Bol bərəkət qonaq sevən evdədir

509
“Space” telekanalında yayımlanan əyləncəli “Zəhmətkeş ulduzlar” verilişinin çəkiliş qrupu növbəti dəfə Mingəçevirə gəlib. Bu kimi verilişlərin çəkilməsində əsas məqsəd Azərbaycanımızın bölgələrini və bölgələrdə yaşayan ağsaqqal, ağbirçək  baba-nənələrimizin duzlu-məzəli söhbətlərini, qədim adət-ənənələrimizi və Azərbaycan xalqının qonaqpərvərliyini bütün dünyaya tanıtmaqdır. Bu mənada Mingəçevir şəhərinin füsunkar gözəlliyi, insanların qonaqpərvərliyi “Zəhmətkeş ulduzlar”da bir maraq oyadıb.
Çəkiliş üçün paytaxtdan Mingəçevirə gələn, el-oba arasında sazı, sözü ilə tanınan aşıq Əhliman, müğənni Qanun Hüseynov, xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova, balabanda müşayiətçi Rəfael Nərimanoğlu, sənəti ilə seçilən, öz musiqiləri ilə tamaşaçılarının rəğbətini qazanmış müğənni Nəriman Mingəçevirli, verilişin aparıcısı, aktrisa Ülviyyə Əliyeva mingəçevirlilərin birgünlük qonağı oldular. Doğrudan da, verilişin adından göründüyü kimi, “zəhmətkeş ulduzlar” çox zəhmət çəkdilər, işlədilər, oxudular, oynadılar, mingəçevirlilərə xoş anlar yaşatdılar. Verilişin rejissoru Xamis Ağcayev artıq 4 ildir bu verilişin efirə getdiyini bildirdi: “Erməni işğalı altında olan torpaqlarımızın azad olunduğu günü gözləyirik, arzumuz odur ki, gedib orada da verilişimizi çəkək”. Qeyd edək ki, qonaqlar şəhərin Sahil parkında, Heydər Əliyev parkında, “Zaman-Azərbaycan”qəzetinin Mingəçevir təmsilçiliyinin redaksiyasında və  digər yerlərində oldular.

Çəkiliş qrupu Mingəçevir kəndinin ağsaqqalı, qonaqpərvərliyi ilə tanınan, gözəl ailə başçısı Rizvan Mustafayevin evində qonaq oldular. “Zəhmətkeşlər” ev yiyəsinin həyətindəki bağda işlədilər, ağacların dibini bellədilər və samovar çayı dəmləyib kənd sakinləri ilə bir süfrə başında əyləşdilər. Elə biz də süfrə başında qonaqlardan onların təəssüratlarını öyrəndik. Əvvəlcə, Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının dosenti, Əməkdar Mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, el aşığı aşıq Əhlimanı dinlədik: “İstər Mingəçevir şəhəri, istərsə də kəndi, mən deyərdim ki, regionlar içərisində qonaqpərvərliyinə görə öndədir. Bu bölgədə çox olmuşam, çox halal insanlardır insanları. Adam var ki, qonaq gələndə qapısını bağlayır. Hər bir evin ən ləzzətli neməti ta qədimdən qonaq olub.

Bol bərəkət qonaq sevən evdədir,

Hər bir evə qonaqdan nur saçılsın.

Bu qapı ki, qonaq açmır ildə bir,

Görüm əzrailin əllərilə açılsın.

Biz azərbaycanlılar vayda da, toyda da qonaq axtarmışıq. Həmişə bizim diyarlarda qonağa böyük hörmət olub. Biz də bu gün Mingəçevirdə olduğumuz gün Rizvan kişinin evində ta qədimdən ata-babalarımız qonağı necə qarşılayıbsa, biz də bu evdə elə qarşılandıq. Bu haqda çox danışmaq olar. Arzum budur Mingəçevirdə həmişə xeyir işlərin sorağına gələk. Onu da deyim ki, Mingəçevir camaatı çox diqqətlidir. Diqqətli olmaq isə böyüklükdür”.

Xalq artisti Simarə İmanova regionlara səfər etdikcə bir canlanma, şəhərlərdə, kəndlərdə müasirlik, abadlaşma işlərinin getdiyini gördüyünü dedi: “Mingəçevirə bu dəfə gələndə, doğrudan da, şəhərin nə qədər gözəlləşdiyinin şahidi olduq. Bu da bizi bir Azərbaycan vətəndaşı kimi ruhlandırır. Onu da deyim ki, Mingəçevir kəndinə birinci dəfə idi ki, gəlirdim. Bu insanların nə qədər qonaqpərvər olduğunu gördüm və keçirdiyim xoş hissləri sözlə ifadə edə bilmirəm. İnsanlar nə qədər səmimi, istiqanlıdırlar, gözəl bir ailənin evində qonaq olmağımız mənə çox xoş təsir bağışladı”.

Verilişin aparıcısı Ülviyyə xanım şəhərdə gördüyü abadlıq, quruculuq işlərinə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dərin təşəkkürünü bildirdi: “Doğrudan da, şəhər çox dəyişib, müasirləşib. Hər tərəf al-əlvan işıqlar içində yanır. Elə adından göründüyü kimi, nur şəhərini nur içində gördük”.

Beləliklə, Mingəçevir kənd icmasının sədri Etibar Əliyev qonaqlara kəndin tarixindən milli adət-ənənələrindən, kənd əhalisinin əsas məşğuliyyəti olan balıqçılıqdan söhbət açdı. Bir sözlə, “Zəhmətkeş ulduzlar” bu səfərlərindən çox məmnun görünürdülər. Sonda Nəriman Mingəçevirlinin ifasında səsləndirilən bir-birindən gözəl musiqi nömrələri də qonaqların ürəyincə oldu

Esmira Hidayətova, Mingəçevir