BMU “Əlil sahibkarlara dəstək” layihəsində iştirak edir

103

Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası və sosial sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədilə “Əlil sahibkarlara dəstək” layihəsinə start verilib. Bakı Mühəndislik Universiteti (BMU) də bu layihədə iştirak edir. Bu barədə BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və DOST Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Mühəndislik Universiteti (BMU), “Azərsu” ASC, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İB birgə həyata keçirəcək. Layihə çərçivəsində adıçəkilən qurumlar arasında Anlaşma Memorandumu imzalanıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və “Əlil Sahibkarlar Təşkilatı” İB-nin sədri Mirzə Məmmədvəliyev layihə ilə bağlı fikirlərini bildiriblər. Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaq layihənin, eyni zamanda, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinə dəstək olacağını vurğulayıblar.

Sənədə əsasən əlilliyi olan və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər xalçaçılıq, dərzi, foto və video operator, məişət və elektron avadanlıqların təmiri istiqamətlərində peşə biliklərinə yiyələnəcəklər. Bu məqsədlə layihənin tərəfdaşları tərəfindən iştirakçılar üçün peşə təlimləri, biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək.

Təlimləri uğurla bitirən şəxslər isə özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaq.