BMU-da “Gilin möcüzəsi”

301
????????????????????????????????????

Bakı Mühəndislik Universitetində (BMU) Dizayn ixtisasında təhsil alan IV kurs tələbələrinin əl işlərindən ibarət “Gilin möcüzəsi” adlı sərgi təşkil olunub. Tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov və universitetin rəhbər heyəti iştirak edib.

Memarlıq və dizayn kafedrasının müdiri, professor Sabir Orucov, kafedranın dosenti Yasin Xəlil iştirakçılara sərgi haqqında ətraflı məlumat verib. Bildirilib ki, sərgidə əsasən geniş istifadə olunan keramika bəzək materialları üzərində işlər aparılıb. Tələbələr gildən qədim mədəni irsimizi özündə əks etdirin müxtəlif vazalar, fiqurlar və s. hazırlayıblar.

Sərgi ilə yaxından tanış olan rektor təqdim olunan əl işlərinə baxıb və tələbələrlə söhbət edib. Belə sərgilərin təşkilinin gənclər üçün böyük stimul olduğunu önə çəkən Havar Məmmədov bildirib ki, bu gün böyük abadlıq, quruculuq işlərinin həyata keçirildiyi ölkəmizdə savadlı, gənc memarlara, dizaynerlərə ehtiyac var.

Rektor 44 günlük Vətən müharibəsində əldə edilən zəfərdən sonra uzun illər erməni vandalizminə məruz qalmış ərazilərin bərpası və inkişafı prosesində gənclərin fəal rolundan xüsusi bəhs edib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi istiqamətində gerçəkləşdirilən sistemli və məqsədyönlü tədbirlərə istedadlı, bilikli gənclərin verə biləcəyi töhfələri vurğulayan Havar Məmmədov çıxışının sonunda yeni ili qalib ölkənin vətəndaşları kimi qeyd edən tələbələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.