BMU-da Xocalı soyqırımı anılıb

Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Bu barədə alpaninfo.com-a BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov erməni faşizminin təzahürü olan Xocalı soyqırımının bəşər tarixinin faciəli səhifələrindən biri olduğunu vurğulayıb. Dinc azərbaycanlı əhaliyə, ümumilikdə insanlığa qarşı törədilmiş cinayətlərin ən dəhşətlisi olan Xocalı faciəsindən ətraflı bəhs edən rektor soyqırımın tanınması ilə bağlı müvafiq prosedurların məhz ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra gerçəkləşdiyini, Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevralın Xocalı Soyqırımı Günü elan edildiyini bildirib. Ötən dövrdə Xocalı soyqırımının dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində görülən digər mühüm tədbirləri qeyd edən Havar Məmmədov xüsusilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində atılan genişmiqyaslı addımları diqqətə çatdırıb. Rektor indiyə qədər 10-dan çox ölkənin və İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsini soyqırımı kimi tanıdığını söyləyib.

Havar Məmmədov bildirib ki, bu il xalqımız Xocalı soyqırımının ildönümünü qalib dövlətin nümayəndələri kimi anır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər nəticəsində torpaqlarımızın Ermənistanın işğalından azad olunduğunu bildirən rektor Azərbaycan Ordusunun Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanaraq  şəhidlərimizin, Xocalının günahsız qurbanlarının qisasını aldığını vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas Xocalı faciəsi zamanı ermənilərin törətdiyi vəhşiliklərdən ətraflı danışıb və soyqırımla bağlı tarixi faktlara toxunub.  Xocalı faciəsinin təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu vurğulayan millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz igidliklər göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldığını, şəhidlərimizin qanının yerdə qalmadığını bildirib.  Aqil Abbas vurğulayıb ki, xalqımız cənab Prezidentin ətrafında yumruq kimi birləşərək tarixi qələbə əldə edib.

Sonra BMU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova çıxış edərək Xocalı faciəsinin təkcə xalqımıza qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli və qəddar cinayətlərdən biri olduğunu söyləyib. O, bu il Xocalı faicəsinin fərqli hisslərlə anıldığını, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun ermənilərin 30 il ərzində qurduqları hərbi istehkam sistemlərini yarıb keçərək, işğal altında olan Azərbaycan torpaqlarını canları və qanları bahasına azad etdiklərini vurğulayıb.

Tədbirdən sonra Xocalı faciəsinə həsr olunan sərgiyə baxış keçirilib. Sərgidə faciə ilə bağlı tarixi faktları özündə əks etdirən kitablar, sənədlər, fotolar və BMU tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş etdirilib.