“Bizim uşaqlarımıza fərqli baxılmamalıdır”

638

Müxtəlif yazılarda adı zərif qəhrəman, cəsur ana, əzmkar qadın kimi çəkilən Aytən Eynalovanın fəaliyyətindən və həyatda üzləşdiyi problemlərdən bir çoxları xəbərdardır. Haqqında daha əvvəl də yazdığımız və hər zaman da yazılmağa ehtiyac olan autizm xəstəliyindən əziyyət çəkən bir övlada sahibdir Aytən Eynalova. “Birgə və Sağlam” İctimai Birliyinin qurucusu və sədri olan Aytən xanım bütün gücünü övladı ilə yanaşı, bu xəstəliyə tutulan digər uşaqların da reabilitasiyasına ayırır. Autizm xəstəliyi barədə cəmiyyətin maariflənməsi istiqamətində bir çox layihələrə imza atan A. Eynalova ilə 2 aprel – Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar olaraq yenidən görüşdük. Müsahibimiz bizə autizm xəstəliyi və həyata keçirdikləri bir çox fəaliyyətləri haqqında məlumat verdi.

– İstərdim oxucularımıza autizm haqqında məlumat verəsiniz.
– Ümumi olaraq ifadə etsək, autizmə bir növ inkişaf pozuntusu deyilir. Yəni burada inkişaf mərhələlərindəki gerilikdən söhbət gedir. Bu xəstəlik nitqin geriləməsi, göz kontaktının itməsi, uşağın insanlarla ünsiyyət qurmaması, ortaq diqqətin olmaması, adı ilə çağırılan zaman reaksiya verməməsi, ətraf mühitdən özünü təcrid etməsi və tamamilə öz dünyasına çəkilməsi kimi əlamətlərlə özünü göstərir. Autizmin iki formasına rast gəlinir: birində körpə dünyaya gələn kimi bu xəstəlik müşahidə olunur. Normal halda iki aylığında olan körpə anaya baxıb qığıldamalı olduğu halda, autizmli körpələrdə heç bir reaksiya olmur. Mənim başıma gələn, ikinci forması isə körpə tam sağlam olaraq dünyaya gəlir, normal inkişaf prosesi davam edir. Lakin elə bir gün gəlir ki, hər şey dayanır və geriləmə başlayır. Nitq itir, inkişaf mərhələsində pozuntu meydana gəlir və nəticədə övladınız öz dünyasına çəkilmiş bir uşağa çevrilir.
– Autizmli övlada sahib olan ailələr ilkin mərhələdə nə etməlidirlər?
– Bir valideyn övladında qeyd etdiyim əlamətləri müşahidə edirsə, atacağı ilk addım mütəxəssisə müraciət etmək olmalıdır. Çünki insan təkbaşına bu işin öhdəsindən gələ bilməyəcək. Bununla bağlı müraciət edəcəkləri həkimlər psixiatrlardır. Ailələr çox zaman doğru həkimə yönəlmədikləri üçün diaqnozun qoyulması, təbii olaraq müdaxilə gecikir. Autizmlə bağlı diaqnoz qoyacaq həkimlər psixiatrlardır. Valideynlər kiçik də olsa bir əlamət hiss etdikləri anda mütləq mütəxəssisə müraciət etsinlər. Bizim cəmiyyətdə bir fikir var: uşaq bir az danışıb sonra danışmırsa, “bir az böyüsün danışacaq” deyirlər. Və ya əmisi, dayısı da gec danışıb düşüncəsi ilə uşağa 5-6 yaşına qədər heç bir müdaxilə etmirlər. Bunlar çox səhv düşüncədir. Çünki uşaq normal inkişaf mərhələlərinə görə, 6 ayından sonra qığıldamalı, 8-10 ayından sonra isə artıq bəzi kəlmələri aydın şəkildə olmasa belə müəyyən qədər ifadə etməlidir. Onu da qeyd edim ki, çox zaman autizmlə nitq pozuqluğu qarışdırılır. Lakin bunlar bir-birindən kəskin fərqlənən xəstəliklərdir. Autizmdə qavrama olaraq da problem müşahidə olunur. Yəni siz uşağınıza nə isə deyirsiniz və onun heç bir şey anlamadığını görə bilirsiniz. Çünki, həqiqətən də, uşaq anlamayan ifadə ilə baxır.
