“Bizlər xarizmamıza daha çox önəm veririk”

Ötən günlərdə Türkiyədən Azərbaycana təşrif buyuran tanınmış seminarçı Əhməd Şərif İzgörənin seminarında iştirak etdik. 
Bir saat yarımlıq seminar müddətində bir çox maraqlı məqamlara toxunan türkiyəli qonaq bizi düşünməyə sövq edən belə bir fikir səsləndirdi: “Avropalılar işlərinə, bizlər isə xarizmamıza daha çox önəm veririk”. Ə. Ş. İzgörən səsləndirdiyi fikri belə izah etdi: “Türkiyədə və Azərbaycanda ümumi olaraq bir şeyi müşahidə eləmişəm – bizlər yaxşı iş görmək əvəzinə, xarizma nümayiş etdirməyi daha çox sevirik. Misal üçün, düşünürük ki, məmur (söhbət təkcə məmurlardan getmir-red) olduqda ciddi olmalıyıq, filan moda paltar geyməliyik, dəniz kənarında villamız olmalıdır və s. Çox az sayda insanımız tutduğu vəzifənin məsuliyyətini dərk edib, öhdəliyində olan işi yüksək səviyyədə görməyə çalışır. Avropada isə məmur necə geyməlidir məsələsindən ziyadə, görməli olduğu iş barədə fikirləşir. Təbii ki, həm Avropada, həm də bizlərdə istisnalar var”. Türkiyəli qonaq istisna adamlara nümunə olaraq tanışlarından misal gətirdi. Nümunə gətirilən insanın həyat hekayəti oxucularımız üçün faydalı olar deyə Ə. Ş. İzgörənin dilindən eşitdiyimiz əhvalatı olduğu kimi təqdim edirik: “Əhməd adında şagird yoldaşım var. Dost idik. Əhməd dərslərinə əhəmiyyət verməz və heç bir zaman dərsə hazır gəlməzdi. Son sinifdə oxuyurduq. Onunla söhbətim zamanı öyrəndim ki, oxuyub həkim olmağa qərar verib. Onun bu qərarını nə mən, nə də ailəsi ciddi qarşıladıq. Əhmədin oxuyub həkim olacağı yuxumuza belə girməzdi. Amma qərarında qəti olan dostum bir il ərzində ciddi şəkildə universitetə hazırlaşdı. Daha onu çöldə-bayırda görməzdik. Sonda Əhmədin göz həkimliyi ixtisası üzrə universitetə daxil olduğunu eşidəndə qulaqlarımıza inanmadıq. Hekayətimizin qəhrəmanı ali təhsilini də uğurla başa vuraraq, təyinatla göz həkimi işləməyə başladı. Onun təyini çıxan qəsəbədə heç bir göz həkimi 4 aydan artıq işləyə bilməyib. Çünki bu qəsəbədə 20 ildir işləyən və qəsəbə sakinlərinin tanıdığı göz həkimi var imiş, sakinlər də ehtiyacları olanda onun yanına gedirlərmiş. Əhmədin sözlərinə görə, onun həkim kimi işə başladığı xəstəxanada həkimlərə böyük hörmət var imiş. Adi tibb bacısı belə dəhlizdə görünəndə bütün xidmətçilər ayağa qalxarmışlar. Amma Əhmədi görən süpürgəçi belə yerindən tərpənmir. İşçilərin ona qarşı soyuq münasibətindən narahat olan Əhməd bir gün onlardan bunun səbəbini soruşmaq qərarına gəlir. Eşitdiyi cavab isə onun üçün gözlənilməz olur: “Bu qəsəbəyə gələn heç bir göz həkimi 4 aydan artıq işləyə bilməyib. Yoldaşlarımızla mərcləşmişik ki, sən ən çoxu burada 2 ay qalarsan”.

Əhmədin kabinetinə 6 ay xəstə ayağı dəymir. Nəhayət, qəsəbənin ən yaşlı sakini gözünü müalicə etdirmək üçün Əhmədin yanına gəlir. Onu Əhmədin yanına gətirən səbəb isə 20 ildir ki, qəsəbənin göz həkimi olan şəxsin qəbuluna düşə bilməməsidir. Dostum ilk xəstəsinin gözünü böyük həvəslə müayinə və müalicə edir. Digər həkimlərdən fərqli olaraq, xəstəsindən dərman pulu almır. Üstəlik, xəstəsi üçün kofe də hazırlayır. Xəstəsinin müalicəsini bitirdikdən sonra isə onunla şəkil çəkdirir, telefon nömrəsini götürür və s. İndiyə kimi heç bir həkimdən belə münasibət görməyən ağsaqqal çox məmnun olur.

Hekayətimizin qəhrəmanı bir neçə gündən sonra eşidir ki, həmin qocanın yaxınlarından rəhmətə gedən var. Ona zəng edib, başsağlığı verir. Hələ üzrxahlıq da edir ki, gəlib ona baş çəkə bilmədiyi üçün bağışlasın.

