BMU-nun prorektoru universitetin tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb

0
43

Bakı Mühəndislik Universitetinin (BMU) Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə universitetin tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb. Bu barədə saytımıza BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından söz açan prorektor B.Hüseynzadə qısamüddətli hərbi əməliyyatların şanlı qələbə ilə nəticələndiyini vurğulayıb. B.Hüseynzadə Böyük Zəfərin əldə edilməsində gənclərin rolunu xüsusi qeyd edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanda güclü vətənpərvərlik hisslərinə malik, milli ruhda tərbiyə almış gənc nəslin yetişdiyini bir daha sübuta yetirdi. Vətənə bağlı müasir gəncliyin ulu öndər Heydər Əliyev siyasi məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələri olduğunu bildirən B.Hüseynzadə Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclərin məhz müstəqillik illərində formalaşdığını fikirlərinə əlavə edib.

B.Hüseynzadə çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti haqqında ətraflı danışaraq, bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. Prorektor bu siyasət çərçivəsində BMU-da gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda onların yüksək əxlaqi və mənəvi keyfiyyətlərə yiyələnməsinə daima diqqət göstərildiyindən bəhs edib. O, BMU tələbələrinin Vətən Müharibəsində iştirak etdiyini, eyni zamanda bu dövrdə erməni vəhşiliklərinin sosial şəbəkələrdə müxtəlif dillərdə geniş auditoriyaya çatdırılması istiqamətində aktiv iş apardıqlarını xüsusi vurğulayıb.

Tələbə təşkilatlarının fəaliyyətinə toxunan B.Hüseynzadə hazırda universitetdə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), YAP Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti (TEC) kimi 4 tələbə təşkilatının fəaliyyət göstərdiyini qeyd edib. O, universitet rəhbərliyi tərəfindən tələbələrə hər zaman şərait yaradıldığını söyləyib, onların qazandıqları uğurlardan danışıb.

Prorektor pandemiya dövrü ərzində tədrisin onlayn təşkil edildiyini xatırladaraq, bunun üçün bütün texniki imkanların mövcud olduğunu diqqətə çatdırıb. O, BMU tələbələrinin pandemiya müddətində rastlaşdığı problemlərə universitet rəhbərliyi tərəfindən dərhal reaksiya verildiyini və onların həlli istiqamətində müvafiq müsbət addımların atıldığını söyləyib.

Görüşdə BMU Tələbə Həmkarlar Təşkilatının sədri Amil Abdullayev, BMU Tələbə Gənclər Təşkilatının sədri Ləman Şərifova hesabatla çıxış ediblər.

Sonda tələbələrin rəy və təklifləri dinlənilib, pandemiya dövrünün davam etdiyi nəzərə alınaraq yarana biləcək problemlərin operativ həlli ilə bağlı geniş müzakirələr aparılıb, eyni zamanda tələbə təşkilatlarının gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.