– Autizm xəstəliyinin müalicəsində ən təsirli vasitə nədir?
– Ümumiyyətlə, autizm sindromunun tibb tərəfindən səbəbi aşkar olunmadığı üçün təəssüflər olsun ki, bu xəstəliyin müalicəsi də yoxdur. Təbii ki, tətbiq olunan müəyyən dərman müalicəsi var, lakin bu da uşaqların fiziologiyası nəzərə alınaraq edilir. Amma ən təsirli müalicə növü reabilitasiyadır. Reabilitasiya təhsili də elə bir məsələdir ki, hər hansı bir uşaqda autizm diaqnozu qoyulubsa, ona dərhal müdaxilə edilməlidir. Erkən müdaxilə 0-3, 0-4 maksimum 0-6 yaşa qədər olan dövrlərdə həyata keçirilməlidir. Mən nə mütəxəssis, nə də həkiməm, bunu bir ana olaraq deyirəm ki, erkən müdaxilə 3 yaşından gec olmamalıdır.
– Cəmiyyətdə autizm xəstəliyinin varlığından xəbəri olmayan insanlar var. Təbii olaraq da bu xəstəlikdən əziyyət çəkən uşaqların davranışlarının səbəbini bilmir və ictimai nəqliyyatda onlara reaksiyaları birmənalı olmur. Bu mövzuda cəmiyyətdə ən çox hansı problemlə qarşılaşmısınız?
– Bizim autizmli övlada sahib olan bir ailə kimi və ictimai birlik olaraq həyata keçirdiyimiz sosial layihələrin hər birində ifadə etdiyimiz tək şey var: bizim uşaqlarımıza fərqli baxılmamalıdır. Doğrudur, övladımızda problem var və biz onsuz da bunun fərqindəyik. Ən azından buna sərt şəkildə reaksiya vermək lazım deyil. Biz valideynləri narahat edən iki məsələ var ki, bunlardan biri ya övladımıza yazıq gözü ilə baxırlar, ya da tam əksinə, onlara aqressiv reaksiya verirlər. Bizim və uşaqlarımızın ehtiyacı olan tək şey normal inkişafı olan bir uşağa necə davranış sərgiləyirlərsə, autizmli uşaqlara da eyni münasibət göstərsinlər. Problemlərin, cəmiyyət də, biz də fərqindəyik. 3 il bundan əvvələ qədər Azərbaycan cəmiyyətinin autizm xəstəliyi haqqında çox az məlumatı var idi və mən sosial mühitdə bununla bağlı bir çox problem yaşamışam. Lakin sevinərək ifadə etmək istəyirəm ki, hazırda insanlar bu xəstəlik haqda müəyyən təsəvvürə malikdirlər.
– Qeyd etdiniz ki, autizmli uşaqlara bəzi insanlar yazıq gözü ilə baxırlar. Bəs bu cür reaksiyadan uşaqlar necə təsirlənirlər?
– Bizim uşaqlarımızın cəmi 30-40 faizində əqli gerilik olur. Qalan 60-70 faizinin əqli funksiyaları normal dediyimiz uşaqlardan daha yüksək səviyyədə olur. Əlbəttə ki, uşaqlarımız həm mənfi, həm də müsbət enerjini çox yaxşı alırlar. Hər bir uşaq kimi bu halları dəfələrlə yaşamışıq. Elə vəziyyət olur ki, cəmiyyətdə kimsə onlara mənfi reaksiya göstərən kimi uşaq aqressiv hallara düşür. Çünki onu hiss edir. Əgər bir valideyn uşağına sərt davranırsa, uşaq aqressiv, sevgi ilə davranırsa, həmin uşaq həyat dolu olur.
– Bu mübarizədə ən çox əziyyət çəkən valideynlərdir. Valideynlər hansısa psixoloji dəstək almalıdırlarmı?