Bir gün Əhməd kabinetində yenə boş oturduğu zaman sözügedən ağsaqqalla yanaşı 5-6 nəfər yaşlı da qapıdan çəri daxil olur. Qoca Əhmədə deyir ki, heç birimizin gözündə problem yoxdur. Keçən dəfə hazırladığın kofe çox xoşuma gəlib. Yoldaşları da götürüb yanına kofe içməyə gəlmişəm. Qocanın səmimiyyətindən xoşlanan Əhməd iki saatdan çox onlara kofe hazırlayır. Daha sonra Əhməd öyrənir ki, bu ağsaqqalların hərəsi bir qəsəbənin ən yaşlı sakinidir. Həmin gündən sonra Əhmədin müştəriləri çoxalmağa başlayır. Əhməd indi həmin qəsəbənin ən hörmətli həkimidir”.

Gördüklərimə əsasən deyirəm ki, bizim elə zabitəli, zəhmli, ədalı həkimlərimiz var ki, xəstələndiyimizi, ağrıyan yerimizi belə sanki suç işləmiş kimi ona deməyə çəkinirik. O da qalsın ondan kofe istəmək. Bu da həmin həkimin peşəkarlıqdan daha çox xarizma nümayiş etdirməsinin nəticəsidir” (Söhbət həkimlərin timsalında işindən ziyadə xarizması ilə öyünən peşə sahiblərindən gedir-red).

“İnsan bilmədiyini bilmək üçün çox oxumalıdır”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Qafqaz Universiteti Texnoparkının müdiri İsa Qasımov bildirdi ki, insanın işdən daha çox xarizma nümayiş etdirməyə meyilli olması az bilməkdən qaynaqlanır: “Bunun hamısı az bilməkdən və az oxumaqdan irəli gəlir. İnsan bilmədiyini bilmək üçün çox oxumalıdır. Oxuduqca bilmədiyimizin fərqinə varırıq. İnsan hadisələrin mahiyyətini dərk etdiyi təqdirdə, şan-şöhrət qazanmaqdan daha çox işi ilə məşğul olmağa, zəhmətinin nəticələri ilə xoşbəxt olmağa çalışır”. Bir çox insanların qazanmağa yox, əldə etməyə meyilli olduğunu dilə gətirən İ. Qasımov fikirlərini belə davam etdirdi: “Vətəndaşlarımız arasında elələri vardır ki, hörməti də qazanmaqdan çox əldə etməyə çalışırlar. İnsanlardan ona hörmət etməyi tələb edirlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, insanlar həyatlarını nə qədər ki, öz istəklərinə görə qurmurlar onda özlərini mütləq kimlərləsə müqayisə edirlər. Özündən güclü ilə müqayisə edəndə depressiyaya düşür, zəif ilə müqayisə edəndə isə özünü daha üstün tutur. İnsan özünü kimlərləsə müqayisə etməkdənsə, qabiliyyətlərini daha doğru müəyyənləşdirməyə çalışsa, zəif və güclü tərəflərini bilsə, zəhməti hesabına uğur qazana bilər”. İ. Qasımovun sözlərinə görə, Şimalı Avropa ölkələrində insanlar vəzifə tutmağa o qədər də maraqlı deyillər, öz həyatlarını yaşayırlar: “Şimalı Avropada vəzifə tutmaq məsələsi insanların heç gündəmində yoxdur. Bunu kiminsə xoşuna gəlmək məqsədilə etmirlər. Həyat onlara necə xoşdursa, o şəkildə də yaşayırlar”.

Soydaşlarımız “sinədən” deməyə daha çox meyilli olurlar, nəinki “sətirdən” deyən müsahibimiz sözlərini belə davam etdirdi: “Sinəmizdəki hər zaman doğru deyil. Oxuyub doğrunu araşdırmırıq, öz doğrularımızla hərəkət edirik. Öz doğrularımız da bizi çox zaman səhv yola aparır”. İ. Qasımov onu da qeyd etdi ki, sözügedən problemin digər bir səbəbi də insanlarımızın yaxın keçmişdə dolanışıq problemlərinin olmasıdır: “Sovet dövründə İkinci Dünya müharibəsindən sonra əhali çətin vəziyyətə düşmüşdü. İnsanlar birtəhər dolanmağa çalışırdılar. Amma məmurların vəziyyəti yaxşı idi. Analar da bunu görüb övladlarınıa tövsiyə edirdilər ki, oxu, sən də yaxşı dolan. Buna görə də kim rahat dolanmaq istəyirdisə, ali təhsil almağa cəhd edirdi. Bu şüurun indi də az və ya çox dərəcədə olması ona gətirib çıxarır ki, gənclərimiz yaxşı yaşamaq, kimlərəsə özlərini sübut etmək niyyətləri ilə vəzifə tutmağa çalışırlar”. “Bu səbəbdən də gənclərimiz daha çox ofis işi istəyirlər” deyən müsahibimiz onların bununla bağlı məlumatlı olmadıqlarını ifadə etdi: “Sanki ofis işində işləsələr, rahat olacaq və çox qazanacaqlar. Onların böyük əksəriyyəti ofis işinin nə olduğunu hələ bilmir”.

