Bizim “ölçü vahidimiz”

0
515

Deyirəm, nə yaxşı ki, bizdə paxıllıq var e… Yoxsa, batıb gedərdik, heç zəmanə ilə ayaqlaşa bilməzdik. Bir qədər dərindən düşünsək, görərik ki, sən demə, inkişafımız, nə qədər qəribə olsa da, məhz bu andıra qalmamış paxıllıqla bağlıdır. Məsələn, ağsaqqal Əli kişi beşinci mərtəbədə yaşadığı mənzilinin eyvanını bir neçə metr uzatmasaydı, beləcə mənzil şəraitini yaxşılaşdırmaq doqquzunçu mərtəbədə yaşayan Lüt Vəlinin yadına düşməzdi. Sonqulu qəzet açmasaydı, Həsənqulu jurnal buraxmazdı? İsabala partiya yaratmasaydı, Həsənbala yerindən tərpənməzdi. İndi budur, kişi birlik təşkil edib. Xeyli vaxtdir ki, İsabala kimi o da qrant dənizində çimir. Kim nə deyir-desin, bu prosesdə onların bir-birlərinə paxıllıqları mühüm rol oynayıb. Bu mənada, paxıllıq bizim mentalitetimizdə, həyat tərzimizdə katalizator rolunu oynayır desək, yanılmarıq. Mənə elə gəlir ki, belə təkamül prosesi nə ingilisdə var, nə almanda, nə rusda, nə də qeyri-millətlərdə… Heç olmayacaq da…

İnsafən bu sahədə o qədər qabağa getmişik, o qədər təcrübə toplamışıq ki, dünyanın heç bir ölkəsi indən belə dalımızça lap işıq sürəti ilə yüyürsə, bizə çata bilməz. Nöşün ki, paxıllıq tarixən yalnız və yalnız bizim qanımıza, canımıza hopub, sanki boyumuza biçilib. Tarixən deyib bu tarixiliyin üzərindən atüstü keçsəm, yəqin, oxuçular məni oxu atıb yayı gizlətməkdə, yaxud savadsızlıqda günahlandırarlar. Odur ki, bu tənəyə tuş gəlməmək məqsədilə tariximizin lap dərinliyinə baş vurmaq zorundayam. A kişilər, məgər, qardaşları quyuya salladıqları Məlikməmmədin ipini kəsməsəydilər, o özünə gün ağlaya bilərdimi? Əsla yox! Anası paxıllıqdan Göyçək Fatmanın əl-ayağını möhkəmcə bağlayıb təndirə salmasaydı, o, xoşbəxt ola bilərdimi? Əsla yox! Yaxud qardaşları paxıllıqdan Nərbalaya divan tutmasaydılar, o adam olub ortaya çıxa bilərdimi? Əsla yox! Bu misalların sayını artırmaq da olar. Amma buna nə hacət? Arifə bir işarə kifayətdir demişlər, mən isə bir neçəsini söylədim. Təbii ki, bu bir kimsənin arif olmadığına dəlalət etmir. Bəzi ağzıgöyçəklər da deyirlər ki, ay aman, dad paxıllıq əlindən. Balam, niyə onun əlindən əlhəzər qılırsınız? Niyə bunca naşükürlük edirsiniz? Hərdən az qalır ki, belələrinə qarşı lap sivil bir şəkildə öz etiraz səsimi ucaldım. Amma susuram, çinki birdən-birə yadıma düşür ki, görünür, belələrinin mənim ərz etdiyim tarixi hekayətlərdən xəbərləri yoxdur. Onları da qınamıram e… çünki indiyədək bu sahə hələ də elmimizin qaranlıq səhifəsi olaraq qalmaqdadır. Nədənsə kimsə cürət edib bu sahəni tədqiq etməyib. Görünür, bu da elə paxıllıqdan qaynaqlanıb. Mən hələ də ölkə miqyasında bu paxıllığın əbədiləşdirilməməsini anlaya bilmirəm.

Yenə deyirəm, mənim aləmimdə paxıllıq o qədər də pis zad deyil. Sadəcə, o yetərincə dəyərləndirilməyib. Bu mənada, şəxsən mən: “Qıracaq bizi paxıllıq” deyənlərlə də razı deyiləm. Sizi inandırım, əgər biz bu deyilənlərdən nəticə çıxarıb bu şakərimizdən əl çəksək, elə yerimizdəcə sayarıq. Çünki bizim ölçü vahidimiz odur. Bir anlıq təsəvvür edin ki, paxıllığın daşını atmısan, yəni qonşuya baxıb maşınını dəyişmirsən, yaxud mənzilini Avropa standartlarına uyğunlaşdırmırsan. Adama deməzlərmi, alə, nə gündəsən? Yox, deyərlər, deməzlər? Sənə birtəhər baxarlar, baxmazlar? Amma nə yazıq ki, paxıllıq yalnız və yalnız məişət problemlərimizdə özünü büruzə verir. Deyirəm, nə olaydı, bu paxıllığımız həyatımızın digər sahələrində də bizi çulğalayaydı, yəni əhatə dairəsini genişləndirərdi. Onda bilərsinizmi neçə olardı?