strateji borulardır. Bunları kim çıxarır? Niyə çıxarır? Kim icazə verib? Cinayətə cəlb olunmalıdırlar. Bu məsələ artıq ictimailəşib. Hüquq-mühafizə orqanları bu işin həlli ilə bağlı məşğul olmalıdır.

– Vahid müəllim, Quba ilə bağlı bayaq da qeyd olundu – mənzil probleminin həlli, aeroportun tikintisi və s. Qubanın tarixini əks etdirən Fətəli xanın heykəlinin ucaldılması, Qubaya şəhər statusunun verilməsi ilə bağlı təklif bir neçə il əvvəl səslənsə də bu barədə bir irəliləyiş hiss olunmur…

– Sözün açığı, bu barədə tərəfimdən müraciətlər olunub. Razılıq da verilib. Qalan məsələlər İcra Hakimiyyəti orqanının öhdəliyindədir. İşin icrası onlardan asılıdır.

– Quba-Qonaqkənd-Şamaxı yolunun tikintisi də davam edir. Nə vaxt yekunlaşması nəzərdə tutulur?

– O yol çox ağır yoldur. Relyefi, mövqeyi o yolun tikintisi üçün bir qədər çətinlik törədir. Buna baxmayaraq, hazırda yolun tikintisinə başlanılıb, davam edir. İlkin mərhələ olaraq, heç olmasa, 2015-ci il üçün Quba-Qonaqkənd yolunun yekunlaşması gözlənilir. Yolun davamının – 2017-2018-ci illər üçün yekunlaşdırılması nəzərdə tutulur.

– Bəs əhəmiyyətini necə qiymətləndirərdiniz?

– Bu yol Azərbaycanın digər bölgələrinə gediş-gəliş üçün önəmlidir. Şimal-Qərb və Qərb zonasına getmək üçün yol 120 kilometr qısalır. Bu da mühüm məsələdir. Vacib addımdır. Buna ehtiyac var idi. Üstəlik də, bir çox sahələr üçün də faydalı olacağına inanıram.

– Rayonla bağlı şikayətlər arasında sizi ən çox narahat edən məsələ nədir?

– Müraciətlərin, şikayətlərin həlli barəsində əlacsızlıq adamı çıxılmaz vəziyyətə salır. Ümumiyyətlə, məmur özbaşınalığı və səhlənkarlığı ciddi narahat edən məsələdir. Məsələn, bayaq səslənən boruların çıxarılıb satılması ilə bağlı məsələlər ciddi narahat doğuran məsələlərdir.

– Vahid müəllim, müsahibəyə görə təşəkkür edirik.

– Mən də təşəkkür edirəm. Sağ olun.

Amil Tağıyev