– Hər valideyn problemi eyni cür yaşamır. Bəziləri ağır yaşayır; bəziləri qəbul etmək istəmir; bəziləri müalicə alaraq mübarizəsinə davam edir; bəzisi isə bunu normal qəbul edir. Burada vacib olan məqam valideynin bu xəstəliyi qəbul etməsidir. Valideyn uşağının xəstəliyini qəbul etmədiyi müddətdə böyük problemlər yaşayır. Problem böyüyür və yenə də valideynin özünə zərər verir. Çünki ciddi mənada psixoloji sarsıntılar keçirir. O isə mütəxəssis dəstəyi almalıdır, bununla yanaşı həm də övladına kömək etməlidir. Təbii ki, bu asan deyil.
– Autizmli uşaqların cəmiyyətə adaptasiyası baxımından yaşıdları ilə birlikdə məktəbə getmələri müsbət haldır. Bəs onların yaşıdları tərəfindən normal qəbul edilmələri üçün məktəblərdə hər hansı maarifləndirici tədbir görülürmü?
– Təəssüflər olsun ki, Azərbaycanda autizm xəstəliyi yeni əlillik dərəcəsinə daxil edilib. Autizmlə bağlı işlər görən bir çox cəmiyyətlərə müraciət etdikdən sonra Milli Məclisdə müzakirə olunan bu məsələ ötən il əlillik dərəcəsinə daxil edildi. Qanunla nəzərdə tutulsa da, inklüziv təhsil hələ ki, ölkəmizdə tətbiq olunmur. Biz ilk dəfə autizmlə əlaqəli bir ədəbiyyat üçün Təhsil Nazirliyinə müraciət etdik. Azərbaycanda ilk dəfə autizmlə bağlı ədəbiyyat əldə olundu və hazırda çap olunan həmin kitablar ölkənin 5 minə yaxın məktəbinə paylanıb. Ən azından həmin məktəblər autizmin nə olduğunu biləcəklər və bu xəstəlikdən əziyyət çəkən uşaqlara problem yaşadığı zaman necə davranmalı olduğunu bu kitabdan öyrədə biləcəklər.
– Autizm xəstəliyi ilə bağlı cəmiyyətin maariflənməsi istiqamətində ictimai birlik olaraq bir çox sosial layihələrə imza atmısınız. Mümkünsə, bu gün keçirəcəyiniz layihə haqqında məlumat verərdiniz.
– Əslində aksiyalarımız ayın əvvəlindən başlayaraq sonuna qədər davam edir. Onların ən başlıcası ayın biri, yəni dünəndən etibarən başlayan flyer paylama aksiyamız olur ki, bu yolla insanlar autizm xəstəliyindən xəbərdar olurlar. Bildiyiniz kimi, bugünkü tarix, yəni 2 aprel-Dünya Autizm Maarifləndirmə Günüdür və bu gün saat 6-da “Park Bulvar”da “Birgə və Sağlam” İctimai Birliyi və Qafqaz Universitetinin H. Z. Tağıyev xeyriyyə klubu tərəfindən təşkil olunan “flashmob”umuz olacaq. Daha sonra 18:30-dan etibarən dənizkənarı bulvar boyunca deputatlar, qeyri-hökumət təşkilatları, dövlət qurumları və bir çox şirkətlər bizə qoşularaq autizm üçün yürüş edəcəyik. Eyni zamanda Azərbaycanda artıq 3 ildir həyata keçirdiyimiz “Mavi işıqla işıqlandır” adlı layihəmiz var ki, yürüşün sonunda Qız qalası, “Alov qüllələri”, “Kristal holl”, “Hilton” oteli və ABŞ Səfirliyinin binası mavi rəngli işıqlandırma ilə başa çatacaq. Sonda isə havaya mavi rəngdə uçan fənərləri buraxmaqla insanların dəstəyini gözləyəcəyik. Ümid edirik ki, bu, fəaliyyətimizin daha da genişlənməsi üçün bizə yol açacaq.
Ən böyük layihələrimizdən biri isə Səhiyyə Nazirliyi və millət vəkilimiz Məlahət İbrahimqızının da dəstəyi ilə həyata keçirəcəyimiz dünyanın ən tanınmış quruluşlarından olan “Autism Speaks” təşkilatı ilə rəsmi bir anlaşmanın imzalanması olacaq.

Xəyalə Sadıqova