BMU Çinin Qinqdao Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb

58

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çinin Qinqdao Texnologiya Universiteti birgə onlayn seminar keçirib. Tədbirdə iki universitet arasında 24 aprel 2021-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən BMU-nun İnşaat mühəndisliyi ixtisasında təhsil alan və ya məzun olmuş tələbələri üçün Çinin Qinqdao Texnologiya Universitetində təqaüdlü magistr təhsili almaq imkanı və tələb olunan sənədlər haqqında ətraflı məlumat verilib.

BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov universitetin xarici əlaqələrindən və Çinin Qinqdao Texnologiya Universiteti ilə başlamış əməkdaşlıq çərçivəsində planlaşdırılan müxtəlif ortaq proqram və layihələr haqqında danışıb. Bu barədə BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi saytımıza məlumat verib.

Seminarda BMU-nun Memarlıq və İnşaat fakültəsinin dekanı, dosent Afər Əlifov rəhbərlik etdiyi fakültə haqqında ümumi məlumat verərək vurğulayıb ki, fakültədə tədris Azərbaycan və ingilis dillərində aparılır. Hazırda fakültədə 9 ixtisas üzrə 1000-ə yaxın tələbə təhsil almaqdadır. A.Əlifov BMU tələbələrinin bir çox Avropa ölkələrində, o cümlədən Macarıstan, İtaliya, Fransada magistr təhsili aldıqlarını nəzərə çatdırıb. Dekan Çin texnologiyası və təhsil sistemi ilə tanış olmağın vacibliyini önə çəkərək, tələbələrin əldə edəcəkləri biliklərin gələcəkdə Azərbaycanda tətbiq olunmasının zəruriliyini vurğulayıb.

BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov iki universitet arasında qeyd olunan istiqamətlərdə qurulmuş əməkdaşlıqla Azərbaycan ali təhsil sistemində ilkə imza atıldığını qeyd edib. Bildirib ki, Koreyanın İnha universiteti ilə bakalavr təhsil pilləsi üzrə ikili diplom proqramının icrasından sonra Çinin Qinqdao Texnologiya Universiteti ilə magistr təhsil pilləsində inşaat mühəndisliyi ixtisasında mütəxəssis hazırlığına start verən ilk Azərbaycan ali təhsil müəssisəsi BMU-dur. Prorektor əlavə edib ki, qurulmuş əməkdaşlıq ilk növbədə BMU-nun İnşaat mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri və məzunları üçün çox gözəl imkandır. Belə ki, ali təhsilin növbəti mərhələsini tam təqaüdlə və ya yarı təqaüdlə Çinin Qinqdao Texnologiya Universitetində ingilis dilində davam etdirmək imkanı yaranıb.

Sonra söz Çinin Qinqdao Texnologiya Universitetində hal-hazırda İnşaat mühəndisliyi ixtisası üzrə magistr təhsili alan və həmin universitetin İnşaat mühəndisliyi fakültəsinin Beynəlxalq əlaqələr şöbəsində çalışan Zaur Cəfərova verilib. O, təqdimatla çıxış edib və təmsil etdiyi universitet haqqında ətraflı məlumat verib. Belə ki, Çinin Qinqdao Texnologiya Universiteti 1952-ci ildə Çində təsis edilib və hal-hazırda Şibei, Huangdao və Linyi kampuslarında mühəndislik sahəsində ali təhsilin üç səviyyəsində təhsil, həmçinin tədqiqat xidmətləri göstərməkdədir.

Z.Cəfərov universitetdə tədris olunan ixtisaslar və ixtisaslaşmalar barədə danışıb, eyni zamanda, ilk dəfə olaraq BMU-nun inşaat mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri və məzunları üçün, yəni 5 nəfər üçün tam -100%-li təqaüd, 5 nəfər üçün isə yarı – 50%-li təqaüd proqramı nəzərdə tutulduğunu vurğulayıb. Təqaüd proqramından faydalanmaq üçün tələb olunan sənədləri cari ilin 27 may tarixindən 15 iyul tarixinədək təqdim olunan linkdəki (https://bit.ly/2Thy4wN) onlayn anket vasitəsilə qəbul edildiyini bildirib. O diqqətə çatdırıb ki, COVİD-19 pandemiyası səbəbindən sərhədlər açılmadığı halda tələbələr üç illik tədrisin ilk ilini onlayn formatda (məsafədən), qalan iki ilini (elmi-tədqiqat və istehsalat təcrübəsini) isə əyani olaraq Çinin Qinqdao Texnologiya Universitetində davam etdirəcəklər. Bundan başqa, magistraturaya qəbul olmuş hər bir tələbə ilə müqavilə imzalanacaq və onlar universitetin tam hüquqlu magistr tələbəsi kimi bütün resurslardan istifadə etmək imkanı əldə edəcəklər. Z.Cəfərov onu da qeyd edib ki, o özü Çinin Qinqdao Texnologiya Universitetində hələ uzun müddət işləmək fikrindədir və BMU-nun tələbələrinə lazım olacaq bütün texniki və informasiya dəstəyi verməyə hər zaman hazırdır. Z.Cəfərovla e-mail (jafarovzaur07@gmail.com) vasitəsilə də birbaşa əlaqə saxlamaq mümkündür.

Seminrada o da qeyd edilib ki, Çində COVİD-19 pandemiyası ilə əlaqədar heç bir təhlükə yoxdur və universitetin yerləşdiyi Çinin Qinqdao şəhərinin sakinlərinin çox hissəsi vaksinasiya edilib, hər kəs əvvəlki həyatlarına davam edirlər. Əgər sərhədlər açılarsa, BMU-nun tələbələri və ya məzunları Çinə 1-ci kursdan təhsil almağa gələ bilərlər.

Tədbirdə onlayn formatda tələb olunan sənədlər də nəzərə çatdırılıb:

1)    Tərcümeyi-hal (CV) – ingilis dilində,

2)    4 illik İnşaat mühəndisliyi bakalavr təhsil pilləsində oxumaq haqqında akademik transkript (keçdiyi fənlər və aldığı qiymətlər (AKTS-lər) qeyd olunmaqla) – ingilis dilində,

3)    Diplom (olmadığı halda 4-cü kurslar diplom alana qədər BMU-nun tədris hissəsindən dörd ili hansı dildə və ildə məzun olacağı haqqında arayış),

4)    Beynəlxalq ingilis dil (IELTS – 5.5 bal, TOEFL – 50 bal) sertifikatı (olmadığı təqdirdə 4 il ingilis dilində təhsil almasını təsdiq edən universitetdən arayış – ingilis dilində),

5)    Təhsil planı (BMU-dakı 4 illik təhsil təcrübəsi – fəallığı və Çində təhsil alacağı təqdirdə hansı təhsil – karyera planları olduğunu yazılı ingilis dilində qeyd etməli).

Sənədlər müəyyən edilmiş tarixlər arasında qəbul edildikdən sonra hər bir tələbə ilə fərdi (onlayn formatda) müsahibə keçiriləcək.

Seminar iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.