Bizmi oxuyuruq kitabları, yoxsa oxunan elə özümüzük?

628

Kitablar… Oxumaq üçün yazılmış onlar, oxucusunu axtarır onlar… Oxucusunu oxumaq üçün! Bəli, bu, belədir, bu bir həqiqətdir. Lakin hər kəs bunun fərqindədirmi? Hər kitab insanı oxuya bilərmi? Hər oxuduğumuzda özümüzü tapa bilirikmi? Bu sualların cavabı yalnız özümüzə məxsusdur. Çünki özümüzü daha yaxşı tanıyır, özümüzə daha yaxşı bələdik. Bəzən belə də olur: kitablar sahib olduğumuz, lakin fərqində olmadıqlarımızdan da xəbər verir bizə. Daxili aləmimizdə gizlənmiş fikirlərin, yatıb qalmış düşüncələrin canlanması, oyanması baş verir sanki. Özümüzü yenidən kəşf edirik. Və ya insan adlı sirr yumağı ilə rastlaşırıq. Orada bilib-bilmədiklərimizlə, unutduqlarımızla, xatırladıqlarımızla, kədər və sevinc gətirən hisslərlə, hadisələrlə, söz qəlibinə sığmayan duyğularla qarşılaşır, yeni səhifələri vərəqləyirik. Oxuduqlarımızı anlamaqda düşüncələrimiz, əhvali-ruhiyyəmiz, dünyagörüşümüz, baxış bucağımız öz təsirini göstərir. Bu gün oxuduğumuz sabah başqa məna verə bilər. Axı biz hər an dəyişir və yenilənirik. Böyük şair, təsəvvüfçü Mövlana Cəlaləddin Ruminin kəlamı yerinə düşür: “Nə qədər bilirsən bil, söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir”. Elə kitablarda da nə yazılır yazılsın, oxuduqlarımız anlaya biləcəyimiz qədərdir. Məgər biz yalnız kitablardan oxuyub-öyrənirik?! Əlbəttə ki, yox! Axı insanın yaşayaraq oxuduğu bir kainat kitabı da var. Deyirlər, insan da kiçik bir kainatdır. Lakin bu kiçik kainat o böyük kainatı oxuduqca böyüyür, inkişaf edir. O zaman kiçik kainat böyüdükcə böyük kainat da kiçilir nəzərində. Bəs böyük kainat niyə kiçilir? Kiçik kainat sayılan insan oxuduqca, öyrəndikcə başqa aləmə, məna aləminə baş vurmuş olur. Oradan isə hər şey kiçik və aciz görünür. O məna aləminin daimi sakini olmaq üçün dayanmadan canlı və cansız nə varsa hər şeyi oxumalı, onların hikmətini anlamağa çalışmalıdır. Diqqət etsək görərik ki, var olan hər şey hal dili ilə danışır, sanki bizə bələdçilik edir, gedəcəyimiz mənzilin yolunu göstərir. Bizi kiçik və böyük kainatın sahibinə, Rəbbimizə aparır. Bütün yaranmışlar buna xidmət etdiyinə görə yazılanlar və oxunanlar da bu məqsədi daşımalıdır. Belə nəticəyə gəlirik ki, bizi bizdən yaxşı bilən Allah bizi bizə tanıdır, bizimlə danışır, doğrumuzu, yanlışımızı oxuduqlarımızda göstərir. Yetər ki, bilək, kimi və nəyi oxuyuruq, yetər ki, oxuyaq. Sualımıza cavab tapa bildikmi? Bizmi oxuyuruq kitabları, yoxsa oxunan elə özümüzük? Səadət Soltanova