Bizimkilər hansı avtomobillərə üstünlük verirlər?

433

Azərbaycandakı avtomobillərin yarıdan çoxu – 52,5%-i paytaxt Bakının payına düşür.“Yeniavaz” Dövlət Statiatika Komitəsindən açıqlanan sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ölkədəki avtomobillərin sayı 1 milyon 330 min 551 ədəd olub. Bunların 698 min 941 ədədi Bakıda qeydiyyatda olub. Məlumat üçün onu da bildirək ki, müstəqillik əldə etdiyimiz 1991-ci ildən sonra ölkə ərazisində ümumi avtomobillərin sayı 3,3 dəfə artıb. Qeyd edək ki, 1991-ci ildə ölkədə 398 min 761 ədəd avtomobil olub. Paytaxt Bakıda isə avtomobillərin sayı bu dövürdə daha çox – 6 dəfə artaraq 116 mindən 698,9 minə yüksəlib. Rəqəmlərdən də göründüyü kimi, 1991-ci ildə ölkədəki avtomobillərin 29,1%-i Bakının payına düşüb.

Onu da bildirək ki, 1991-1997-ci illərdə ölkədəki avtomobillərin sayında azalma müşahidə olunsa da, 1997-ci ildən başlayaraq avtomobillərin sayında davamlı artım qeydə alınıb. 19 il ərzində avtomobillərin sayında heç bir zaman azalma olmayıb.

Ölkədə avtomobillərin ən az olduğu rayonlar Xızı rayonu və Naftalan şəhəri hesab olunur. Xızıda cəmi 1005, Naftalanda isə 1022 avtomobil qeydiyyatdadır. Paytaxt Bakıdan sonra avtomobillər ən çox Gəncə və Sumqayıt şəhərlərinin payına düşüb. Bu ilin əvvəlinə olan məlumata görə, Gəncədə 44 min 888, Sumqayıtda isə 41 min 997 ədəd avtomobil olub.

Əhali tərəfindən ən çox istifadə olunan minik avtomobilləri isə “VAZ” markalı avtomobillər olub. Açıqlanan rəsmi statistikada qeyd olunur ki, ölkədə 406 min 526 “VAZ” markalı avtomobil qeydiyyatdadır. “VAZ”lardan sonra ən çox istifadə olunan avtomobil markası “Mersedes” hesab olunur. Azərbaycanda 193 min 366 “Mersedes”in olduğu bildirilir. Çox istifadə olunan minik avtomobillərin sırasında növbət yerlərdə 62 min 145 ədədlə “Hyundai”, 47 min 282 ədədlə “Toyota”, 42 min 778 ədəd “Opel”, 32 min 674 ədədlə “Nissan”, 31 min 202 ədədlə KİA qərarlaşıb. Ən az istifadə olunan avtomobil isə “Tatra” markalı avtomobil olub. Bu ilin əvvəlinə olan sonuncu məlumatda qeyd olunur ki, ölkədə cəmi bir ədəd “Tatra” markalı avtomobil var. Bundan başqa ölkədə 3 ədəd “Chrysler”, 15 ədəd “Oldsmobil”, 22 ədəd “Talbot”, 23 ədəd “Asiya”, 26 ədəd “Datsun”, 59 ədəd “Saab”, 80 ədəd “Buick” avtomobilinin olduğu bildirilir.