“Zabitəli adam” fenomeni cəmiyyətimizdə populyardır”

Sosioloq Rəfail Hüseynov isə qeyd etdi ki, hər şey idarəetmə sistemindən asılıdır: “İndi Azərbaycanda daha çox demokratik idarəetmə tələb olunur. Belə olmadıqda idarəetmə hakimiyyəti bir nəfərin əlində cəmləşir. Bu da həmin insanın istədiyi kimi hərəkət etməsinə gətirib çıxarır. Bundan da önəmlisi hər adamın öz yerində olmasıdır. Yəni iş başına bacarıqlı və savadlı insanlar gətirilməlidir. “Yerlər səhv düşəndə” də dediyimiz hallar müşahidə olunur”. “Yerlərin səhv düşməsi” məsələsini isə R. Hüseynov belə izah etdi: “Bizdə tapşırıq, “hörmət”, dost-aşna və s. vasitələri ilə insanlar bəzən layiq olmadıqları vəzifəyə gətirilirlər. Nəticə etibarilə də biz bu cür mənzərə ilə rastlaşırıq. Amma mən bu fikirlə də razı deyiləm ki, Azərbaycanda bu hal çox yayğındır. Çox sevindirici haldır ki, Azərbaycanda öz yerində olan insanlar da az deyil”. Müsahibimizin sözlərinə görə, “Zabitəli adam” fenomeni cəmiyyətimizdə populyardır: “İnsanlarımız hesab edirlər ki, vəzifələrinə görə davranışlarını dəyişməlidirlər”. Cəmiyyətimizdə müəyyən stereotiplərin olduğunu deyən müsahibimiz bildirdi ki, şəxslərə vəzifələrinə görə hörmət edirik: “Misal üçün böyük və kiçik məclislərimizə vəzifəli adam gəldikdə onun necə insan olmasından asılı olmayaraq başa çəkirik. Ona elə münasibət göstəririk ki, həmin vəzifə sahibi istər-istəməz o atmosferə girir və davranışlarını da ona görə tənzimləyirlər”. R. Hüseynov bunun da səbəbini bizdə tarix boyu demokratik idarəçilik sisteminin olmaması ilə izah etdi: “Bizdə tarixən bəylər, xanlar olublar. Onlar da camaata nə istəsələr ediblər. Ona görə də insanlarımızda belə fikir formalaşıb ki, məmura hörmət-izzət göstərilməlidir. Əks halda, onlar bizləri cəzalandıra bilərlər. Vətəndaşlarımız da fikirləşirlər ki, vəzifə tutduqdan sonra insanlarla necə istəsələr rəftar edə bilərlər. “Qaraca qız” filmində ağa bağbana deyir: “Kəs səsini. Mən sənə öz yerini göstərərəm”. Bax bu şüur insanlarımızın tarixən psixologiyasına yerləşdirilib. Daha sonrakı dövlərdə isə sovet qanunları insanlarımızı qorxudub. O vaxt insanlarımız mənəvi baxımından azad, rahat ola bilməyiblər”.

 “Dayday”ı hesabına vəzifə əldə edənlər iş görməyə maraqlı olmurlar”

Müsahibimizin sözlərinə görə, bəzi insanların işdən ziyadə xarizma nümayiş etdirmələrinin digər bir səbəbi də hesabatlı olmamalarıdır: “Yuxarıda da qeyd etdiyimiz kimi, bəzi kəslər qabiliyyətləri müqabilində iş başına gətirilmirlər. Bu səbəbdən də həmin insanlar üçün iş görüb uğur əldə etmək anlayışı zəif olur. Belə şəxslər daha çox “daydayı”nın xoşuna gəlməyə və tutduğu vəzifənin dadını çıxarmağa çalışırlar”.

 “Xarizma, adətən, zəiflik duyğusundan doğur”

Mövzumuzla bağlı suallarımızı cavablandıran psixoloq Hüseyn Xəlilov isə bildirdi ki, xarizma nümayiş etdirməyə meyilli kəslər, adətən, təcrübəsiz insanlardır: “Mən bizim insanlar işdən ziyadə xarizma nümayiş etdirirlər fikri ilə razı deyiləm. Sizin dediyiniz məsələ ilə dünyanın hər yerində rastlaşmaq mümkündür, nəinki Azərbaycanda. O insanlar ki, hansısa bir iş başına keçdikdə xarizma, zəhm nümayiş etdirir, təcrübəsiz və qabiliyyətsiz insanlardır. Bu tip insanlar öz qabiliyyətsizliyini yalançı zabitə ilə ört-basdır etmək istəyirlər. Xarizma, adətən, zəiflik duyğusundan doğur”.

 Elvin Əliyev