Biznesin sosial məsuliyyəti artdıqca…

0
126

Xəbər verildiyi kimi, son aylar dünya bazarında neftin qiyməti kəskin aşağı düşüb. Üstəlik, dünyanı cənginə almış koronavirus pandemiyası  qlobal iqtisadiyyatın müxtəlif sahələrinə ciddi zərbələr vurmaqdadır. Buna baxmayaraq, ölkəmizdə sosial-iqtisadi inkişafa hesablanan layihələrin icrası davam etdirilir. Bu prosesdə özəl şirkətlər də öz fəallıqları ilə seçilirlər. Respublika Günündə Bakının Qaradağ rayonunda “Paşa Holding” tərəfindən məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin, daha doğrusu, zəruri infrastrukturlarla təmin edilmiş onmərtəbəli 13 yaşayış binasınin istifadəyə verilməsi bunu bir daha  sübut edir. Qeyd edək ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış sayca 111-ci qəsəbədir.

“Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq bildirmişdir ki, qəsəbənin xüsusiyyəti ondan ibarətdir ki, burada bütün işlər özəl sektor tərəfindən həyata keçirilmişdir. Prezdent bunu çox sevindirici hal kimi dəyərləndirmişdir. Yeri gəlmişkən qeyd edək ki, bir neçə ilə bundan əvvəl dövlətimizin başçısı özəl sektoru daha önəmli sosial layihələrə qoşulmağa çağırmışdı. Prezidentin bu çağırışına çoxşaxəli fəaliyyətlə məşğul olan “Paşa Holding” də qoşulmuşdur. Az sonra, daha doğrusu, 2018-ci və 2019-cu illərdə məhz bu şirkət tərəfindən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış kompleksləri  reallaşdırılmışdır. Məlumat üçün bildirək ki, birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunmuşdur. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri də yaradılmışdır. Elə bu faktlar sosial layihələrin icrasında özəl şirkətlərin rolunun artdığından xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.

Dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır: “Şadam ki, bu təşəbbüsə digər özəl şirkətlər qoşuldu və bu yaxınlıqda digər şirkətlər tərəfindən iki bina tikilir. Ümid edirəm ki, bizim başqa şirkətlərimiz də bu işə qoşulacaqlar.”

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ümumiyyətlə, ölkəmizdə 300 mindən çox məcburi köçkün bu günə qədər mənzillərlə, fərdi evlərlə təmin olunub və onlardan təqribən 20 mini bir şirkət tərəfindən görülmüş işlər nəticəsində evlərlə təmin edilib: “Bu fakt bilirsinizmi nə deməkdir? Bu, hər şeydən əvvəl, o deməkdir ki, dövlətlə sahibkarların vəhdəti istənilən problemin öhdəsindən gəlməyə qadirdir. Bu, həm də o deməkdir ki, bu gün hər bir sahibkar, şirkət sahibi  yaxşı dərk edir ki, ölkəmizdə biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Belə ki, inzibati prosedurların sadələşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması sahibkarların, özəl şirkətlərin imkanlarını daha da genişləndirmişdir. Yeri gəlmişkən, bunu bir neçə mötəbər beynəlxalq təşkilatlar da öz hesabatlarında qeyd etmişlər. Burada bir məqama da toxunmaq istərdim. Koronavirusun cövlan etdiyi çətin şəraitdə Azərbaycan ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salmış, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə Vergi Məcəlləsində güzəştlər də nəzərdə tutmuşdur. Elə həyata keçirilən genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, özəl bölmənin ümumi daxili məhsulda və məşğulluqda xüsusi çəkisi artır. Onlar, həmçinin  sosial məsuliyyəti də lazımi səviyyəyə qaldırmağa çalışırlar və buna da artıq  nail olurar. Onlar bununla həm də dövlətə yardım göstərirlər. Şübhəsiz, sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından da olduqca əhəmiyyətlidir.”

Qvami Məhəbbətoğlu,

“İki sahil”