BMU ilə BT ARGE şirkəti arasında müqavilə imzalanıb

0
241

Oktyabrın 30-da Bakı Mühəndislik Universiteti (BMU) ilə  BT ARGE İnnovasiya və Texnoloji Sənaye Ticarət Limited Şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilənin imzalanmasında əsas məqsəd universitetdə fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında, həmçinin biliklərin yayılmasında maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin, müxtəlif sahə və istiqamətlər üzrə fundamental, eyni zamanda tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparılması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində, müxtəlif istehsalat sahələrində tətbiq olunmasıdır.

Sənəddə BMU-nun II və III kurs tələbələrinin BT ARGE şirkətinin təcrübə proqramlarında iştirakının təmin olunması və tələbələr üçün şirkətin fəaliyyət istiqamətlərinə uyğun mövzular çərçivəsində kursların təşkil edilməsi nəzərdə tutulub. Bununla yanaşı, universitetin professor-müəllim heyətinin, tələbələrinin şirkətin əməkdaşları ilə təhsillə bağlı layihələrdə birgə iştirakı həyata keçiriləcək. Birgə elmi-praktik konfransların, seminarların, simpoziumların, olimpiadaların, sərgilərin təşkil olunması da tərəflərin əməkdaşlıq sahələrini əhatə edir.

BT ARGE şirkəti proqram təminatının işlənib hazırlanması, test edilməsi, biznes proseslərinin alqoritimləşdirilməsi və proqramlaşdırılması və s. bu kimi istiqamətlər üzrə ixtisaslaşıb. Əldə olunan razılaşmaya əsasən, şirkət BMU tələbələrini gənc mühəndis kimi işə qəbul etməyi, eyni zamanda onları təlim proqramlarına cəlb edərək, gənc mütəxəssislərdən proqram-devoloper kimi yararlanmağı planlaşdırır.

Qeyd edək ki, əməkdaşlıq müqaviləsini BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazov və BT ARGE şirkətinin direktoru Mirzə Bədəlzadə imzalayıb.