Bizim oxumuşlar niyə belədirlər?

466
Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm, bu gün kimin üzü güləcək. Məndən iki mərtəbə aşağıda yaşayan Həsənağa qonşu binanın sakini, köçkün Qulaməli ilə oynayırdı. Qalanları da dairə vurub, öz məzəli atmacaları ilə oyunu qızışdırırdılar.
– Zər, mən ölüm, bir beş qoşa!

– Mənə də yığanlar…

Həsənağa məni görən kimi dilləndi:

– Hə, qonşu, nə var, nə yox? Bəlkə, sən deyəsən, görəsən Röya ərindən niyə boşandı?

Onun bu sualı “Təəssübkeş” ləqəbli Kəraməti özündən çıxardı:

– Sən də sual tapdın müəllimə verməyə… Başa düşə bilmirəm e… axı biz nə vaxta qədər belə axmaq suallara cavab axtaracağıq? Boşanıb boşanıb da… Burada qeyri-adi nə var ki? Nədənsə son illər şou əhlinin hər bir nümayəndəsinin hər bir “addımı” elə müzakirə olunur ki, adam qalır mat-məəttəl. Elə bil bu millətin özgə dərd-səri yoxdur. Şou elə bil iliyimizə işləyib e… O gün, yəni on iki şəhid verdiyimiz gün də telekanallarımız onları başına yığmışdı. Bizim oxuyanlar da şit-şit söhbətlər edir, üstəlik, qol götürüb oynayırdılar. Ölürük də oynamaqdan ötrü. Elə o gün mən həmin telekanalların birinə zəng edib dedim ki, balam, məgər xəbəriniz yoxdur xəbərdən? Bu nə davranışdır, bu nə hərəkətdir? Məgər siz bu millətdən deyilsiniz? Bizə görə canını fəda edən gənc insanların acısına üzülməməyiniz başınıza dəysin, heç olmasa, susun da…

Köçkün Qulaməli zərləri əlində oynada-oynada dilləndi:

– Ay Kəramət, vallah, ixtiyarım olsaydı, buna görə həmin telekanallara böyük həcmli cərimələr tətbiq edib onları susdurardım. Hətta bəzilərinin efir məkanını bağlayardım e…

– Mənə qalsa, mən çox yerdə qadağalar tətbiq edərdim. – Bu sözləri ilə isə qonşu binanın sakini Qürbət kişi dedi. – Son illər bizim bəzi oxumuşlarımız qəzetlər vasitəsi ilə Nəriman Nərimanovun, Mirzə Cəlilin, Sabirin, Zərdabinin, daha kimlərin ünvanlarına hədyanlar yağdırmırlar? Hə indi də görürəm ki, onlar Səməd Vurğunumuzu qaralayıblar. Hətta onlardan biri Səməd Vurğunu səviyyəsiz adlandırıb. Onun hər birimizin yaddaşına həkk olunmuş “Azərbaycan”ına dodaq büzür, bu şeirə belə rişxənd edirlər. Qəribə burasıdır ki, onların arasında öz ana dilini bilməyənlər üstünlük təşkil edirlər. Görünür, belələri şairin şirin ana dilində yazdığı: “Düşdün uğursuz illərə, nəhs aylara nəhs illərə, nəsillərdən nəsillərə” misralarını belə başa düşməkdə çətinlik çəkirlər. Odur ki, beləsinə deyəsən, ay filan filan olmuş, sən heç ana dilimizi doğru-dürüst bilmirsən. Odur ki, nə danışdığını da bilmirsən.

Kəramət: “Ona sataşan adam xalqa və xalqın böyüklüyünə sataşır”,- deməklə Qürbət kişini dəstəklədi və əlavə etdi:

– Mənə elə gəlir ki, Səməd böyük adam idi. Səməd Vurğun elə səviyyəli şəxsiyyət idi ki, Moskvada SSRİ poeziyası ilə bağlı məruzələr edirdi. Üstəlik, onların Səmədi araşdıracaq bacarıqları da yoxdur axı. Məncə, belə kiçik, cılız insanların o boyda şair haqqında fikir söyləmələri çox böyük mədəniyyətsizlikdir. Anlamaq lazımdır ki, böyüklərimizi pisləmək, onları satqın çıxarmaq bizə müsbət heç nə vəd etmir. Bunun sonu nə olacaq? Əlbəttə, bu cür addımlar düşmən dəyirmanına su tökməkdir. Düşmənlərimiz də bizə baxıb o ki var gülürlər. Torpağı işğalda olan bir ölkənin insanı çıxıb ağsaqqalını, böyüyünü, nəhəng bir şəxsiyyəti təhqir edir. Bu düşüncəsizlikdir. Axı nə vaxta qədər biz özümüz özümüzə qənim kəsiləcəyik? Bir də əgər fikir vermisinizsə, belələri digər ölkələrin mədəniyyətini, bu mədəniyyətin daşıyıcılarını elə təbliğ edirlər ki, elə bil öhdəlik götürüblər…

Yerdən kimsə dilləndi:

– Nədənsə bizdə belə mədəniyyətsizlik edənlərin əksəriyyəti elə mədəniyyət xadimləridir. Vallah, o gün iki xalq artistimiz bir-birinə elə hədyanlar yağdırırdılar ki… Adamda onlara qarşı ikrah hissi oyanır.

Həsənağa üzünü mənə tutub bu dəfə belə bir sualla müraciət etdi:

– Hə, qonşu, görəsən bizim oxumuşlarımız niyə belədirlər? İstər elə oxuyanlarımız, istərsə də belə oxuyanlarımız?

Bu suala nə cavab verəcəyimi bilmədim. Odur ki, dinməz-söyləməz oradan uzaqlaşdım.

– Zər, mən ölüm, bir beş qoşa!

– Mənə də yığanlar…

Qvami Məhəbbətoğlu